İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “ARKA sokakları"nda nə baş verir?

İki xalq artisti Kino Agentliyinə rəhbər təyin olunan Rəşad Əzizovu tanımır; “Əgər məsləhət olunub, o vəzifəyə təyin olunubsa, demək ki...”

Prezident İlham Əliyevin 2022-ci ilin aprelində imzaladığı müvafiq sərəncamla Kino Agentliyi - ARKA yaradıldı. Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili ilə məşğul olacaq publik hüquqi şəxsdir. 

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr, onun iki müavini daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Agentliyin fəaliyyətinə rəhbərliyi baş direktor həyata keçirir. Fərman milli kinematoqrafiyamızın və yayım infrastrukturunun müasirləşdirilməsi üçün geniş imkanlar açıb. Həmin fərmandan sonra ölkəmizin kino təsərrüfatında bir sıra islahat və yeniliklərin həyata keçirilməsinə başlanılıb.

Əməkdar incəsənət xadimi, Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu bir müddət əvvəl nazirin müşaviri təyin edilib. Kino ictimaiyyəti bu görəvin kimə həvalə olunacağı ilə bağlı müxtəlif fikirlər səsləndirirdilər. Xalq artisti Rasim Balayev “Agentlik nazirliyin tabeliyindədir, ona görə də bu vəzifəyə kimin təyin olunacağını yalnız onlar bilir. Biz qarışa bilmirik. Kadr məsələsinə onlar baxırlar. Onlar bizim fikrimizlə oturub-durmurlar ki...” deyib. “Orada kimi görmək istəyərdiniz” sualına isə Xalq artisti belə cavab verib: “Həm kinonu bilsin, həm bu sənətə məhəbbəti olsun, başı çıxsın, obyektiv olsun.. Mən belə adam bilmirəm. Ətrafımda belə adam yoxdur. Burada peşəkarlıq da şərtdir. Amma əsas obyektiv insan, rejissorlar arasında düzgün bölgü apara bilən kadr olmalıdır”.

Nəhayət, necə deyərlər, “arka sokaklardakı” müzakirələrdən sonra ARKA-da təyinat gerçəkləşib. Kino Agentliyinin baş direktoru vəzifəsinə Rəşad Əzizov təyinat alıb.

Rəşad Fikrət oğlu Əzizov 1980-ci ildə Bakı şəhərində dövlət qulluqçusu ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri 160 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib, həmin ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub. 2000-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq bakalavr, 2002-ci ildə isə dövlət hüququ ixtisası üzrə magistr dərəcəsi alıb.

2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Aparatında İnformasiya məsələləri sektorunun müdiri, 2010-2018-ci illərdə isə Avropa ilə inteqrasiya sektorunun müdiri kimi işləyib və ona dövlət qulluğunun baş müşaviri dərəcəsi verilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2018-ci ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin müdiridir. 2007-ci ildə Sankt-Peterburq Dövlət Universitetində “Hüquqi tənzimləmə: informasiya aspekti” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2017-ci ildə isə həmin universitetdə “İnternet şəbəkəsində tənzimləmənin müqayisəli hüquqi təhlili" mövzusunda doktorluq işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 2 kitab (“Elektron hüququn əsasları” rus və Azərbaycan dillərində), 1 monoqrafiya (“İnternet şəbəkəsində tənzimləmənin müqayisəli hüquqi təhlili" rus və Azərbaycan dillərində), Azərbaycan, Rusiya Federasiya, Ukrayna, Litvanın elmi jurnallarında dərc olunmuş 30-dan çox elmi məqalənin müəllifidir.

Həmçinin “Hüquq və internet”, “Hüquqi məsələlər və iqtisadiyyatda innovasiya” mövzusunda bir sıra beynəlxalq elmi konfransların iştirakçısı və məruzəçisi olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (informasiya və elektron hüquq, innovasiya və rəqəmsal inkişaf fənləri üzrə) müəllim kimi çalışıb. 2013-cü ilin oktyabrından “Azərbaycan Şən və Hazırcavablar Klubu”nun rəhbəridir.

2 oğul və 1 qız atasıdır.

Bəs kino xadimləri yeni təyinatı necə dəyərləndirir, hansı gözləntiləri var?

Rasim Balayev Kimdir?1948, filmləri, aldığı mükafatlar.

Rasim Balayev

Xalq artisti Rasim Balayev bununla bağlı “Yeni Müsavat”a açıqlamasında bir daha xatırladıb ki,  təyinata onların qarışmaq səlahiyyəti yoxdur: “Mədəniyyət Nazirliyi özü Rəşad Əzizovu təyin edib. Görünür ki, nazirlik nəyəsə ümid edir ki, Rəşad Əzizovu o vəzifəyə gətirib. Şəxsən mən onu tanımıram. Bilmirəm, görək də, zaman hər şeyi göstərəcək. O ki qaldı kinomuzun indiki vəziyyətinə, çox təəssüf ki, indi yaxşı yazanlar, yəni yaxşı ssenaristlərimiz yoxdur. Yaxşı ssenarilər, rejissorlar olmalıdır. Çox şükür ki, hökumət nə qədər lazımdırsa, kinoya pul ayırır. Amma bu, işin bir tərəfidir. Əsas tərəfi də budur ki, bu maliyyə düzgün istifadə edilib, yaxşı filmlər çəkilsin”.

Şeyx Əbdül Mahmudov: Mədəniyyətimizin bütün sahələrində köklü dəyişikliklər  gözləyirəm - AZƏRTAC

Şeyx Əbdül Mahmudov

Xalq artisti, rejissor-aktyor Şeyx Əbdül Mahmudov da yeni təyin olunan Rəşad Əzizov barəsində məlumatı olmadığını dedi: “Mən Rəşad Əzizovu tanımıram. Amma xoş gəlib, səfa gətirib. Əgər məsləhət olunub, o vəzifəyə təyin olunubsa, demək ki, müəyyən ümidlər var. Yəqin ki, Rəşad Əzizov Bədii Şuranın üzvü olaraq bizimlə görüşəcək və mənim ona ünvanlayacağım çoxsaylı suallarım olacaq. Yalnız onunla üzbəüz danışdıqdan sonra deyə bilərəm ki, bizi yaxşı, yoxsa pis bir vəziyyət gözləyir. Onu indidən söyləyə bilərəm ki, əgər bizə böyük mənəvi dəyərlər yaşadan, kino sahəsində zəngin bir irs qoymuş kino mədəniyyətimizi bərpa edib, onu doğru istiqamətdə inkişaf etdirmək istəyiriksə, ilk növbədə kinonu daxildən bilən, bu sahədə səriştəsi və peşəkarlığı olan şəxslərlə məsləhətləşmək vacibdir. Çox təəssüf ki, hazırda kino sahəsinə rəhbərlik edənlər arasında 40-50 il kinostudiyanın qapısından belə keçməyən, orada aparılan çəkilişlərdən, texnologiyasından, elmi və sənətindən anlayışı olmayan insanlar var. Onlar bu gün kino haqqında fikir bildirir, danışırlar. Bu, doğrudan da gülünc və düşündürücüdür.

Məsələn, Şəfiqə Məmmədova əslində teatr adamıdır, kino mühitinə aidiyyəti azdır. Gedib Teatr Xadimləri İttifaqına rəhbərlik etsə, daha uyğun olar. Sonuncu dəfə 1997-ci ildə kinostudiyanın qapısından içəri daxil olub, artıq 28 ildir ki, kinostudiyanın yolunu tanımır, amma bu gün kino adından çıxış edir. Bu, reallıqla uzlaşmır.

Başqa bir məsələ də odur ki, ümumiyyətlə, bu gün Kino İttifaqı kimə lazımdır? Hesab edirəm ki, bu qurum artıq ləğv edilməlidir. Boş-bekar adamlar ora toplaşıb, nə dedikləri bilinmir. Kinostudiya isə qalıb bir kənarda, heç kim onun real durumu ilə maraqlanmır. Rasim Balayev və Şəfiqə Məmmədova isə sadəcə pafoslu çıxışlar edirlər, amma kinonun taleyi, onun gələcəyi onları, görünür, o qədər də maraqlandırmır".

 Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR