İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın ABŞ-dan gözləntiləri nədir” soruşan sabiq səfirə Bakıdan reaksiyalar

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Bakıdadır və Azərbaycanın Vaşinqtonla yaxınlaşma yollarını axtarır 

Azərbaycanda səfərdə olan Xəzər Siyasət Mərkəzinin proqram rəhbəri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə söhbətində maraqlı məsələlərə toxunub.

“Hazırda bizə maraqlıdır ki, Azərbaycanın Avropada təhlükəsizliyə dair vəziyyətlə bağlı baxışı nədən ibarətdir? Bildiyimiz kimi, Azərbaycan Avropanın vacib tərəfdaşıdır. Biz həmçinin Azərbaycana Türkiyə, Rusiya, İranla vacib qonşuları baxımından nəzər salırıq. Bizə maraqlıdır ki, Azərbaycanın ABŞ-dan gözləntiləri nədir”, - deyə sabiq səfir bildirib...

Səfirin ünvanladığı suallara cavab aldıq.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səfirin sualını belə cavabladı: “Azərbaycan daim öz üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüquqa hörmətlə yanaşır. Eyni zamanda Azərbaycan Avropada təhlükəsizliyin daim hökm sürməsində maraqlı tərəf kimi çıxış edir. ABŞ-ın keçmiş səfiri, cənab Sekutanın da Azərbaycana səfəri zamanı bu məsələlərə toxunması, eyni zamanda ”Azərbaycan ABŞ-dan nə gözləyir?" sualına cavab olaraq birmənalı şəkildə qeyd etmək lazımdır ki, rəsmi Bakı Vaşinqtonla normal əməkdaşlıq münasibətlərinin qorunub saxlanılmasında maraqlıdır. Bu tərəfdaşlıq nəticəsində razılaşdırılmış iqtisadi-siyasi əlaqələrin daha da genişləndirilməsi üçün Azərbaycan daim bu məsələlər ətrafında özünün mövqeyini göstərən hərəkətləri ilə yadda qalır. Amma çox təəssüflər olsun ki, bəzən Azərbaycan Amerikadan gözlədiklərini ala bilmir. Xüsusilə Avropadakı erməni lobbisinin təsiri nəticəsində Amerikanın siyasi dairələrindəki bəzi fərdlər tərəfindən zaman-zaman ölkəmizə qarşı ədalətsiz mövqelər sərgilənir. Heç cür yol vermək olmaz ki, hansısa lobbilərin təsiri dövlətin siyasətinə təsir etsin. Azərbaycanın Amerikadan gözləntiləri yalnız ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi fonunda, eyni zamanda Azərbaycana münasibətdə ABŞ-ın obyektiv və ədalətli mövqe sərgiləməsidir. Özü də bu mövqeyin davamlı şəkildə olmasını arzu edirik.

Çingiz Qənizadə YAP-a üzv

Çingiz Qənizadə

Qarabağda baş verən hadisələr fonunda Birləşmiş Ştatların indiki postmüharibə dövründə mövqeyi yalnız ondan ibarət ola bilər ki, bu bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsində ABŞ öz töhfəsini versin. Elə ayın 15-də ABŞ-ın dövlət katibi Entoni Blinkenin cənab Prezidentə zəngi və telefon əlaqələri zamanı da bu məsələlərə toxunulib. Amma çox istərdik ki, bu məsələlər sözdə deyil, əməli işdə olsun. Amerika 30 ilə yaxın ATƏT Minsk Qrupunun həmsədrlərindən biri olub və üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Heç olmasa, bundan sonra Minsk Qrupu çərçivəsində deyil, Birləşmiş Ştatlar olaraq Qarabağda sülhün bərqərar olması, Azərbaycan-Ermənistan münasibətlərində sərhədlərin delimitasiya və demarkasiya edilməsində, sülh sazişinin imzalanmasında haqqın yanında olmalarını və ədalətli mövqe sərgiləmələrini istəyirik. Bizim Amerikadan gözləntilərimiz yalnız bundan ibarət ola bilər".

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

 Natiq Cəfərli 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli gözləntilərin kifayət qədər şəffaf olmasına toxundu: “Əslində Azərbaycanın Amerikadan, ümumiyyətlə, Qərb dövlətlərindən gözləntisi bir neçə tezislərlə dəfələrlə ifadə olunub. Əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına hərtərəfli köməklik göstərməsidir. Yəni bu prosesin uzadılması deyil, sərhədlərin dəqiqləşdirilməsi, ərazi bütövlüyünün tanınması, bölgədə normal vəziyyətin yaradılması vacibdir. Ümumiyyətlə, Azərbaycan ərazilərində separatçılığın kökünün birdəfəlik qazılması, separatçılıq meyllərinin arxa plana atılması ilə bağlı Qərbdən müəyyən dəstəyin gəlməsi gözləntiləri var. Bundan başqa, Azərbaycan Türkiyə ilə çox sıx əməkdaşlıq edir, həm hərbi, həm də iqtisadi anlamda. Hərbi anlamda əməkdaşlığın bir qolu da təbii ki, Türkiyənin NATO ölkəsi olmasıdır. Bundan çıxış edərək, NATO-nun digər dövlətləri, o cümlədən Qərb ölkələri, Amerika ilə bu sahədə də əməkdaşlığın davam etdirilməsi mühüm amillərdən biridir. Digər tərəfdən, Avropa Birliyi ilə Azərbaycan arasında yeni sazişin imzalanmasında Qərb ölkələrinin, həmçinin Amerikanın siyasi dəstək göstərməsi gözləntisi var. Təbii ki, bu proseslər Azərbaycanın təhlükəsizliyi, özünü müdafiə etməsi, bölgədə sülhün təminatında rolumuzun artırılması ilə paralel getməlidir. Mənə elə gəlir ki, gözləntilər kifayət qədər şəffafdır. Amma həm Azərbaycanın, həm bölgəmizin, həm də dünyanın maraqlarına uyğundur”.

Məhəmməd Əsədullazadə: "Ölkədə narkotika istehsal edilir, yoxsa belə ucuz  qiymətə satılmazdı"

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “Robert Sekuta çox yaxşı bilir ki, Azərbaycan regionda balanslı siyasət həyata keçirir. Hazırkı Rusiyanın Ukraynaya hücumu və Avropanın təhlükəsizlik arxitekturasının zədələnməsi təbii ki, Azərbaycanı da narahat edir. Avropanın təhlükəsizliyi Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də bu məsələdə Azərbaycanın mövqeyi bəllidir. Sərhədlərin dəyişməməsi və təhlükəsizlik ön plandadır. Rusiyanın Ukraynaya hücumuna Azərbaycanın açıq şəkildə etiraz etməməsini sətiraltı mesajla verir. Azərbaycanın məhz Ukraynanı humanitar yardım, yanacaqla təmin etməsi göstərir ki, Azərbaycan Avropanın təhlükəsizliyində maraqlıdır və bunu isbat da edir. ABŞ-dan gözləntilərə gəldikdə isə düşünürəm ki, Azərbaycan bu istiqamətdə ABŞ-dan tam dəstək almır. Qarabağ müharibəsində ABŞ neytral qaldı. Amerika enerji təhlükəsizliyində Azərbaycana dəstək verir. Bu, digər istiqamətlərdə də verə bilər. Kəşfiyyat, kibertəhlükəsizlik və s. buna ABŞ-ın imkanları var”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR