Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanda follikul donoru alveri açıq bazardır. Nə qanundan çəkinirlər, nə də məsuliyyətdən. İnsanlar nəyi, kimi satdıqlarının fərqində deyillər”.
Musavat.com xəbər verir ki, bu fikirləri sosioloq Lalə Mehralı deyib.
Sosioloq illər öncə baş vermiş qandonduran hadisədən danışıb:
“Məktəbi bitirən kimi qızı ərə veriblər. Evləndikdən sonra övladı olmurmuş. Qaynanası onu hər ay “müalicə” adı ilə xəstəxanaya aparırmış. Sən demə, həmin qadın gəlininin follikullarını xəbərsiz şəkildə satırmış. 10-15 dəqiqəlik yatırdıblar, elə bilirmiş sonsuzluğa görə müalicə ediblər. Onu inandırıblar ki, problem ondadır, uşaq ona görə olmur.
10-15 il əvvəl 18 yaşında olan, uzaq bir kənddən şəhərə gəlin köçmüş bir qız haradan biləydi ki, onun yumurtalıqlarını oğurlayırlar? Follikul nədir, heç bilmirmiş də...”
Lalə Mehralı bildirir ki, bu “müalicə” illərlə davam edib, qızda ağır hormonal fəsadlar yaranana qədər:
“Follikul yetişdirmək üçün o qədər hormon iynələri vurublar ki, qarnında, kürəyində qalın qara tüklər çıxmağa başlayıb, çənəsində, üzündə saqqal əmələ gəlib. Qonşuluqda yaşayan bir qadın ona bu iynələrin səbəb olduğunu deyib və getməməyi tövsiyə edib.
Sonralar qadın ərindən zorakılıq səbəbilə ayrılıb. Keçmiş əri isə yenidən evlənib, amma yenə övladı olmayıb. O zaman anlayıb ki, əslində, sonsuz olan o deyilmiş”.
Lalə Mehralı ölkədə bu məsələ ilə bağlı qanuni çərçivənin də qeyri-müəyyən olduğunu vurğulayıb:
“Azərbaycanda follikul və sperm donorluğu ilə bağlı ayrıca qanun yoxdur.
'İnsan orqan və toxumalarının donorluğu haqqında' qanunda göstərilir ki, insan orqanlarının və toxumalarının alğı-satqısı yolverilməzdir.
Ödəniş müqabilində hər hansı genetik materialın (o cümlədən follikulun) verilməsi qanunsuz sayılır və cinayət məsuliyyəti yarada bilər. Qanun yalnız bir dəfə və yalnız könüllü şəkildə follikul və sperma donorluğuna icazə verir”.
Sosioloq bu məsələnin Milli Məclisdə gündəmə gətirilməli olduğunu bildirib:
“Bu problem ciddi şəkildə parlamentdə müzakirəyə çıxarılmalıdır. Lakin bu günədək bu vəziyyətdən narahat olan yalnız bir deputatın — Fazil Mustafanın — adını mətbuatda görmüşəm.
Başqa heç bir deputatın bu haqda nə açıqlamasına, nə çıxışına, nə də rəyinə rast gəlmişəm.
Digər tərəfdə isə kişilər və qadınlar öz yumurta və hüceyrələrini, yəni uşaqlarını 700-800 manata satırlar!”
Xalidə Gəray
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ