İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qadınların vəziyyəti: beynəlxalq hesabata Bakıdan reaksiyalar

Dünya Bankı 190 ölkədə qadınların iqtisadi imkanları, bu sahədə gender bərabərliyinə nə dərəcədə əməl olunması, qanunların qadınlara hansı həddə hüquqlar verməsinə dair illik hesabatını açıqlayıb. 2023-cü il martın 2-də açıqlanan “Qadın, biznes, qanunlar” adlı hesabat 2022-ci ildəki vəziyyəti əks etdirir. Novator.az xəbər verir ki, təhlillər əsasında Dünya Bankı 100 ballıq sistemlə ölkələrin reytinqini də tərtib edib.

Reytinq cədvəlinin başında 14 ölkə durur: Almaniya, Belçika, Danimarka, Fransa, İspaniya, Yunanıstan, Latviya, Lüksemburq, Portuqaliya, İsveç, Niderland, İslandiya, İrlandiya, Kanada.

Dünya Bankının rəyinə görə, hər biri 100 bal toplamış bu ölkələrdə qadınlarla kişilərə bərabər iqtisadi imkanlar yaradılıb, gender bərabərliyinə əməl olunub, qanunvericilikdə qadınlara kişilərlə eyni hüquqlar verib.

Azərbaycanın 78,8 bal qazandığı reytinq cədvəlində postsovet məkanından ən yüksək balı Gürcüstan toplayıb: 88,1. Rusiya 73,1 bal alıb. İran 31,3 balla hətta Əfqanıstandan da aşağı yer tutub. Əfqanıstanın balı 31,9-dur.

Operativ Qərargahın SON BRİFİNQİ: “Boş və mənasız açıqlamalar heç kimə  lazım deyil” – Lalə Mehralı

Lalə Mehralı: “Qadınlarımız hələ də iş mühitində sıxışdırılır, biznes imkanı əlindən alınır, ayrı-seçkiliyə məruz qalırlar”

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı “Yeni Müsavat”a danışıb: “Məncə, bizim ölkəmizdə qadınlara iddia etdiyimiz qədər də öncəlik verilmir. Doğrudur, əhəmiyyətli postlarda qadın vəzifəlilər var, lakin bu nisbət ölkənin qadın əhalisinin əhəmiyyətli faizi qədər deyil. Dövlət və özəl sektorda təmsil olunan qadınlardan əlavə sadə vətəndaşların iqtisadi imkanları o qədər də yüksək faizlə xarakterizə edilmir. İş qurmaq istəyən, sərbəst gəlir əldə etmək istəyən çox sayda qadın var. Dövlət bunun üçün məşğulluq siyasəti həyata keçirir, amma gəlin görək nə qədər qadın yararlana bilir bu fürsətdən? Süni bürokratik əngəl, yorucu prosedur, natamam avadanlıq - hər fürsətdə maneə, problem.

Hər zaman qeyd edirəm ki, əslində bizim ölkədə sənədlərdə olan imtiyazlarından istifadə edə bilsələr qadınlar çox rahat həyat yaşayarlar, lakin sənəddə olanlar reallığa ötürülmür. İş mühitində sıxışdırılırlar, biznes imkanı əllərindən alınır, mental ayrı-seçkiliyə məruz qalırlar".

Lalə Mehralı qeyd edib ki,  qadın və kişi sözdə bərabərhüquqlu ola bilər, amma əməldə bərabər deyillər: “Qadın həyat yoldaşıdır, uşaqların anasıdır, evin aşbazıdır, müəllimidir, həkimidir - hər şey onun öhdəsindədir. Bütün bunlarla bərabər qadın iş qurur, işə gedir, ailəyə dəstək olur. Əgər inkişaf etmiş cəmiyyətdən danışırıqsa, qadın və kişilərin inkişaf imkanlarının bərabərliyini təmin etmək şərtdir, iş mühitində özünü təsdiqləməsi üçün süni əngəllər yaradılmasa, əslində qadın enerjisi hər şeyə kifayət edir”.

Novella Cəfəroğlu: “Xarici qrantlarla ev, kostyum alırlar” - Reportyor

Novella Cəfəroğlu: “Azərbaycanda gender bərabərliyi pozulur, məsələn, ölkədə qadın nazir yoxdur”

 

Qadın hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Avropanın keçirdiyi bu cür hesabatlara o qədər də önəm vermədiyini dedi: “Buna baxmayaraq, qeyd edə bilərəm ki, Azərbaycanda gender bərabərliyi o qədər də yaxşı vəziyyətdə deyil. Qeyd edim ki, bir qədər öncə Baş Prokurorluq tanınmış ictimai qadınları bir araya gətirərək, onları 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik etdi, xoş sözlər dedi. Başa düşürsən ki, ölkəmizdə ali düşüncəli baş prokuror vəzifəyə gətirilib. O, qadınlara çox böyük dəyər verir. Bunun ona əsaslanıb deyirəm ki, baş prokuror Kamran Əliyev gələndən neçə-neçə qadın prokuror, şöbə müdiri vəzifəsinə gətirilib. İnanıram ki, baş prokurorun qadınlara bu cür dəyər verməsi davamlı olacaq. Hesab edirəm ki, bütün vəzifədə olan məmurlarımız qadınlara bu cür dəyər verərsə, cəmiyyətimizdə qadına olan münasibət müsbət mənada dəyişəcək. Faktiki olaraq ölkədə yüksək vəzifələrdə çalışan qadınlarımız barmaq sayı qədərdir. Məsələn, ölkəmizdə qadın nazir yoxdur. Həmçinin bələdiyyələrdə qadınlar çoxdur, amma sədrlərin hamısı kişilərdir. Amma tutaq ki, xüsusən də bölgələrdə qadınlar bələdiyyə sədri seçilsə, işin səviyyəsi daha yüksək olar. Çünki kəndlərdə, rayonlarda daha çox qadınlar bilir ki, problemlər nədən ibarətdir. Ümumiyyətlə, hər bir işdə qadın öndə, qabaqda olmalıdır. Məsələn, hesab edirəm ki, ölkədə nazirlərin yarısı qadınlar olmalıdır. Çünki qadın öz evində necə ki, hər şeyi qaydasına salır, problem ortaya çıxanda hər kəsi sakitləşdirir, eləcə də vəzifəsində bu cür çalışacaq. Bir sözlə, qadnlara dəyər verilməlidir, çünki qadın böyük gücdür. Hüseyn Cavid demiş, "Bəşəriyyət qadınla  yüksələcək"". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR