Onlayn ictimai-siyasi qəzet
Araşdırmalara görə, ölkəmizdə bu cür zorakılıq hallarının baş verməsinin müxtəlif əsasları var
Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb. Bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb. Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub.
Araşdırmalara görə, ölkəmizdə bu cür zorakılıq hallarının baş verməsinin müxtəlif əsasları var
Zorakılıqla bağlı müraciətlərin 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib. Vurğulanıb ki, onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib: “Bundan başqa, 137 evli, 140 subay, 53 boşanmış şəxsin Dövlət Komitəsinə müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir”.
Statistika onu göstərir ki, kişilərin son dövrlər zorakılığa məruz qalmaları barədə müraciətləri çoxalıb. Məsələn, 2023-cü ildə 38 nəfər kişi ailədə məişət zorakılığına məruz qalması ilə bağlı aidiyyəti quruma müraciət etmişdi. Ümumiyətlə isə, son illərdə bütün dünyada kişilərə qarşı zorakılığın artan bir tendensiya göstərməsi, xüsusilə diqqət çəkir. BMT-nin araşdırmalarına əsasən, ailədaxili və məişət zorakılığında kişilərin qurban rolu get-gedə daha çox nəzərə çarpır. Zorakılığın bir neçə forması mövcuddur, bunlar arasında fiziki, psixi, iqtisadi və cinsi zorakılıq önə çıxır. Araşdırmalar göstərir ki, dünya üzrə kişilər, əvvəlki illərə nisbətən, daha çox qadın zorakılığına məruz qalır. Məsələn, ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına qarşı qadın tərəfindən döyülən 8 kişi düşür. Həmçinin, qadınların ərləri ilə mübahisə zamanı daha çox bıçağa əl atdığı və öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.
Rusiyada və ABŞ-da, hazırda həyat yoldaşını öldürən 100 kişiyə qarşı 75 qadın ərini öldürür. Ekspertlər, gələcəkdə bu nisbətin bərabərləşəcəyini proqnozlaşdırırlar. Böyük Britaniyada 2018-ci ildə keçirilən bir sorğuda, iştirakçıların 38%-i qadın və 24%-i kişi tərəf-müqabilinə fiziki şiddət tətbiq etdiklərini etiraf edib. Statistikaya görə, Keniyada, 40 milyon əhalisi olan ölkədə, 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalır. Burada qadınlar, ərlərini aldadır, ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.
Bir çox ölkələrdə artıq kişilərin hüquqlarını müdafiə edən komitələr və sığınacaqlar mövcuddur. Məsələn, Türkiyə, İsveçrə, ABŞ, Almaniya, Kanada və Niderland kimi ölkələrdə zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Kişilərə qarşı zorakılığın artma səbəbləri arasında isə, mütəxəssislər koronavirus pandemiyasının ardından sosial-iqtisadi və psixoloji gərginliklərin artdığını və bunun da daha çox aqressiyaya səbəb olduğunu qeyd edirlər. Bu gərginliklər, ailələrdə fiziki təzyiqlərin artmasına və bəzi kişilərin bu zorakılığın qurbanı olmasına yol açır. Bəs Azərbaycanda kişilər əsasən nə zaman zorakılığa məruz qalır?
Araşdırmalar göstərir ki, ölkəmizdə kişilər, müxtəlif səbəblərlə zorakılığa məruz qalır. Mütəxəssislər məişət zorakılığının əsasən kişilərin ailə həyatlarında müəyyən çatışmazlıqlar yaşaması ilə əlaqəli olduğunu bildirirlər. Ən çox rast gəlinən hallardan biri, kişinin ailə vəzifələrini yerinə yetirməməsi, evə qazanc gətirməməsi və buna görə də həyat yoldaşının narazılığına səbəb olmasıdır. Bu vəziyyət, qadının maddi və emosional ehtiyaclarının qarşılanmaması ilə nəticələnə bilər və zorakılıqla sonlanır. Eyni zamanda, qayınana və qayınatanın ailə həyatına müdaxiləsi, cütlüyün münasibətlərində gərginlik yarada bilər. Tərəflər arasında anlaşılmazlıq, qarşılıqlı hörmətin olmaması və yola getməmə də zorakılığa səbəb olan digər mühüm faktorlar sırasındadır. Bütün bu halların fonunda, əksər hallarda zorakılıq meydana çıxır və nəticədə boşanmalara qədər gedib çıxır.
Zorakılıq yalnız fiziki güc tətbiqi ilə məhdudlaşmır, həm də psixoloji zorakılıq formalarını alır. Araşdırmalar göstərir ki, xanımından psixoloji və ya emosional zorakılığa məruz qalan kişilər, çox vaxt uşaqlıqda və ya gənclikdə psixoloji problemlər yaşamış insanlardır. Onların öz hisslərini və ağrılarını ifadə etməkdə çətinlik çəkmələri, zamanla bu cür zorakılıqlara məruz qalma riskini artırır. Xüsusən, Azərbaycan mentalitetində kişilər ənənəvi olaraq öz duyğularını gizlətməyə çalışır, zəif olmamağa, ağrıları və sıxıntıları bir kənara qoymağa üstünlük verirlər. Bu, onların psixoloji vəziyyətinin pisləşməsinə səbəb olur və daha sonra onların emosional yükünü artıraraq zorakılığa məruz qalmasına səbəb ola bilər.
Bəzən yaşlı kişilər də özlərini müdafiə edə bilmədikləri üçün daha gənc ailə üzvləri, hətta həyat yoldaşları və nəvələri tərəfindən fiziki zorakılığa məruz qalırlar. Yaşlıların zəif olması və enerjilərinin tükənməsi, onların bu vəziyyətlərə qarşı daha az müqavimət göstərə bilməsinə səbəb olur. Bu hallarda, yaşlı kişilərin təhqir və zorakılığa uğraması daha çox psixoloji təsirlər yaradır, çünki onlar bu vəziyyətdə özlərini təcrid edilmiş və tənha hiss edirlər. Son nəticədə, ölkəmizdə kişilərə qarşı zorakılığın müxtəlif səbəbləri olsa da, ümumilikdə, ailədaxili münasibətlərin zəifliyi, maddi və emosional problemlər və sosial psixoloji faktorlar bu zorakılığa təkan verən əsas amillərdir. Kişilər, xüsusən də Azərbaycan cəmiyyətində, öz duyğularını və psixoloji problemlərini gizlədərək daha çox bu cür zorakılığa məruz qalır və bu, onların şəxsi və sosial həyatlarında ciddi nəticələrə yol aça bilər.
Yazını hazırladı: Xalidə GƏRAY
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ