Onlayn ictimai-siyasi qəzet
Bu il yekunlaşmaq üzrədir. İlin sonunda pensiya və əməkhaqlarında artım gözləniləndir. İqtisadçıların fikrincə, növbəti il üçün minimum əməkhaqqı 400 manat ola bilər. Bir neçə ay öncə mübahisələndirilən saat hesabı əmək haqqına keçid məsələsi ilə bağlı isə məlumat hələki yoxdur.
Mövzu ilə Referans.az-a danışan iqtisadçı - ekspert Natiq Cəfərli deyib ki, hazırda Azərbaycanda orta əmək haqqının artım tempi təxminən 6-7 faiz arasıdır:
"Bu baxımından məsələyə yanaşsaq, yəqin ki, yenidən formalaşan Parlamentin noyabr ayında büdcə zərfinə baxması üçün müddət başlanacaq. Dekabrda 2025- ci illə bağlı yeni büdcə qəbul olunacaq. Büdcənin tərkibində minimum əməkhaqqının artması ilə bağlı qərar verilə bilər. Əmək haqlarında 10 faiz civarında artım gözləniləndir. Maraqlı detal bundan ibarətdir ki, bəzi mətbuat orqanlarında gedən yazılarda və deputatların açıqlamalarında bildirilirdi ki, saat hesabı minimum əmək haqqına keçid baş verə bilər. Bununla bağlı rəsmi mövqe, açıqlama görmədik. Ancaq mediada yazıların getməsinə şahid olduq".
İqtisadçı hesab edir ki, əgər minimum əməkhaqqından saat hesabı əməkhaqqına keçid baş verəcəksə, yeni qanun layihəsinə ehtiyac yaranacaq və "aylıq hesablanan minimum əmək" haqqı sözlərinin bütün qanunvericilik aktlarından çıxarılmasına ehtiyac yaranacaq: "Onlarla qanunda dəyişikliyə ehtiyac var. Bütün bunları yanvar ayınadək çatdırıb edə biləcəklərmi, bilmirəm. Yanvar ayınadək bu məsələlər həllini tapmalıdır ki, yeni qaydalar işə düşsün. Amma, ən azı bununla bağlı müzakirələr var. Çox ehtimal ki, indiki sistem qalsa, minimum əmək haqqı hazırda 345 manatdır, 35 manatadək artım gözələnilir ki, bu da 380 manat edir".
"Hazırda ölkədə normativ hüquqi aktlara görə 8 saatlıq iş rejimi tətbiq edilir. Hətta, 5 günlük iş hissəsini hesablasaq, indiki 345 manatı saat hesabına böləndə, saata təqribən 1 manat 80 qəpik düşmür. Bu çox aşağı göstəricidir. Ciddi artım olmalıdır ki, insanların büdcəsinə təsir eləsin. Tənzimlənmə mexanizmi çox dəqiq olmalıdır. Bəlkə də bizim xəbərimiz yoxdur, artıq bununla bağlı çoxdan işləyiblər, hər şey hazırdır, qəflətən bu sistemə keçid alacağıq. Söz- söhbət varsa, çox güman ki, bu sistemə keçid baş verəcək. Bizdə bir problem də bundan ibarətdir ki, əmək bazarında dövlət sektoru üstünlük təşkil edir. Onların işləmə qaydası necə hesablanacaq? Bu əmək haqqı bazarında yeni dəyişlikliklər tələb edir. Ona görə də yeni sistem köklü dəyişikliklərə səbəb olmalıdır", - deyə müsahib sözlərinə əlavə edib.
Ekspert bildirir ki, aylıq əmək haqqında indiki sistem qalsa, qanunvericilikdən digər məsələ də çıxarılmalıdır. Bu VÖEN -lə çalışan insanların əldə etdiyi əmək haqqı ilə bağlıdır: "Bizdə VÖEN -lə çalışan 800 minə yaxın insan var. Əmək haqqı artan kimi, onların vergi yükü avtomatik olaraq artır. Bu doğru deyil. Qanunvericlikdə bu dəyişikıik də əksini tapmalıdır ki, VÖEN -lə çalışanlarda bu böyük problem yaratmasın".
Natiq Cəfərli sonda qeyd edib ki, yanvar ayından minimum əməkhaqqının hansı formada olacağı bilinməsə də artmın olması dəqiqdir, Təqaüdlərlə bağlı artım isə Prezidentin verdiyi qərar və ya fərmandan asılı olacaq. Təqaüdlərin artımının da 8- 10 faiz artım gözləniləndir.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ