İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda korrupsiyanın kökünü kəsməyin Sinqapur modeli - mümkünmü?

Maliyyəçi-professordan ilginc təklif: idarəetməni tam rəqəmsallaşdırmaq...

Azərbaycanda səs-küylü məmur həbsləri davam edir. Son olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub. Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər. Həbslərdən sonra Komitənin sədri Səfər Mehdiyev vəzifəsindən azad olunub.

Gömrük sistemi Azərbaycanda korrupsiyanın inkişafı baxımından həmişə pis mənada seçilən sahədir. Bu baxımdan, oradakı həbslərin motivinin korrupsiya cinayətləri olmasını heç kim təəccüblə qarşılamır. Lakin maraqlıdır ki, son illərdə ən müxtəlif dövlət orqanlarında həyata keçirilən gurultulu həbslərin də motivi korrupsiyadır. Adi rayon icra hakimiyyəti başçısından tutmuş, Mədəniyyət, Xarici İşlər, Müdafiə və digər nazirliklərin yüksək vəzifəli məmurlarına qədər, həbs olunan hər kəsin azı on milyonlarla manatlıq mənimsəmə, korrupsiya cinayəti üzə çıxır. Artıq 4 ildən çoxdur ki, Azərbaycan belə həbslərlə vaxtaşırı silkələnir, ictimaiyyət geniş müzakirələr açır, cəmiyyətdə dövlət aparatında korrupsiyanın azalacağına dair gözləntilər formalaşır. Lakin üstündən bir neçə ay keçmiş başqa vəzifəlilər həbs edilir, aydın olur ki, dövlət qurumlarında korrupsiyanın səviyyəsində hər hansı azalma baş verməyib, məmurlarda hansısa qorxu hissi yaranmayıb.

Bir çox mütəxəssislər bu vəziyyətdən çıxış yolu kimi, Azərbaycanda Sinqapur təcrübəsinin tətbiqini təklif edirlər: orada korrupsiyaya yol verən dövlət məmurlarına ən ağır cəza sistemi tətbiq olunmaqla, korrupsiyanın səviyyəsi minimuma endirilib. Ölkədə minlərlə məmur həbsə atılıb, ömürlük dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilib. Bu, Sinqapur iqtisadiyyatında böyük sıçrayışa səbəb olmaqla ölkənin keçdiyi yolun dünyada korrupsiyaya qarşı ən uğurlu mübarizə təcrübəsi kimi qəbul edilməsinə gətirib çıxarıb.

Azərbaycanda bu təcrübənin tətbiqi mümkündürmü? Hansı yollarla dövlət sektorundakı yüksək korrupsiyanı aradan qaldırmaq, məmurları dövlət vəsaitlərini mənimsəmək istəyindən çəkindirmək olar?

 

Saleh Məmmədov təhsildə dəyişiklikdən yazdı – Nədən başlamalı?

Saleh Məmmədov

Sualları cavablandıran maliyyəçi-alim, sabiq maliyyə naziri Saleh Məmmədovun dediyinə görə, Azərbaycanda korrupsiyanın yüksək təşəkkül tapmasının tarixi kökü var: “Azərbaycan uzun müddət iki istismar altında olub: ərəb-fars işğalı, ardınca da rus-kommunist işğalı. Bu rejimlərin hər ikisi korrupsiyanı, rüşvətxorluğu stimullaşdıran, ona şərait yaradan rejimlər olub. Deyə bilərsiniz ki, biz kommunist rejimindən uzaqlaşalı 30 ildir. Doğrudur, biz o rejimdən qurtulmuşuq, lakin beyinlər, psixologiyalar hələ də o rejimin təsiri altındadır. Ona görə də məmurlar, vəzifə sahibləri dövlət vəsaitinə oğurluq, mənimsəmə mənbəyi kimi baxırlar. Dövlət mənafeyini deyil, öz şəxsi mənafelərini düşünürlər. Buna görə də aparılan mübarizə effekt vermir, həbslər azadlıqda qalan məmurları korrupsiyaya yol verməkdən çəkindirmir”.

S.Məmmədovun sözlərinə görə, sovet dövründə korrupsiyanın qarşısını almaq üçün ciddi mexanizmlər tətbiq olunsa da, rejimin mahiyyəti insanları korrupsiyalaşmağa məcbur edirdi: “Dünyada hesab olunur ki, korrupsiya probleminin kökündə dayanan əsas amillərdən biri qanunverici bazada korrupsiyaya qarşı mexanizmlərin dəqiq, yozula bilməyən olmamasıdır. Yəni qanunverici baza elədir ki, onu istədiyin yönə əyə bilirsən. Bu da imkan verir ki, məmurlar korrupsiya əməllərini reallaşdıra bilsinlər. Digər mühüm bir səbəb təhsilsizlik səviyyəsinin yüksək olmasıdır. Söhbət universitet bitirməkdən deyil, real olaraq təhsilli olmaqdan gedir. Buna görə də təhsil, elm və intellektual səviyyənin aşağı olduğu bütün ölkələrdə korrupsiya səviyyəsi yüksək olur. Mən belə bir korelyasiya əlaqəsi müşahidə etmişəm: korrupsiya indeksi və intellektual inkişaf indeksi. İkinci çoxaldıqca, korrupsiyanın səviyyəsi aşağı düşür, korrupsiya ilə mübarizə indeksi artır. İntellektual səviyyə indeksi nə qədər azdırsa, korrupsiya indeksi bir o qədər yüksəkdir”.

Azərbaycana gəlincə, professor bildirir ki, ölkəmizdə intellektual səviyyə yüksək deyil: “Nə qədər acı da olsa, sovet dağılandan sonra da bizdə təhsil, intellektual səviyyə xeyli aşağı düşüb. Normal intellektual səviyyə 90 indeks hesab olunur. Ondan yüksək olan Yaponiyada intellektual inkişaf indeksi 106,5, Tayvanda 106,47, Sinqapurda 105,89-dur. Yəni ilk altılıqda hamısı buddist ölkələrdir. Ondan sonra gələnlər də xristian ölkələrdir. Bu ölkələrin hamısı həm də korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrdir. Müsəlman ölkələrində isə əsasən intellektual səviyyə indeksi aşağı, korrupsiya indeksi isə yüksəkdir. Bu ölkələrdə qanunvericilik düzgün qurulmayıb, korrupsiya yüksək inkişaf edib. Sovet rejiminin mənfi xüsusiyyətlərindən biri də bu idi ki, məmur sayı həddindən artıq çox idi. İndi də Azərbaycanda məmur sayı lazım olandan xeyli çoxdur. Məmur çoxluğu isə korrupsiyaya yol açan amillərdən biridir. Çox məmur çox baryer deməkdir. Baryer çoxluğu onlardan yan keçmək istəyini çoxaldır, bu da korrupsiya səviyyəsini artırır. Bütün bunların qarşısını almaq üçün ilk növbədə qanunverici baza dəyişməli, müddəalarda yozum imkanı qoyulmamalı, hər bir proses tam dəqiq ifadə edilməlidir.

Digər mühüm bir məsələ təhsil səviyyəsinin yüksəldilməsidir. Çox ciddi şəkildə təhsildə keyfiyyətin təmin olunmasına ehtiyac var. Biz səhiyyədə, təhsildə, elmdə sovet dövründəkindən xeyli geri getmişik. Azərbaycanda elm xərcləri 1985-ci illə müqayisədə mütləq ifadədə 2 dəfə azalıb. Aşağı təhsil, elm səviyyəsi korrupsiyanı çiçəkləndirən amildir. Ağıllı, təhsilli müəllimlərin, elm adamlarının korrupsiyaya yol verdiyini çox nadirən, məcbur qalaraq görmək olar. Amma cahil, nadan adam harada olsa özünü büruzə verir.

Açıq etiraf etmək lazımdır ki, Azərbaycanın vəziyyəti korrupsiyanın inkişafı baxımından çox pisdir. Hətta ətraf ölkələrdən də qat-qat pis yerdəyik. Bu vəziyyəti necə aradan qaldırmaq olar? Desəm ki, Sinqapurdakı kimi korrupsiyaya görə ölüm hökmü tətbiq edək, bu, çıxış yolu olmayacaq. Çünki beyinlərdə, şüurda korrupsiya çox dərinə kök edib, özü də kütləvi olaraq. Əbülfəz Elçibəy hökumətinin üzvləri korrupsiyadan uzaq idilər, təmiz işləyirdilər, lakin bu hökumət cəmi 1 il davam gətirə bildi. İndi də heç bir həbs insanları korrupsiyadan çəkindirmir. Digər tərəfdən, o vaxtla indiki dövr bir deyil: Sinqapurda korrupsiyanı aradan qaldırmaq üçün diktatura qurulmuşdu. Hətta dövlət rəhbərinin ən yaxın dostuna belə güzəşt edilmədi: edam olunacağını bildiyi üçün özünü asdı. İndi onu olduğu kimi Azərbaycanda tətbiq etmək bəlkə də mümkün olmaz".

Maliyyəçi alim hesab edir ki, Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün yeganə yol təhsil, elm səviyyəsini yüksəltmək, bir də rəqəmsallaşmadan, süni intellektdən istifadəni genişləndirməkdir: “Rəqəmsallaşdırma üçün təhsilin, elmin səviyyəsinin yüksəldilməsi qaçılmaz şərtdir. Dövlət idarəetmə aparatında bütün pillələrdə qərarverməni rəqəmsallaşdırmaq lazımdır. Dövlət başçısı uzun müddətdir idarəetmədə rəqəmsallaşdırma səviyyəsini artırmağa çalışır. Lakin hələlik əldə olunan nailiyyətlər cüzidir. Süni intellekt vasitəsilə idarəetmə sistemi bilirsiniz nədir: bütün idarəemtənin insandan alınıb süni intellektin əlinə verilməsidir. Bu sistemdə hər bir qərar, hər bir qayda, qanun süni intellekt vasitəsilə toplanır, yığılır və idarə olunur.

Bu sistemin nə verəcəyini təxmin etmək üçün vergi orqanlarında baş verən dəyişikliklərə baxmaq lazımdır. Vaxtilə vergi orqanları korrupsiyanın ən yüksək təşəkkül tapdığı sahələrdən biri idi. Bu sahədə süni intellektin cüzi tətbiqi nəticəsində korrupsiyalaşma səviyyəsi minimuma enib, hətta mən deyərdim ki, Azərbaycanın ən təmiz dövlət orqanına çevrilib. Heç kim tətbiq olunan sistemə etiraz edə bilmir, çünki insan amili böyük ölçüdə prosesdən kənarda saxlanır, onu süni intellekt  tənzimləyir.

Mənim hesablamalarıma görə, süni intellektlə idarəetmə tətbiq olunarsa, Azərbaycanı korrupsiya səviyyəsinə görə Sinqapurdan da irəli çıxartmaq mümkündür. Çünki bu sistem yalnız qanun tanıyır, heç kimin mövqeyinə uyğunlaşmır. Bu sistem ölkənin sıçrayışlı inkişafını təmin edəcək. Baxın, korrupsiya ən çox harada baş verir: bank sistemi, hüquq-mühafizə orqanları, iqtisadi idarəetmə orqanları. Bu sahələrdə idarəetmədə insan təmasını sıfırlamaqla məmurların da korrupsiyaya meylini öldürmək mümkündür.

Məsələn, bütün maliyyə, alqı-satqı əməliyyatları rəqəmsal həllər vasitəsilə onlayn həyata keçirilərsə, nağd əməliyyat  mümkünsüz olar. Bu zaman 5 min manat maaş alan məmurun 5  milyon manatlıq əmlak əldə etməsi dərhal sistemə qeydiyyata düşəcək. Bu isə onun bütün ölkəyə məlum olmasına gətirib çıxaracaq. Yəni heç bir məmur nağd rüşvət ala bilməyəcək, elektron əməliyyatlar isə tam uçota alınacaq. Belədə hansı məmur cəsarət edib korrupsiyaya yol verə bilər? Təbii ki, heç kim buna risk etməyəcək. Rəqəmsal idarəetmə həm də iqtisadiyyatın sürətli inkişafını təmin edəcək. Lakin rəqəmsallaşma ağır, müəyyən vaxt və təxminən 10 milyard dollar investisiya qoyuluşu tələb edən prosesdir. Lakin bu yatırım tezliklə özünü artıqlaması ilə doğruldacaq: ölkə iqtisadiyyatına azı 100 milyard dollarlıq investisiya imkanı formalaşacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR