Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirliklərinə məxsus ADNOC Logistics and Services (neft şirkəti ADNOC-un bölməsi) maye qaz daşıyan tanker parkını genişləndirir.
Musavat.com şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, Cənubi Koreyanın gəmi istehsalçıları Samsung Heavy Industries və Hanwha Ocean ilə yeni mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcılarının tikintisi üçün imzalanan müqavilələr ADNOC L&S-nin LNG daşıyıcıları parkını 14-dən ən azı 22-yə qədər artırmasına imkan yaradacaq.
Şirkətdən verilən məlumata görə, müqavilələrin dəyəri 2,5 milyard dollar təşkil edir. İki Cənubi Koreya şirkətinin hər biri ADNOC L&S üçün dörd gəmi inşa etməli olacaq və hərəyə daha bir tankerin inşası ehtimalı da nəzərdə tutulur. LNG daşıyıcılarının 2028-ci ildən tədarük ediləcəyi gözlənilir, bundan sonra onlar ADNOC Group-un törəmə şirkətləri tərəfindən 20 il müddətinə icarəyə götürüləcək.
Sifariş verilən qaz daşıyıcılarının hər birinin tutumu 174 min kubmetr olacaq. O, MEGA və XDF2.2 mühərrikləri ilə təchiz olunacaq ki, bu da yanacağa əhəmiyyətli qənaət və ən aşağı emissiyanı təmin edəcək. Gəmilər daşınma zamanı LNG-nin buxarlanmasını azaldan yük kondisioner sistemi kimi qabaqcıl texnologiyalarla təchiz ediləcək.
Bir ay əvvəl ADNOC L&S müxtəlif təyinatlı 32 müasir tankerə sahib olan Navig8 tanker operatorunu aldığını elan edib.
Beynəlxalq Qaz İttifaqının son hesabatına görə, qlobal LNG tanker parkı 2024-cü ilin fevral ayının sonunda 701 aktiv gəmidən, o cümlədən 47 üzən reqazifikasiya qurğusu və 10 üzən anbar qurğusundan ibarət olub.
ADNOC bir vaxtlar Yaxın Şərqdə ilk LNG ixracatçısı idi. Şirkət Abu Dabi sahillərindəki Das adasında yerləşən zavodda ildə təxminən 6 milyon ton LNG istehsal edir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ