İnsanlara hürriyət, millətlərə istiqlal!

Adana və Mersin AZAL-la daha yaxın: jurnalistlər tarixin izində

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 10–13 iyul tarixlərində Milli Mətbuatın 150 illiyi münasibətilə Türkiyənin Adana və Mersin şəhərlərinə media-tur təşkil edib.

Musavat.com xəbər verir ki, bu xüsusi səfər çərçivəsində media nümayəndələri təkcə müasir Türkiyənin deyil, eyni zamanda qədim Roma, Səlcuq və Osmanlı dövrlərinin izlərini daşıyan nadir memarlıq abidələri ilə tanışlıq imkanı əldə ediblər.

Jurnalistlər səfərin ikinci günü ilk olaraq Mersinin Silifke rayonunda yerləşən Taş Köprünü ziyarət ediblər. Bu körpü Roma imperiyası dövründə, eramızın 77–78-ci illərində Kilikya valisi L. Oktavius Memor tərəfindən imperator Vespasianus və onun oğulları Titus ilə Domitianusun şərəfinə inşa etdirilib. Tarixi mənbələrə görə, o zamanlar 7 gözlü olan bu körpü sonrakı təmir və dəyişikliklər nəticəsində günümüzə 5 gözlü şəkildə gəlib çatıb. Ən böyük təmir işləri 1875-ci ildə Osmanlı dövründə Silifke Mutasarrıfı Mehmet Ali Paşa tərəfindən həyata keçirilib.

WhatsApp Image 2025-07-13 at 01.56.14 (1).jpeg (215 KB)

Bu mühəndislik əsəri zaman-zaman 1922 və 1972-ci illərdə də təmir olunaraq qorunub saxlanılıb. Hazırda yalnız körpünün təməl hissələri orijinaldır, yuxarıdakı tikili hissələr isə sonrakı dövrlərdə yenilənib. Göksu çayının üzərində inşa olunan Taş Köprü bu gün də Silifkənin simvollarından biri hesab olunur və şəhərin tarixi kimliyini daşıyan ən mühüm abidələrdəndir.

WhatsApp Image 2025-07-13 at 01.56.42.jpeg (141 KB)

Media-tur iştirakçıları daha sonra Osmanlı memarlığının möhtəşəm nümunəsi olan Tarsus Ulu Cami ilə tanış olublar. Bu monumental məscid Ramazanoğulları dövründə, 1579-cu ildə İbrahim bəy tərəfindən inşa etdirilib. Tikilinin daxili və xarici görünüşündə zəngin dekorativ elementlər – Kütahya çiniləri, rumi və hatai motivləri xüsusi diqqət çəkir. Məscidin minbəri və mihrabı əl işləri ilə hazırlanıb və alçı ilə işlənmişdir. 2000 nəfərlik ibadət zalına malik olan bu məscid təkcə dini ibadət üçün deyil, eyni zamanda mədəni tədbirlər və maarifləndirmə baxımından da istifadə olunur. İki minarəli və hər minarəsində iki şərəfəsi olan Ulu Cami Tarsusun dini və tarixi simvoluna çevrilmiş abidədir.

Turun növbəti dayanacağı isə Adananın mərkəzində, Ulucami məscidinin yaxınlığında yerləşən Büyük Saat Kulesi olub. Bu möhtəşəm saat qülləsinin tikintisinə 1881-ci ildə dönəmin valisi Ziya Paşa tərəfindən başlanılıb və 1882-ci ildə Abidin Paşa tərəfindən tamamlanıb. Qüllənin hündürlüyü 32 metrdir və bu göstərici onu Türkiyənin ən hündür saat qülləsi statusuna yüksəldib. Dörd tərəfli saat sisteminə malik bu qüllənin baş hissəsində böyük bir zəng yerləşdirilib və bu zəng saatın hər saatbaşında səslənir. 1998-ci ildə Adanada baş vermiş güclü zəlzələ zamanı belə qüllə ciddi zədələnməyib – bu da onun tikintisi zamanı istifadə olunan yüksək dayanıqlı materiallarla bağlıdır. 2013-cü ildə Almaniyadan gətirilmiş yeni saat mexanizmi ilə qüllə yenidən fəaliyyətə başlayıb və bu gün Adananın ən çox ziyarət olunan memarlıq nümunələrindən biridir.
AZAL-ın təşkil etdiyi bu media-tur yalnız mətbuat nümayəndələrinin bölgə ilə tanışlığı deyil, həm də Azərbaycanla Türkiyə arasında strateji münasibətlərin, xüsusilə də hava nəqliyyatı və turizm sahəsində əməkdaşlığın inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır.

WhatsApp Image 2025-07-13 at 01.56.15.jpeg (212 KB)

Qeyd edək ki, AZAL 15 iyun tarixindən etibarən Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən Çukurova Beynəlxalq Hava Limanına müntəzəm reyslər həyata keçirməyə başlayıb. Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri təşkil olunur. Bu reyslər sərnişinlərə Adana və Mersin kimi böyük şəhərlərə, həmçinin bu bölgələrdə yerləşən tarixi və turistik məkanlara daha rahat və sürətli səyahət imkanı yaradır. Yeni marşrutun açılması iki qardaş ölkə arasında iqtisadi, turizm və mədəni sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.
AZAL-ın bu təşəbbüsü həm mətbuatın inkişafına, həm də iki xalqın ortaq tarixi yaddaşının qorunmasına və tanıdılmasına xidmət edir. Jurnalistlər üçün təşkil olunmuş bu səfər bir daha sübut etdi ki, səyahət yalnız fiziki məsafələrin deyil, eyni zamanda tarix, mədəniyyət və dostluq körpülərinin də qət edilməsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR