Onlayn ictimai-siyasi qəzet
Rusiyadan ölkəyə göndərilən pullar ümumi köçürmələrin yarıdan çoxunu təşkil edir
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 317.9 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 87.4 milyon manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin yanvar-fevral aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2 faiz və ya 144.5 milyon manat, banklardan xaricə köçürmələr isə 29.6 faiz və ya 36.7 milyon manat azalıb. Xatırladaq ki, ötən ilin ilk 2 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 462.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 124.1 milyon manat təşkil edib.
Qeyd edək ki, Azərbaycana banklar vasitəsilə pul köçürmələri ötən il də azalıb. Belə ki, rəsmi statistikaya əsasən 2023-cü il ərzində pul köçürmə sistemləri ilə banklara ümumilikdə 2 milyard 468 milyon manat daxil olub, banklardan kənara isə 616,4 milyon manat köçürülüb. 2022-ci ildə bu məbləğlər müvafiq olaraq 5 milyard 798,6 milyon manat və 1 milyard 4,4 milyon manat təşkil etmişdi. Beləliklə, ötən il pul köçürmə sistemləri üzrə banklara daxil olan vəsait 3 milyard 330,6 milyon manat, banklardan kənara köçürülən vəsait isə 388 milyon manat azalıb. Bu isə o deməkdir ki, illik müqayisədə Azərbaycana pul köçürmələri 57.4 faiz, ölkədən xaricə köçürmələr isə 38.6 faiz azalıb.
Ötən il pul köçürmə sistemləri ilə banklara daxil olan bir ödənişin orta hesabla məbləği 526,6 manata düşüb. 2022-ci ildə orta məbləğ 915,9 manat idi.
Mərkəzi Bankın digər statistikasına əsasən 2023-cü ildə xaricdən fiziki şəxslər tərəfindən ölkəyə göndərilən pul baratlarının həcmi 54.3 faiz azalaraq 1.7 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 17.2 faiz azalaraq 0.6 milyard dollar olub.
Qeyd edək ki, Azərbaycana xaricdən pul köçürmələrdə ən böyük pay bir qayda olaraq, Rusiyaya məxsus olur. Bu ölkədə yaşayıb-işləyən soydaşlarımızın sayı digər bütün ölkələrdəkilərin birgə sayından daha çoxdur. Buna görə də adətən Rusiyadan köçürülən pullar ümumi köçürmələrin yarıdan çoxunu təşkil edir. Məsələn, ötən il xaricdən köçürülən pulların 63,3 faizini - 1 milyard 47 milyon 523 min dollarını Rusiyadan köçürmələr təşkil edib. 2022-ci ildə Rusiyadan pul köçürmələrin həcmi 2 milyard 969 milyon 440 min dollar olmuşdu. Bu isə o deməkdir ki, köçürmələr illik ifadədə 2,8 dəfə azalıb.
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələri əvvəlki ildəki 122,1 milyon dollardan 164,3 milyon dollara yüksəlib. ABŞ-dan köçürmələr isə 155.3 milyon dollardan 73,8 milyon dollara qədər azalıb. Qalan ölkələrdən köçürmələrdə cüzi artıb-azalmalar qeydə alınıb.
Beləliklə, aydın görünür ki, Azərbaycana xaricdən pul köçürmələrindəki azalmanın kökündə Rusiyadan köçürmələrin azalması dayanır.
Rusiya rəsmi statistikasına əsasən, 2023-cü ilin sonunda fiziki şəxslər tərəfindən ölkədən xarici valyuta köçürmələrinin həcmi 2022-ci ilin nəticələri ilə müqayisədə təxminən iki dəfə azalaraq 27,8 milyard dollara düşüb. Bu zaman postsovet ölkələrindən yalnız Ermənistana köçürmələrdə artım qeydə alınıb, qalan bütün ölkələr üzrə azalma müşahidə olunub.
Yuxarıda da qeyd etdik ki, Rusiyadan pul köçürmələri Azərbaycana ümumi köçürmələrin yarıdan çoxunu təşkil edir. Bunun əsas səbəbi isə ora işləməyə gedənlərin sayının çox olmasıdır. Bəzi mənbələr son 30 ildə Rusiyaya işləməyə gedib orada qalanların sayının 2 milyon nəfərə yaxın olduğunu deyirlər.
Rusiyada əmək haqqının yüksək olması bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycandan da insanların ora qazanc dalınca axışmasını təmin edir. Rusiyanın açıqladığı statistikaya görə, 2022-ci ildə Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi olaraq əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb.
Bir çox soydaşlarımız əmək miqrantı kimi ödəniş ödəməmək üçün Rusiya vətəndaşlığı alırlar. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb.
Rusiyadan pul köçürmələrinin azalmasının əsas səbəblərindən biri kimi bu ölkəyə iş dalınca gedənlərin azalması göstərilir. Rusiya Daxili İşlər Nazirliyinin statistikasına görə, 2023-cü ilin birinci yarısında ümumilikdə 3,5 milyona yaxın insan işləmək üçün ölkəyə daxil olub. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövründə Rusiyaya 5,8 milyona yaxın xarici vətəndaş gəlib ki, bu da miqrant axınının 40 faiz azaldığını göstərir.
Ötən ilin birinci yarısında MDB ölkələrindən Rusiyaya daxil olan immiqrantların sayı 17,1 faiz azalıb. Ən çox azalmanın olduğu ölkələr arasında Azərbaycan Ukrayna (-51 faiz), Belarusdan (-37 faiz) sonra 26 faizlə üçüncü yerdə gəlir. Həmin dövrdə Rusiyadan Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı isə 10,5 min nəfər təşkil edib.
Rusiya DİN Miqrasiya üzrə Baş İdarəsinin dərc etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında olduğu yer üzrə qeydiyyata alınan azərbaycanlı miqrantların sayı 153 min nəfər olub. Daha 36 min nəfər isə yaşayış yeri üzrə qeydiyyata alınıb.
Rusiya DİN-in məlumatından aydın olur ki, 2023-cü ilin yanvar-iyun aylarında Rusiyada vətəndaşlıq hüququ alan azərbaycanlıların sayı 12,6 min nəfər olub.
Lakin nəzərə alsaq ki, Rusiyaya iş üçün gedənlərin çoxu iş yeri tapıb ailəsinə pul göndərmək imkanını ən azı 1 ildən sonra əldə edirlər, o zaman 2023-cü ildəki nəticənin ortaya çıxmasında Rusiyaya gedən əmək miqrantlarının azalmasının rol oynamadığını deyə bilərik. 2022-ci ildə gedənlərin sayında qeydə alınan artım normalda 2023-cü ildə Rusiyadan göndərilən pul baratlarının həcmini artırmalıydı. Bunun baş verməməsinin əsas səbəbi kimi Rusiyalı ekspertlər texniki çətinlikləri göstərirlər. Ötən il, eləcə də bu ilin ötən dövründə Rusiya bankları ilə əməliyyatlar texniki baxımdan xeyli çətinləşib: əksər MDB ölkələrində Qərbin, xüsusilə də ABŞ-ın ikincili sanksiyalarına məruz qalmamaq üçün banklar Rusiyaya köçürmələri maksimum məhdudlaşdırırlar.
Formal olaraq, sadalanan MDB ölkələrinin heç biri Qərbin sanksiya rejimlərinə əməl etməyə borclu deyil, lakin maliyyə institutlarının Amerika bankları ilə sıx əlaqəsi və onlara qarşı sanksiyaların riskləri səbəbindən ABŞ kimi Qərb yurisdiksiyalarının məhdudiyyətlərinə əməl etməyə məcbur olurlar.
Rusiyadan pul köçürmələrinin azalmasının bir səbəbi də sanksiyalara rəğmən ölkə iqtisadiyyatında ciddi təlatümlərin olmamasıdır: 2022-ci ildə sanksiyalar axını başlayanda orada yaşayan soydaşlarımız qorxuya düşərək yığım etdikləri vəsaitləri vətənə köçürüb, burada məyyən yatırımlara yönəltməyə çalışırdılar. Lakin 2022-ci ilin sonlarına doğru ajiotaj səngidi.
Hər bir halda, Azərbaycanın bir sıra bölgələri üçün Rusiyadan pul göndərişlərinin azalması kifayət qədər mənfi təsirə malikdir. Dövlət Statistika Komitəsinin xaricdən göndərilən pul baratları daxilolmalar üzrə apardığı hesablamalar göstərir ki, 2022-ci ildə Qazax-Tovuz rayonu bu pulların həcminə görə birinci yerdə olub. Belə ki, son bir ildə Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinləri Rusiyadan adambaşına orta hesabla 13 manat pul alıblar. Yəni bu ərazidə yaşayan hər bir şəxsə il ərzində Rusiya Federasiyasından orta hesabla 156 manat pul göndərilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm cəmi 8 manat 10 qəpik olub. Beləliklə, 60 faizdən çox artım var.
Lənkəran-Astara rayonu adambaşına orta pul köçürmələrinin ən çox olduğu ikinci iqtisadi rayondur. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlıya köçürülən aylıq pullar hər sakinə orta hesabla 12 manat 10 qəpik təşkil edib. Maraqlıdır ki, 2021-ci ildə bu rəqəm daha çox olub - 13 manat 10 qəpik.
Üçüncü yeri hər ay orta hesabla adambaşına 12 manat (2021-ci ildə bu rəqəm 8 manat 50 qəpik) daxil olan Gəncə-Daşkəsən bölgəsi tutur. Ən az “xarici” pullar Mil-Muğan iqtisadi rayonunun sakinlərinin payına düşüb. Bu rayon əhalisinin gəlirlərində pul köçürmələrinin xüsusi çəkisi cəmi 0,5 faiz təşkil edib.
Eyni göstərici üzrə ikinci ən aşağı nəticə Sumqayıt şəhərinin də daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada xaricdən pul köçürmələri əhalinin gəlirlərinin cəmi 0,6 faizini təşkil edib.
Son olaraq qeyd edək ki, Rusiya xaricilərin ölkə ərazisində qalma və işləmə şərtlərini kəskin şəkildə ağırlaşdırır. Baxmayaraq ki, ölkə iqtisadiyyatında işçi çatışmazlığı 5 milyon nəfər hesablanır, Rusiya hakimiyyəti xaricdən gələnləri iş icazəsi deyil, vətəndaşlıq almağa sövq etməkdə israrlıdır. Bunun isə səbəbi aydındır: vətəndaşlıq alan xaricilər qısa müddətdən sonra Ukraynadakı müharibəyə cəlb olunurlar...
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ