İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb?

Ekspertlər ilginc səbəblər açıqladı

Yay aylarında da Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında azalma tendensiyası davam edib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik qeydə alınır. Yəni avropalıların sayı artıb, ərəb turistlərin səfərləri  azalıb. Bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub.

Qeyd edək ki, son zamanlar ölkədə ərəb turistlərin sayının azalması açıq şəkildə müşahidə olunur. Əgər bundan əvvəlki illərdə şəhər mərkəzlərində, kafe və restoranlarda hər addımbaşı ərəb turistləri ilə rastlaşırdıqsa, indi bu nisbət xeyli səngiyib.

Bəs səbəb nədir?

Manat avroya nisbətən dəyər itirməkdədir – Vüqar Bayramov ABC.AZ

Vüqar Bayramov 

İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib ki, ərəb turistlərin sayının azalması alternativ turist bazarlarına marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir: “Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitənin "getmə turizm"ə istəyinin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağının artması müşahidə olunur.

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər".

AZƏRTAC

Ceyhun Aşırov

Turizm eksperti Ceyhun Aşırov isə “Yeni Müsavat”a açıqlamasında mövzunu bu cür şərh edib: “Mən düşünmürəm ki, Azərbaycandakı qiymətlər ərəb turistləri üçün bahalıdır. Əksinə, düşünürəm ki, digər ölkələrə nisbətən Azərbaycan daha uyğun qiymətlər təklif edir.

Doğrudur, quru sərhədlər bağlıdır, ölkəyə yalnız hava nəqliyyatı ilə gəlmək mümkündür, hava nəqliyyatı qiymətləri hələ də endirimli deyil, amma buna baxmayaraq, Azərbaycan  məkanında ucuz hava daşıyıcıları var və onların sayının artırılması strategiyası götürülüb. Həftədə bir neçə dəfə ucuz hava daşıyıcıları ilə xüsusən də Şərqi Avropa, Avropa ölkələrindən uçuşlar həyata keçirilir.

Məlum olduğu kimi, dünyadakı hər iki turistdən biri Avropaya səfər edirdi. İndi də ötən illərdən fərqli olaraq artıq ölkələrdə pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb, vizalar verilir. Buna görə də Körfəz ölkələrindən Azərbaycana səfər edən turistlər indi daha çox digər alternativ ölkələrə üz tuturlar.

Bu, normal haldır. Azərbaycan da turizm məkanı kimi hər zaman çalışmalıdır ki, ölkəyə əlçatanlığı, istirahət qiymətlərini daha uyğun hala gətirsin ki, qlobal turistlər  də məhz istirahət, səyahət üçün Azərbaycanı seçsinlər.

Bunun fonunda deyə bilərik ki, ölkəyə gələn Şərqi Avropa turistlərinin sayı artıb. Statistikadan da görmək olur ki, ötən illərlə müqayisədə bu ölkələrdən Azərbaycana gələn turistlərin sayında 35 faiz artım var. Bu o deməkdir ki, baxmayaraq ərəb turistlərin sayı azalsa da, ümumi olaraq ölkəyə gələn turistlərin sayının artdığı müşahidə olunur.

Həmçinin turizmlə bağlı Uzaq Şərq ölkələri, o cümlədən Çinlə müəyyən danışıqlar aparılır, gələcəkdə Çindən böyük turist qruplarının gələcəyi gözlənilir.

Bir daha qeyd edirəm ki, ölkəyə gələn ərəb turistlərin sayının azalmasının səbəbi qiymət deyil, sadəcə, dünyada turizm bölgələrində məhdudiyyətlərin aradan qaldırılması, qapılarını turistlərin üzünə açmasıdır.

Eyni zamanda onu da müşahidə edəcəyik ki, Azərbaycandan Avropaya, Şərqi Avropaya səyahət edənlərin sayı artacaq. Ötən illərdə xarici ölkələrə gedən Azərbaycan turistlərinin sayı az idi.  Belə ki, əgər pandemiyadan əvvəl 5 milyon Azərbaycan vətəndaşı xaricə səfərlər etmişdisə, 2021-ci ildə bu rəqəmin 1,5 milyon olduğunu gördük. Amma bu il daha çox, ötən ildən 2 dəfə çox Azərbaycan vətəndaşları xaricə səfər edəcək. Səfər edəcəkləri ölkələr isə Türkiyə və Gürcüstandan başqa Şərqi Avropa ölkələri olacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR