Onlayn ictimai-siyasi qəzet
Musavat.com İran mediasına istinadla xəbər verir ki, İran və Azərbaycan arasında keçirilən birgə hərbi təlimlərlə bağlı İran mediası və dövlət adamları pozitiv yazılar, mesajlar paylaşır. Xəbər verdiyimiz kimi, təlimlər İranın Ərdəbil vilayətində, Aslandüz sərhəd bölgəsində başlayıb və “Araz Təlimləri” adını daşıyır.
İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu hərbi təlimləri iki ölkə arasındakı qarşılıqlı etimadın artmasının göstəricisi kimi qiymətləndirib. SEPAH-a bağlı Telegram kanallarının yaydıqları məlumatlarda o, təlimlərin regionun tarixində dönüş nöqtəsi olduğunu qeyd edib və vurğulayıb ki, bu cür təşəbbüslər həssas bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət daşıyır.
Təlimlər İranın İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları ilə Azərbaycanın Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin iştirakı ilə həyata keçirilir. Bir neçə gün davam edəcək manevrlər mürəkkəb dağlıq ərazilərdə təşkil olunub və hər iki ölkənin hərbi qüvvələrinin əməkdaşlıq səviyyəsinin artırılmasına xidmət edir.
“Aslandüz” adlanan bu tarixi əhəmiyyətli bölgədə keçirilən təlimlər İran mediasında regionun hərbi balansında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Tehran rəsmiləri qeyd edirlər ki, İran və Azərbaycanın bu təşəbbüsü regional təhlükəsizlik və əməkdaşlıq baxımından mühüm mesaj xarakteri daşıyır.
Azərbaycan mediası bu mövzuda xüsusi və intensiv paylaşımlara üstünlük vermir.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ