Onlayn ictimai-siyasi qəzet
Erməni toplumu “bu bizim quldurdur, ona görə başqa xalqa qarşı nə edibsə düz edib” xəstə təfəkküründən əl çəkməyincə, ölkə boyu terrorçulara ucaltdığı abidələri sökməyincə nicat tapa bilməyəcək. Təəssüf ki, “Dəmir yumruq” da hayları lazımınca ağıllandırmayıb. Görünür əlavə “müalicə kursu”na ehtiyac olacaq. Keçək mətləbə.
Müxalif Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan (sədri sabiq prezident Levon Ter-Petrosyandır) iddia edib ki, Paşinyan hakimiyyəti “artsax”ın keçmiş liderlərini, o cümlədən Ruben Vardanyanı taleyin ümidinə buraxıb (Hazırda hamısı Bakıda təcridaxanadadırlar). Zurabyana görə, rəsmi İrəvan xüsusən də Vardanyana münasibətdə əxlaqsız mövqe sərgiləyir, Bakı qarşısında heç bir tələb qaldırmır. “Bu alçaqlıqdır, əxlaqsızsızlıqdır”, - əxlaq polisi obrazına girən müxalifətçi söyləyib.
Anormallıq deyilmi? Hansı mənəviyyatdan danışır bu zat? Terrorçu-cinayətkarların həbsi haçandan antibəşəri əməl, mənəviyyatsızlıq sayılır? Zurabyanın ağzından çıxanı qulağı eşidirmi? Hələ guya Ter-Petrosyanın partiyası Azərbaycan və Türkiyəyə münasibətdə ən praqmatik, ən loyal mövqedə dayanır. Hanı bəs? Məgər iki xalqın barışığının əsas şərtlərindən bir kimi, onların arasında düşmənçiliyi dərinləşdirmiş, günahsız insanların qanını tökmüş cinayətkarlar cəzalanmamaldıır? O zaman bu nə yaxacırma, nə mərəkədir belə?
Deyəsən Ermənistanın ən anlaqlı, ən ağıllı ermənisi elə Paşinyandır. Hərgah, ilanın ağına da lənət, qarasına da. Bizi heç o da qane eləmir, ən azı ona görə ki, tez-tez “etnik təmizləmə” deyib sayıqlayır. Əlbəttə ki, müstəsna olaraq, kollektiv Qərbə güvənərək, reveranslar edərək...
Söz düşmüşkən, Qərbin yalançı insan haqları təşkilatları, həmçinin Avropa Parlamebnti və Avropa Şurası Bakıda saxlanılan erməni separatçı-terrorçu elementləri necə vaxtdır utanmazcasına siyasi məhbus kimi qələmə verməyə çalışır, Bakını onları “qeyd-şərtsiz” (sırtıqlığın dərəcəsinə bax!) azad eləməyə çağırır. Ancaq nədənsə Krım, Abxaziya, Cənubi Osetiya, Donbas, Moldova (Dnestryanı) separatçılara gələndə dərhal valı Bakı dəyişir, bambaşqa hava çalırlar.
Səbəb bəsitdən də bəsit: çünki Azərbaycan bir müsəlman ölkəsi, Türk yurdu. Bununla hər şey deyilib. Görə-görə gəlmirikmi? Barmağımızın beşini də bala batırıb ağızlarına soxsaq, deyəcəklər acıdır. Ən ideal demokratik rejim də bərqərar eləsək, yenə əleyhimizə nəsə tapacaqlar. Bunun əksini düşünənlər ya burnundan uzağı görməyən, milli kökdən qopmuş siyasətbazlardır, ya da sadəlövhlər və Qərb qrantı ilə bəslənən satqınlar.
Yeri gəlmişkən, özünü “demokratiya beşiyi” hesab edən ABŞ yeganə dövlətdir ki, 30 illik erməni işğalı dövründə Qarabağdakı xunta rejiminə hər il dövlət səviyyəsində (!) maliyyə yardımı ayırıb, ərazisi yağmalanan Azərbaycana isə “907-ci düzəliş”i (maliyyə yasağı) tətbiq edib. Amerika ədaləti! Buna hətta heç Rusiya, Fransa da getməyib. Və erməni separatizmini dövlət səviyyəsində maliyyələşdirən Vaşinqton guya qərəzsiz vasitəçi kimi, heç nə olmayıbmış kimi, on illərlə ATƏT-in Minsk Qrupunun həmsədri olub.
Qısası, bu bir insan haqqı, demokratiya davası deyil təbii ki. Qərb, özəlliklə Birləşmiş Ştatlar çoxdan bu alətdən onun diktəsi altına keçmək istəməyən dövlətlərə, ələlxüsus qeyri-xristian ölkələrə qarşı təzyiq aləti qismində istifadə edir. Qardaş Türkiyəni də 50 ildən çoxdur eyni səbəbdən Avropa Birliyinin qapısı ağzında gözlədirlər.
Bu xüsusda Qərbin iç üzünü açan daha bir ilginc fakt. Görün Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks “X” sosial şəbəkəsində nə yazıb. Sitat: “Ermənistan Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarından yan keçməyə kömək edir. Bunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Aİ ölkələrindən Ermənistana məhsul ixracının kəskin artması sübut edir. İşğaldan sonra Aİ-nin Ermənistana ixracı 200% artıb. Bu mallar Rusiyaya gedir və Putinə kömək edir”.
Amma neçə vaxtdır Ermənistanı qoyub Türkiyənin üstünə düşüblər, qardaş ölkəni hətta sanksiya ilə hədələyirlər. “İkili satandart”ların buynuzu zadı olmur ki...
Qayıdaq Bakıda “fəxri istirahət”də olan, əli Azərbaycan xalqının qanına batmış erməni cani-banditərə. Heç şübhəsiz, onların hamısı layiqli cəzalarını alacaq. “İt hürər karvan keçər”. Məşhur bir kəlamdakı kimi, kənardan hər hürən itə görə durub dayansaq, mənzil başına çata bilmərik.
Qaldı mənəviyyat məsələsinə, doğrudan da kimdə nə çatmır, ondan daha çox söz edir. Odur ki, murdar xislətli qonşular bu nağılları özününkülərə, bir də Avropa və Amerikadakı vicdanını çoxdan itirmiş havadarlarına danışsınlar...
Siyasət şöbəsi,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ