Onlayn ictimai-siyasi qəzet
Atəşkəsdən sonra hərbçilərimizin Türkiyə əsgərləri ilə birgə sülhə xidməti təklif olunur - fərqli rəylər
“Rusiya ilə münasibətlərimiz gərginləşdiyi üçün belə təkliflər edilir. Amma Azərbaycanın Ukraynaya sata biləcəyi silahlar da o qədər çox deyil. Fikrimcə, siyasi dəstəyimiz və humanitar yardımlar yetərlidir”.
Bunu Demokrat.az-a AĞ Partiya başqanı Tural Abbaslı deyib. O bildirib ki, Azərbaycan bu münaqişədə tərəfsiz qalmalıdır.
Siyasi şərhçi Rəfail Becanov isə deyib ki, Azərbaycan Ukraynaya humanitar yardım göstərir, Rusiya isə illərlə Ermənistana əvəzsiz olaraq böyük həcmdə silah-sursat bağışlayıb. Onun fikrincə, bu təxribatlar Azərbaycanı müstəqil siyasi-iqtisadi xətdən döndərə bilməz, həmçinin də Rusiyanın etibarsız tərəfdaş olmasını bir daha təsdiqləyən arqumentlərdir.
Tural Abbaslı
Yada salaq ki, Azərbaycandan Ukraynaya gedən humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.
Rusiya isə ötən il Ermənistana yeni silahlar göndərib. Düzdür, son illər Ermənistan Hindistan, Yunanıstan, Fransa kimi ölkələrdən silah əldə edir, amma Rusiyadan da silah dayanmayıb. Ən əsası isə işğal dövründə və sonrakı illərdə Rusiya Ermənistana silahı ya pulsuz verib, ya da aşağı faizli kreditlə.
Eyni zamanda, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb.
Yeri gəlmişkən, təhlükəsizlik zəmanəti ilə bağlı bir sıra versiyalar irəli sürülüb. Bunlardan biri də NATO hərbçilərinin sülhməramlı qüvvələr kimi Ukraynaya göndərilməsidir. NATO sülhməramlı göndərərsə, heç şübhəsiz ki, bura Türkiyə hərbçiləri də qoşulacaq. Azərbaycan indiyə kimi Kosovo, İraq və Əfqanıstan kimi ölkələrdə Türkiyə ilə birgə sülhməramlı fəaliyyət göstərib.
Deputat Rasim Musabəyov Modern.az-a bildirib ki, Ukraynaya Türkiyə ilə birgə Azərbaycan hərbçiləri də yollana bilər.
Bu mümkündürmü? Bəs yuxarıda sadalanan iki faktın hansı daha təhlükəlidir - işğala məruz qalan ölkəyə elektrik kabelləri göndərmək, yoxsa işğalçıya silah vermək? Moskva Bakının humanitar yardımından niyə narahatdır? Bu, Rusiyanın hərbi əməliyyatlarına nə kimi əngəl törədir?
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hər zaman terrorizmə qarşı mübarizə aparıb: “Hərbçilərimiz 23 ildir ki, Əfqanıstanda, Kosovada, İraqda və başqa narahat nöqtələrdə NATO-nun sülhməramlı kontingentinin tərkibində fəaliyyət göstərib. Eyni zamanda, onilliklər boyu bu sahədə böyük təcrübə toplayıb. Əgər Rusiya və Ukrayna arasında sülh və ya atəşkəs sənədi imzalamaq mümkün olarsa, NATO bitərəf alyans kimi orada sülhyaratma tədbirləri üçün hərəkətə keçərsə, o zaman biz də bu qurumun tərkibində Ukraynada dayanıqlı sülhün əldə olunması üçün təcrübələrimizi töhfə kimi verə bilərik. Düşünürəm ki, bu istiqamətdə Azərbaycan hərbçilərinin hər cür potensialı mövcuddur. Bundan başqa, biz Rusiyadan fərqli olaraq işğalçını yox, işğala məruz qalanı dəstəkləyir, onun yanında dayanırıq. Son 30 il ərzində Kreml işğalçı İrəvana dəstək verdi. Onu hər cür müasir silah və sursatla təmin etdi. Nəticədə həmin silahlar 44 günlük Vətən müharibəsindən və 23 saatlıq anti-terror əməliyyatlarından sonra Azərbaycanın nəzarətinə keçdi. Düşünürəm ki, əgər zərurət yaranarsa, biz erməni terrorçularından qənimət kimi götürdüyümüz Rusiya istehsalı olan silahları Ukraynadakı hərbçilər üçün göndərə bilərik. İndiki halda Azərbaycan Ukraynaya humanitar yardımlar edir. Düşünürəm ki, bu yardımlar Ukrayna ordusu üçün yox, Ukrayna xalqı üçündür. Üstəlik, Rusiya tərəfinin hərbi əməliyyatları baxımdan hər hansı bir problem yaratmır. Rusiya artıq dünyada təklənib. İndi yanında yalnız Belarus var. Çin, Hindistan və İran da Kremlin istədiyi dəstəyi zamanında göstərə bilmir. Yəni gendən dolanırlar. Əgər müharibə bir qədər də uzanarsa, o zaman şimal qonşumuz Ukrayna cəbhəsində daha pis duruma düşəcək. Baş verən hadisələr fonunda ruslar Ukraynadan heyfini mülki obyektlərə zərbələr endirməklə çıxmağa çalışır. Bu, müharibə cinayətidir. Azərbaycan isə hər zamankı kimi öz humanitar missiyasını yerinə yetirməkdədir. Bu xoşməramlı missiya Rusiyanı narahat etməməlidir”.
Rövşən Məhərrəmov
Polkovnik Rövşən Məhərrəmov isə istənilən halda Azərbaycan tərəfinin bu savaşda tərəfsiz qalmasını daha vacib sayır: “Bilirsiniz ki, son zamanlar Azərbaycanla Rusiya arasında bir gərginlik yaranıb. Əlbəttə, bu gərginlik də Kreml tərəfindən yaradılıb. Məlum təyyarə olayı ilə münasibətlərdə soyuqluq yarandı. Amma istənilən halda Rusiya qonşuluğumuzda yerləşən böyük dövlətdir. Etibarsızdır, heç bir qanuna məhəl qoymur. Düşünürəm ki, Azərbaycan Rusiya-Ukrayna savaşında tərəfsiz olmalıdır. Biz ağır savaşdan çıxmışıq. Artıq sülh sazişi mərhələsindəyik. Minsk qrupu artıq tarixə yuvarlanmaq üzrədir. Düzdür, Bakı Kiyevə humanitar yardımlar edir ki, bu da normal bir haldır. Ukraynanın ən ağır günlərində istənilən bir yardıma böyük ehtiyacı var. Lakin Azərbaycanın Ukraynaya hər hansı bir silahlar satması heç bir halda inandırıcı deyil. Sadəcə, bəzi populistlər belə fikirlər irəli sürməklə Rusiyaya mövzu verirlər. Belə açıqlamalar verməyə nə ehtiyac var? Fərqində deyillər ki, ölkəmizə bununla nə qədər zərbə vururlar, təhlükə yaradırlar. Bizim Ukrayna ilə deyil, Rusiya ilə sərhədlərimiz mövcuddur. Bu dövlət o dövlətdir ki, orada heç bir qanunlar işləmir. Onların siyasətçilərinə, ekspertlərinə, təbliğat aparanlarına imkan vermək lazım deyil ki, bizə qarşı aqressiyanı artırsınlar”.
Polkovnik sülhməramlılar göndərilməsi məsələsinə də toxundu: Əgər belə bir hal olsa, inanıram ki, sülhməramlılarımız Türkiyə ilə birlikdə yüksək səviyyədə xidmət aparacaqlar. Onu da deyim ki, Rusiyanın “Voenkor Kotenok” Telegram kanalı iddia edib ki, bir sıra mənbələrə görə, Bakı artıq Ukraynaya göndərilməsi üçün 122 mm və 155 mm-lik artilleriya mərmilərinin istehsalına başlayıb. Məhz bu cür yazılar da azərbaycanlı ekspertlərin əvvəldə dediyim fikirlərindən sonra ortaya çıxmağa başladı. Hamı da bilir ki, belə xəbərlər doğru deyil. Bizim Ukraynaya görə, mərmi istehsalını bərpa etdiyimiz yöndə xəbərlər cəfəngdir. Bunu daim ölkəmiz istehsal edib və digər ölkələrə satıb. Amma Ukraynaya mümkün deyil".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ