İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Rusiya münasibətlərində gərginlik varmı - üç rəy

 

Azərbaycanın Rusiya ilə münasibətlərində gərginliyin olub-olmadığı yönündə son günlərdə yenidən müzakirələr açılıb. Xüsusilə Prezident İlham Əliyevin ötən həftə ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı şimal qonşumuza yönəlik səsləndirdiyi bəzi fikirlər bu cür polemikalarla müşayiət olundu.

Qeyd edək ki, vaxtaşırı Azərbaycan-Rusiya münasibətlərində soyuqluğun olduğu barədə iddialar irəli sürülür, rəylər yazılır, fikirlər səsləndirilir. Deyilir ki, Moskva ən çox da II Qarabağ savaşında tarixi qələbə qazanan Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, güclənən mövqeyini qəbul edə bilmir, qısqanır.

Həmçinin Qarabağ məsələsində Rusiyanın mövqeyinin Azərbaycanı qane etmədiyi deyilir. Bəzən Azərbaycan rəhbərliyinin Rusiya haqda tənqidi fikirləri də bu cür qənaətlərin hasil olmasına gətirib çıxarır.

Bəs gerçəklik nədən ibarətdir? Həqiqətən Azərbaycanla Rusiya arasında gərginlik, inciklik varmı?

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

Əhəd Məmmədli: “Son iki ildə Rusiyanın Azərbaycana təsiri azalıb, amma...”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli gərginliyə səbəb olan amilləri ardıcıllıqla sadaladı: “İqtidar xüsusən Rusiya və İranla həmişə çox ehtiyatlı siyasət aparıb. Əsas ehtiyatlı davranış isə Rusiya ilə olub. Bu cür davranışın obyektiv, subyektiv səbəbləri var. Subyektiv səbəblər odur ki, illərdir iqtidarın içində çox güclü şəkildə Rusiyanın ”beşinci kolon"u mövcud olub. Həlledici postlarda Kremlə yaxın adamlar var idi. Prezident Administrasiyası rəhbəri, Müdafiə Nazirliyində Qərargah rəisi kimi strateji yerlərdə Moskvanın adamları təmsil olunurdu. Onların hesabına Rusiya Azərbaycanda proseslərə təsir edə bilirdi. Son iki ildə Rusiyanın Azərbaycana təsiri azalıb, amma yenə də hələ tam ortadan götürülməyib. Obyektiv səbəblər isə budur ki, Rusiya nəhəng imperialist nüvə derjavasıdır, aqressiv, işğalçı hakimiyyətə malikdir. Balaca Azərbaycan da təhlükəsizliyi naminə bütün bunları nəzərə almaya bilməz. Amma illər keçdi, Azərbaycan gücləndi, Türkiyə kimi güclü müttəfiqi oldu və nəhayət ki, Ermənistanla müharibə edib revanş ala bildi, qalib dövlətə çevrildi. Bundan sonra regionda vəziyyət kardinal şəkildə dəyişdi. Bakı yavaş-yavaş iki böyük, lakin dost olmayan qonşularına - Moskva və Tehrana narazılıqlarını bildirməyə başladı. Bakının Moskvaya ilk etirazları 44 günlük müharibəyə təsadüf edir. Sonra Şuşaya atılan İsgəndər raketi barədə Prezident Əliyev Moskvadan cavablar istədi. İndi də Əliyevin son çıxışında 44 günlük müharibədə Rusiyanın Ermənistana silah göndərmələri barədə söz açmasını təsadüfi saymıram. Rus deputatı olayı, sonra onun üzr istəməsi, Rusiyanın Müdafiə Nazirliyinin Fərrux kəndi açıqlaması, bunun cavabı olaraq Azərbaycan Müdafiə Nazirliyinin sərt reaksiyasını da yada salsaq görərik ki, artıq əvvəlki kimi Bakı Moskvanın qarşısında sakit durmur. Və bütün bu yuxarıda qeyd etdiklərimi analiz etsək görərik ki, Bakı və Moskva arasında gərginliklər yaranır. Çünki rus sülhməramlıların fəaliyyəti qətiyyən Azərbaycanı qane etmir. Üstəlik, bunu da unutmayaq ki, Rusiya ilə Ermənistan rəsmi müttəfiqdirlər. Bütün bu hallar Azərbaycanla Rusiya arasında münasibətlərdə əngəllər törədir. Rusiyaya da Azərbaycanın Türkiyə ilə çox yaxın münasibəti heç xoş gəlmir. Düzdür, açıq şəkildə bunu rəsmi səviyyədə dilə gətirməsələr də, amma qeyri-rəsmi səviyyədə rusların Azərbaycan-Türkiyə qardaşlığı, dostluğuna narazılıqlarını, etirazlarını sezə bilərik. Unutmayaq ki, Türkiyə ilə Rusiya regionda tarixi rəqibdirlər və bu rəqabət Azərbaycanla münasibətlərdə də öz sözünü deyir. Azərbaycanın Ukraynaya yardımları heç də Rusiyada birmənalı qarşılanmır. Həmişə rus dilinə çox həssaslıqla yanaşan mövcud iqtidar Prezident Əliyev səviyyəsində ana dilinin əhəmiyyətindən danışmağa başlayıb. Bu, rus dilinin Azərbaycanda bu qədər vüsət alıb, inkişaf etməsinin prezident səviyyəsində hələlik dolayısı ilə olsa da cavabı idi və bu cavabı ana dilimizə dəstək kimi qiymətləndirmək lazımdır. Sonda onu demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə həll olunmayana qədər Azərbaycanla Rusiya arasında problemlər nəinki qalacaq, hələ dərinləşəcək. Rəsmi Bakı da müttəfiqi Ankaranı yanına alıb, bu cür gedişata indidən hazır olmalıdır".

Bakupost.az - "Azərbaycan düyməyə basıb, geriyə yol yoxdur" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu: “Rusiya Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə də qısqanclıqla yanaşır”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan Prezidentinin Rusiyaya verdiyi mesajlara xüsusi diqqət ayırdı: “Rəsmi Bakı Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir. Bunun obyektiv səbəbləri var. Ancaq Rusiyadakı siyasi və hərbi strukturların nümayəndələri, müxtəlif deputatları və ekspertləri Azərbaycan əleyhinə açıqlamalar verdikdə bu ikitərəfli münasibətləri gərginləşdirir. Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi, ”Ukrayna ərazi bütövlüyünü təmin etməlidir" kimi fikirlər işlətməsi Moskvaya mesajdır ki, Azərbaycan üçün ərazi bütövlüyü həssas məsələdir. İlham Əliyev tez-tez Rusiyaya işarə edərək, bu ölkənin Ermənistanı silahlandırdığını, silah almaq üçün kreditlər ayırdığını vurğulayır. Bu da Moskvaya açıq mesajdır ki, Kremlin bu siyasəti davam etdirməsi Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək. Qarabağdakı Rusiya hərbçilərinin bu günə qədər erməni separatçılarını tərk-silah etməməsi də Azərbaycan-Rusiya münasibətlərində əlavə suallar yaradır. Rusiya Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə də qısqanclıqla yanaşır. Halbuki Brüssel Cənubi Qafqazda sülh və əməkdaşlıq, o cümlədən regional layihələrin reallaşmasını istəyir. Rəsmi Bakı Brüsselin bu fəallığını müsbət qarşılayır. Moskva isə bunu əngəlləməyə çalışır. Demək, bu məsələdə də Bakı ilə Moskva arasında fikir ayrılığı mövcuddur".

STM İnkişaf dinamikasın necə öyrənir? - Əziz Əlibəyli - YouTube

Əziz Əlibəyli: “Rusiyaya tənqidlər açıq şəkildə bildirilir”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli isə bildirdi ki, Rusiya-Azərbaycan münasibətlərinin indiki kontekstini müəyyən etmək üçün fevral ayında bağlanmış iki ölkə arasındakı müttəfiqlik bəyannaməsinə baxmaq lazımdır: “Düşünürəm ki, Rusiyanın Azərbaycana və dünyaya qarşı münasibətini əsas şərtləndirən amil Rusiya-Ukrayna savaşından sonra yaranan beynəlxalq və regional qlobal vəziyyətlə bağlı yanaşması olacaq. Çox güman ki, yaxın vaxtlarda biz bunun şahidi olacağıq. Bu mənada dünyanın yeni düzəninə dost və ya qeyri-dost ölkələr prizmasından baxış Rusiya üçün əsas təşkil edəcək. Azərbaycan üçün Qərbin, o cümlədən Amerikanın həm Azərbaycana, həm də Türkiyəyə yönəlik əsas cəhdi bundan ibarətdir ki, Bakı və Ankara hazırda öz mövqeyi ilə anti-Rusiya cəbhəsində yer alsın. Amma Azərbaycan buna gedə bilərmi? Gedərsə, bu, ölkəmiz üçün hansı nəticələr verə bilər? Bu yaxınlarda ABŞ Dövlət Departamenti tərəfindən belə fikirlər irəli sürüldü ki, biz tezliklə Qarabağ məsələsinin həllini tapmasını istəyirik ki, Rusiya bu proseslərdən çəkilsin. Əsas hədəfləri Qarabağdan rus sülhməramlılarının çıxarılmasıdır. Bu, açıq şəkildə sezilir. Onsuz da Azərbaycanın tələbi ilə həmin qüvvələr oradan çıxarılacaq. Amma ABŞ-ın bunu dilə gətirməsi qıcığı bir növ leqallaşdırmaq məqsədi daşıyır. İkinci faktor da ondan ibarətdir ki, Qərb Azərbaycan və Türkiyə üzərində dayanmadan çalışır ki, anti-Rusiya koalisiyasına qoşulsunlar. Zelenskinin Türkiyə və Azərbaycana yönəlik son açıqlamaları həmin siyasətin tərkib hissələrindən biridir. Bu baxımdan Azərbaycan və Türkiyə xəttində hansısa narazılıqların yaşanması istisna deyil. Ölkə başçısının beyin mərkəzlərinin rəhbərləri ilə görüşündə toxunduğu məqamlar var idi, Ermənistanın silahlandırılması və digər məsələlər. Bu mənada Rusiyaya tənqidlər açıq şəkildə bildirilir. İstənilən halda düşünürəm ki, rəsmi Bakı üçün ən böyük müsbət hal Rusiya ilə bağladığı müttəfiqlik bəyannaməsi olacaq. Ukrayna savaşından dərhal sonra Kreml bu məsələlərə fərqli prizmadan baxmağa başlayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR