İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qafqaz Evi qurur? - İrəvana Tiflis üzərindən xilas təklifi

Əliyev Ermənistana o çağırışı niyə etdi; Güney Qafqazda sülh gündəmini Bakı müəyyənləşdirir

Azərbaycan Prezidenti İlham Əliyev bölgəyə iddia edən böyük gücləri qabaqlamaq üçün daha sürətli addımlara rəvac verib. Onun 24 oktyabrda həyata keçirdiyi Tiflis səfəri də bu önləyici planın tərkib hissəsi sayıla bilər. Bəzi siyasi şərhçilər də Azərbaycan Prezidentinin bu addımını gerçək sülh naminə atılan fərqli, alternativ və sürətli proses kimi qiymətləndirir.

Görünən budur ki, rəsmi Bakı bölgədə sülhü özü yaratmaq qərarı verib. Əks halda, sülhyaratma adı altında çeşidli paytaxtlar bölgəyə daraşmaqda, rəqabətə girərək, regionda gərginliyi artırmaqdadır. Moskva, Brüssel, Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh yaratmaq iddiaları ilə elə bir rəqabətə giriblər ki, nəticədə Paşinyan başını itirib və yolunu azıb. Bir tərəfdən də Tehran məqamdan istifadə edərək, açıq erməni dəstəkçisi roluna girib ki, Qərb paytaxtları onu da “sülh-sülh oyunu”na qatsınlar, ya da gizli müttəfiq rolu versinlər. Rəsmi Tehran hazırda rəsmi İrəvandan daha çox ermənidir və Azərbaycanla müharibə başlatmağa belə hazır görünür.

Belə bir məqamda Azərbaycan Prezidenti öz gedişini edir və Tiflisə gedərək, mehriban qonşunun Qaribaşvili soyadlı baş naziri ilə görüşür, Tiflisə vasitəçi rolu verir, Ermənistana açıq və çox sərfəli çağırış edir. Yəni vasitəçi Moskva, Brüssel, Praqa, Varşava, Vaşinqton olduğuna, Azərbaycanın təyin etdiyi Tiflis olsun... 

Beləliklə, Prezidentin Tiflis səfərinin əsas məqsədi bəlli oldu. İlham Əliyev Güney Qafqazın 3 əsas dövlətini bir araya gətirməyi, yeni platforma quraraq, sülhü də, əməkdaşlığı da, gələcəyə dair bütün prosesləri də buradan idarə etməyi planlayıb. Güney Qafqaza kənar müdaxilənin -  özəlliklə də Rusiya və İranın qarışmasının, arapozanlıq etməsinin qarşısını almaq üçün bundan gözəl platforma ola bilməz! İlham Əliyev 24 oktyabrda Tiflisdə yaxın gələcəkdəki Qafqaz Evinin təməlini atdı...

İrəvanı və Paşinyanı boş buraxmaq olmaz:  indi ermənilər harada bir açıq qucaq görsələr, oraya sığınmaq fürsətini buraxmırlar. Bunu artıq erməni siyasətçilərinin özləri də etiraf edirlər. Rusiyadan küskün olan və gələcəkdən qorxan ermənilər dayanıqlı təminat üçün hər şeyə hazırdırlar. Belə bir vəziyyətdə Tiflis mərkəzli üçlü bir platforma qurmaq ideyası ilə çıxış edən İlham Əliyevin təşəbbüsü yerində və haqlıdır.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edərkən nə dedi? Xatırlayaq: “...İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistanın məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”.

Azərbaycan Prezidentinin bu açıqlamasına ilk beynəlxalq reaksiya cəmi bir  neçə saat sonra ABŞ-dan gəldi.  Vaşinqtonu Gürcüstanda təmsil edən səfir Kelli Deqnan xüsusi açıqlama yaydı və bildirdi ki, Prezident İlham Əliyevin "...Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair bəyanatı çox müsbət və ümidvericidir. Region liderlərinin görüşü hər zaman müsbət olur. Gürcüstanın vasitəçi roluna gəlincə, biz bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımların atıldığını və məhbusların azad edilməsində Gürcüstanın oynadığı rolu çox yaxşı xatırlayırıq. Bu, Gürcüstanın bu prosesdə uğurlu vasitəçilik hekayəsi idi. Bununla yanaşı, bu ölkələr arasında əməkdaşlıq və daha çox dialoqun aparıla biləcəyi bir çox fərqli sahələr var. Bu, istər enerji, istər iqtisadiyyat, istərsə də qarşılıqlı əməkdaşlıqla inkişaf etdirilməsi mümkün olan digər sahələrdir. Prezident İlham Əliyevin bəyanatı çox müsbət, ümidverici idi".

Hesablamanın dəqiqliyinə diqqət edirsizmi? Tiflisdə iki qonşu ölkə rəhbərinin Qafqaz Evi istiqamətindəki açıqlamasına ABŞ dərhal pozitiv reaksiya verdi. Təbii ki, Rusiya bundan razı qalmayıb -  Kreml Güney Qafqazda onsuz atılan bütün addımları qısqanclıq və aqressiya ilə qarşılayır. Proseslərin bu cür gedişatı və Ermənistanın da həmin prosesdə yer alması İranın da planlarını pozur. Bu baxımdan, “Əliyevin Tiflis gedişi” hesablanmış və strateji, üstəlik də çox faydalı gediş sayıla bilər. 

Bu məsələdə maraqlı bir detal da Gürcüstanın bölgədə ABŞ-ın ən yaxın müttəfiqi hesab olunmasıdır. Amerikanın Güney Qafqazda təşəbbüskarlığının artması fonunda onun dəstəklədiyi Güney Qafqaz dövlətinin sülhyaratma prosesində mərkəzdə olması da Vaşinqtonun iddialarını sığallayır.

Bəs bu unikal gedişin reallığa çevrilməsi, hansısa platformaya, ya da Qafqaz Evi, yaxud Güney Qafqaz Ölkələri Birliyi şəklində qurumlaşması mümkün olacaqmı? Rusiya və İran Əliyevin bu təşəbbüsünün qarşısında ikən, Ermənistan da çeşidli dövlətlərin verdiyi “qaz”la hərəkət edərkən, Paşinyanın ziq-zaqları belə bir platformanın yaranmasını təhdid edə bilərmi?

Fikrət Yusifov: Qlobal iqtisadi böhran - Azərbaycana təhlükə varmı?

 Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin bölgədəki gərginliyi aradan qaldırmaq və Cənubi Qafqazda təminatlı sülhə nail olmaq yolundakı səyləri dünya tərəfindən diqqətlə izlənilir və dünyanın superdövləti tərəfindən müsbət qarşılanır. Bunu ABŞ-ın Gürcüstandakı səfirinin dərhal verdiyi reaksiya da təsdiqləyir: “Dünya düzəninin dəyişilməsi yolunda Qərbin göstərdiyi ciddi səylərin ortada olduğu bir durumda bütün dövlətlər-ilk növbədə kiçik dövlətlər vəziyyəti real dəyərləndirib zəruri addımlar atmağa məhkumdurlar. Bizə gəlincə, birdəfəlik başa düşməliyik ki, bölgədə sülh yaratmaq üçün böyük güclərin təklif etdikləri vasitəçilik missiyaları onların regiondakı maraq qapısından keçib gəlir. Bir sözlə, regionda sülh yaratmaq üçün böyük güclər tərəfindən təklif olunan vasitəçilik missiyalarının sağlamlığı mümkün deyil. Biz bu vasitəçilərdən ən böyüyünü-ATƏT-n Minsk Qrupunun 30 ilə yaxın bir dövrdə Qarabağ problemini sülh yolu ilə həll etmək "səylərini" gördük. Belə missiyalar bizə lazım deyil. Azərbaycan Prezidenti belə missiyaların mahiyyətini hər kəsdən daha yaxşı dəyərləndirə bilir. Onun Gürcüstana səfəri və bölgədə sülh yaratmaq üçün qonşu dost ölkənin imkanlarından istifadə etmək təşəbbüsləri, Ermənistana da yönəlik təklifləri olduqca əhəmiyyətlidir".

Sabiq nazir qeyd etdi ki, Ermənistan  başa düşməlidir ki, bu münaqişənin bundan sonra nə qədər davam etməsindən, sülh sazişinin imzalanmasının nə qədər yubadılmasından asılı olmayaraq, biz torpaqlarımızın bir qarışını belə onlara verməyəcəyik. Əksinə, zaman-zaman bizdən haqsız və ədalətsiz olaraq alınıb onlara verilmiş tarixi torpaqlarımızı geri qaytarmaq uğrunda mübarizə aparacağıq: “Bu səbəbdən ermənilər bölgədə normal yaşamaq istəyirlərsə, gerçək sülhə gəlməlidirlər. Sülh sazişini imzalamaq və Qafqaz Evi ideyasını müdafiə edib buna qoşulmaq Ermənistanın gələcəyi üçün xilas yoludur. Onların bundan başqa yolu yoxdur. Açığını demək lazımdır ki, artıq Ermənistanda da yerli əhali bu münaqişədən yorulub və bu ölkədə onun dayandırılmasını istəyənlərin sayı durmadan artır. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsün bütün Cənubi Qafqaz üçün ən düzgün, ən sərfəli yol olduğunu gec-tez ermənilər də qəbul edəcəklər. Ermənistanın ən doğru seçimi bu gün Azərbaycanla birbaşa-heç bir vasitəçi olmadan danışıqlara getmək olmalıdır. Qərbin, şimalın, cənubun yalan vədlərinə inanıb illərdir özlərini saldıqları bu ağır siyasi, iqtisadi və psixoloji durumdan qurtarmağın yeganə yolu məhz budur. Şübhəsiz ki, Rusiya, İran, Fransa kimi dövlətlər, erməni diasporu Ermənistana bu yolu seçməməsi üçün təzyiqlər edəcəklər. Məqsəd isə aydındır - Ermənistanın asılılıqdan qurtulmasına imkan verməmək. Cənubi Qafqazın hər üç ölkəsi qarşılarına heç bir kənar təzyiqə məhəl qoymadan irəliləmək məqsədi qoysalar, kənar qüvvələrin dağıdıcı, bölücü təsirlərini minimuma endirmək və məqsədə nail olmaq mümkündür”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov isə bildirdi ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri məhz regional əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Burada iqtisadi, siyasi, nəqliyyat, enerji, humanitar və mədəni münasibətlərin daha da dərinləşdirilməsi əsas meyar olaraq götürülür. Gürcüstan öz ərazisindən neft və qaz kəmərlərini keçirməklə Azərbaycanla əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qaldırıb. Gürcüstanın ərazisi Azərbaycan üçün Qərbə əsas çıxış qapısıdır: "Bildiyimiz kimi, Bakı-Tiflis Ceyhan, Bakı-Ərzurum və sair neft-qaz xətləri məhz Gürcüstan torpaqlarından tranzit olaraq keçməkdədir. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilə isə Şərq-Qərb nəqliyyat dəhlizi istiqamətində vacib bir seqment işə salınıb. Bütün bunlar onu deməyə əsas verir ki, regional kommunikasiyaların inkişafı istiqamətində Azərbaycanla Gürcüstan ortaq mövqe sərgiləyir. Azərbaycan Prezidentinin Ermənistanı da bu əməkdaşlıq formatına dəvət etməsini İrəvan düzgün qiymətləndirməlidir. Çünki Azərbaycanın irəli sürdüyü format İrəvana Tiflis üzərindən xilas təklifidir həm də. Azərbaycanla Ermənista onsuz da uzun illərdir çox yaxşı əməkdaşlıq münasibətləriini qurublar və uğurla davam etdirirlər. Bu münasibətlər hər iki ölkə üçün çox böyük faydalar gətirib və gətirir. Ermənistan şimaldan, cənubdan, qərbdən olan təzyiqləri və ya həvəsləndirici vədləri nəzərə almadan özü üçün əslində ən doğru xilas yolunun Türkiyənin dəstəklədiyi Cənubi Qafqaz üçlüyü formatı olduğunu bilməlidir. Türkiyə-Azərbaycan-Gürcüstan geosiyasi üçbucağı uzun müddətdir mövcuddur. Ermənistan düzgün seçim etsə, qazanan ilk növbədə özü olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR