İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidentindən Trampa təbrik məktubu - mövcud reallıqlar şəraitində münasibətlərin yeni mərhələsi

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Donald Trampı ABŞ-nin Müstəqillik günü münasibəti ilə təbrik edib.

Prezident rəsmi Bakının Azərbaycanla ABŞ arasında dostluq və tərəfdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verdiyini vurğulamaqla iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərinə toxunub: “Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir”.

Dövlət başçısı bununla ABŞ ilə terrora qarşı mübarizədə, enerji təhlükəsizliyində və başqa sahələrdə ortaq maraqlarımızın olduğunu bəyan edib. O bildirib ki, Azərbaycan bu sahələrdə Ştatların sadiq tərəfdaşıdır.

Eyni zamanda Azərbaycan Cənubi Qafqazda sabitliyin, sülhün və əməkdaşlığın, təşəbbüskarı və tərəfdarıdır. Bu istiqamətdə maraqları üst-üstə düşən güclərlə bir qayda olaraq əməkdaşlıq edir.

Dövlət başçısı enerji strategiyası, regional sabitlik, nəhəng infrastruktur layihələrə Ştatların göstərdiyi davamlı dəstəyə yüksək qiymət verib.

QİYME.jpg (143 KB)

Xatırladaq ki, Azərbaycan Prezidenti əvvəlki çıxışlarında ABŞ-nin 46-cı prezidenti Cozef Bayden - dövlət katibi Antoni Blinken cütlüyünün dövründə iki ölkə arasında münasibətləri böhrana uğramış əlaqələr kimi səciyyələndirmişdi.

Baydenin hakimiyyəti dövründə rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasəti bərbad və yarıtmaz olub. Ağ ev həmin dövrdə ölkəsinin maraqlarının təmin olunmasını daha çox Ermənistanla əməkdaşlıq üzərində qurmuşdu ki, bunun da özünü doğrultmadığını illər göstərdi.

Bayden administrasiyası faktiki olaraq Donald Trampın ilk prezidentlik dönəmində Azərbaycanla yaratdığı münasibətlərə xələl gətirmişdi. İndi bu münasibətlər yenidən yaxşılaşmaqdadır. Üstəlik artıq bölgədəki reallıqlar da fərqlidir.

Azərbaycan öz torpaqlarını işğaldan azad edib, dövlət suverenliyini tam bərpa edib. Bu isə ABŞ ilə əməkdaşlığın daha da inkişaf etməsi üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyev amerikalı həmkarına təbrik məktubunda bu məsələni də vurğulayıb: “Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır. Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”.

Dövlət başçısı bu istiqamətdə tərəflərin qəti siyasi iradə və birgə səyi nəticəsində əməkdaşlığın hərtərəfli genişlənməsi davam edəcəyinə inam ifadə edib.

Yeri gəlmişkən, bu, Azərbaycan torpaqları işğaldan azad edildikdən beş il sonra Donald Trampa ünvanlanan ilk məktubdur. Beş il öncə, Azərbaycan torpaqları işğal altında olduğu sonuncu ildə də Prezident İlham Əliyev Donald Trampa ABŞ-nin Müstəqillik Günü ilə bağlı nikbin ovqatlı məktub ünvanlamışdı. O, məktubda 30 ilə yaxındır Azərbaycanla ABŞ arasında uğurlu əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirmiş, Amerika şirkətlərinin ölkənin enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər vacib sahələrin inkişafında mühüm rol oynadığı vurğulanmışdı.

Dövlət başçısı həmin məktubda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının tezliklə ədalətli həlli istiqamətində ABŞ-nin səylərini daha da artıracağına ümidvar olduğunu bildirmişdi.

Prezident İlham Əliyevin beş il sonra Donald Trampa ünvanlandığı məktub isə yeni reallıqlar şəraitində əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çıxarılmasının zəruriliyinə dair ismarışdır. Bu, Azərbaycan və ABŞ arasında regional və qlobal miqyasda yeni hədəflər uğrunda əməkdaşlığa çağırış, təklifdir. Bu, həm də rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətin göstəricisidir.

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR