İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan öz seçimini çoxdan edib”

Ekspert deyir ki, Bakı bir-biri ilə əks qütblərdə olan ölkələrlə əməkdaşlıq strategiyası qurub

Geosiyasi vəziyyət özü ilə yeni şərtlər gətirir. Üç ildir davam edən Rusiya-Ukrayna müharibəsinin bitəcəyi istiqamətində ABŞ-ın yeni prezidentinin atdığı addımlar Rusiyanın mövqelərinin güclənəcəyi barədə proqnoz verənlərin sayını artırıb. Dünyadakı başqa bir münaqişə ocağı Suriyada Bəşər Əsəd rejiminin çöküşündən sonra sabitləşmə prosesi başlayıb.

Türkiyədə Suriyanın nüfuzu güclənib. Siyasi analitiklər hesab edir ki, dünya miqyasında gedən bu kimi proseslər Cənubi Qafqaz ölkələrinin də oriyentasiyasına təsirini göstərəcək. Uzun illər ərzində Cənubi Qafqaz regionu dünyanın ən parçalanmış regionlarından biri kimi nəzərə çarpıb. Belə ki, bölgənin üç ölkəsi öz xarici siyasət prioritetlərində müxtəlif vektorlar seçdilər ki, bu da kiçik bir regionda NATO, KTMT, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi, vahid gömrük məkanı, eləcə də üçüncü yolun tərəfdarlarının yaranmasına səbəb oldu. Bu vəziyyət həm yaxın, həm də uzaq qonşular, eyni zamanda nüfuzlu güc mərkəzləri olan xarici oyunçuların regional konfiqurasiyalarda iştirakına şərait yaratdı. Gürcüstan uzun müddət Qərb vektorunu seçdi. Ermənistan isə Nikol Paşinyan hakimiyyətə gələnədək birmənalı olaraq Rusiyanın müttəfiqi rolunu üzərinə götürmüşdü. Ancaq Paşinyanın gəlişi ilə bu müttəfiqlik zədələnmə dövrünə qədəm qoydu. Rusiyanın Ermənistanda zəifləməkdə olan yerini ABŞ, Fransa, Avropa İttifaqı tutmağa başladı. Lakin bununla belə, Ermənistanı Rusiyadan tam qopmuş da hesab etmək olmaz.

Ermənistan Qərbə yaxınlaşıb Rusiyadan məsafə saxladıqca qonşusu Gürcüstanda son illərdə əks proses gedir. Gürcüstanda Qərblə soyuq münasibətləri olan siyasi qüvvə hakimiyyətə gəldi və artıq bəllidir ki, Qərb-Gürcüstan münasibətləri özünün gərgin dövrünü yaşayır. Gürcüstan hökuməti son bir həftədə Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasında maraqlı olduqları barədə bəyanatlar verir. 

Qərb-ABŞ və Aİ region ölkələri ilə situasiyalara uyğun münasibətlər qurdu, lakin zəmanətli heç nə təklif edə bilmədi, yalnız Gürcüstanın və Ermənistanın Aİ ilə assosiasiya sazişi imzalamasına müvəffəq oldu. Azərbaycana isə ümumiyyətlə heç nə verə bilmədi. Ermənistanla sülh sazişinin imzalanmasına töhfə verəcəyi ümidləri də heçə endi.

Rusiyanın mövqelərinin son zamanlar güclənməyə başlaması, xüsusən Ukrayna cəbhəsində güclənməsi fonunda isə region ölkələri seçim etmək məcburiyyəti qarşısında qala bilərlər. Region ölkələrinin gələcək seçimləri nə ola bilər?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə Cənubi Qafqazın üç ölkəsi arasında ən yaxşı durumda olanı Azərbaycandır: “Çünki Azərbaycan dövləti müstəqil siyasət yürüdən dövlətdir və bunu sübuta yetirib. Azərbaycan öz seçimini çoxdan edib. Bu seçim milli dövlət maraqlarına uyğun xarici siyasət xəttinin dövlət siyasətinə çevrilməsidir. Azərbaycan bütün qütblərlə bərabərhüquqlu əməkdaşlıq münasibətlərində maraqlı olduğunu təsdiqləyib. Azərbaycan dövlətlərlə həm ikitərəfli, həm də müxtəlif təşkilatlar daxilində çoxtərəfli əməkdaşlıq, müttəfiqlik münasibətlərindədir. Bu sırada bir nömrəli müttəfiqimizin Türkiyə olduğu hər kəsə məlumdur və artıq bunu bizi istəyən tərəflər, istəməyən tərəflər də təbii qəbul edirlər. Azərbaycan və Türkiyə bütün fəaliyyət sahələrini əhatə edən müttəfiqlik münasibətlərini Şuşa Bəyanaməsi ilə rəsmiləşdirib".

Ekspertə görə, Azərbaycanın müstəqil siyasəti bir-biri ilə ziddiyyətdə olan dövlətlərlə əlaqələrin qurulmasına, inkişafına şərait yaradıb: “Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin necə uzaqgörən olduğu bir daha təsdiqlənir. Azərbaycan Rusiya ilə müttəfiqlik münasibətləri haqqında müqavilə imzlayır, eyni zamanda ABŞ-la, Avropa İttifaqı ilə əlaqələrini genişləndirir. Tərəflərin hər biri Azərbaycanın müstəqil siyasət yürüdən ölkə olduğu faktını nəzərə alıb bunu təbii qarşılayırlar. Azərbaycan İsraillə müttəfiqlik münasibətlərini dərinləşdirən addımlar atır, eyni zamanda qonşu İran dövləti ilə əməkdaşlıq münasibətlərini davam etdirir və bunda maraqlı olduğunu göstərən addımlar atır. Azərbaycanın bir dövlətlə əməkdaşlığı həmin dövlətlə gərginlik yaşayan dövlətə qarşı deyil. Ona görə də Azərbaycanın müstəqil siyasəti qəbul edilir və Azərbaycanın böyük uğurlarından biri də budur. Azərbaycan qonşu Gürcüstanla da müttəfiqlik əlaqələrini daim davam etdirir. Gürcüstanın yönünün hansı istiqamətə olması Azərbaycanın Gürcüstanla münasibətlərinə təsir göstərmir”.

Ekspert qeyd etdi ki, qütblər arasında seçim etmək məcburiyyəti qarşısında Ermənistan və Gürcüstan uzun illərdir qalıb: “Bu iki qonşu dövləti üzləşdikləri vəziyyət çətinliklərlə üz-üzə qoyur. Rusiyanın mövqelərinin güclənməsi halında onların durumu bir qədər qəlizləşə bilər. Çünki Rusiyanın onlara şərtləri ciddiləşəcək - ya Rusiya, ya da Qərb seçimi. Seçimin ikinci olması güclənmiş Rusiyanın həmin ölkəyə necə münasibət göstərəcəyini indidən göz önünə gətirir. Cənubi Qafqazda nüfuz uğrunda dünyanın güc mərkəzlərinin mübarizəsi qarşıdakı dövrdə daha da şiddətlənəcək. Müstəqil siyasət belə vəziyyətdə Azərbaycanın əsas immunitetlərindəndir".

Yazını hazırladı: Etibar SEYİDAĞA

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR