İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan öz milli təhsil modelini yaratmalıdır

Ekspert: “Sinqapurlu gəncin düşüncəsi ilə azərbaycanlı yeniyetmənin həyata yanaşması eyni ola bilməz”

“Program for International Student Assessment”in (PISA) hesabatına görə, dünyada təhsil sisteminin mükəmməlliyinə görə ilk 5-likdə yer alan ölkələr bunlardır: Finlandiya, Cənubi Koreya, Niderland, Danimarka, İngiltərə. 

Ümumiyyətlə, Finlandiya uzun illərdir ki, ən keyfiyyətli təhsil sisteminə malik ölkələr sırasında qərarlaşır. Təhsildə ilbəil təkmilləşən ölkə olan Finlandiya reytinq cədvəlində ən yüksək bal toplayanlar arasında göstərilir. Bu ölkə xüsusilə orta məktəb təhsilindəki uğurları ilə diqqət çəkir.

Finlandiyada təhsil sisteminin bu qədər yaxşı olmasını aşağıdakl amillərlə əsaslandırırlar:

- Ölkədə əsas və ikinci təhsil səviyyəsi pulsuzdur. Ali təhsil pilləsində də yerlərin çoxu ödənişsizdir. Bu, gəlirindən asılı olmayaraq hər kəsə yaxşı təhsil almağa imkan verir;

- Əsas təhsil pilləsində dərs deyən bütün müəllimlər magistr təhsili alan şəxslərdən seçilir. Bu, o deməkdir ki, məktəblərdə dərslər daha savadlı müəllimlər tərəfindən tədris olunur. Ölkə üzrə müəllimlərin pedaqoji hazırlığı da yüksək qiymətləndirilir;

- Demək olar ki, bütün sinif otaqları texnologiya baxımından zənginləşdirilib. Hətta bölgələrdə belə sinif otaqları yeni texnoloji məhsullarla təchiz olunub. Xaricdən gələn tələbələr üçün inteqrasiya təlimləri keçirilir. Bütün səviyyələr üzrə məktəblər keyfiyyətli təhsil və şagird amillərini prioritet götürür.

Dünyada ikinci ən yaxşı təhsil verən ölkə Cənubi Koreyadır. Burada təhsil alan tələbələr beynəlxalq imtahanlarda topladıqları ballarla diqqət çəkirlər. Ümumiyyətlə, cənubi koreyalı tələbələr hər il beynəlxalq arenalarda böyük uğurlar qazanırlar ki, bu da ölkənin təhsil sisteminin kifayət qədər yaxşı olduğu göstərir.

Cənubi Koreyada da əsas təhsil pulsuzdur. Ancaq müxtəlif ödənişlər etməklə daha keyfiyyətli ali təhsil almaq mümkündür. Həmçinin müəllimlər yüksək biliyə malik olmalarını sübut etmək üçün imtahan verməlidirlər. İmtahan prosesi ixtisaslı müəllimlərin seçilməsini təmin edir. Şagirdlərə kiçik yaşlarından nizam-intizamlı iş prinsipi aşılanır. Bu metod intizamlı, uğurlu və məsuliyyətli nəslin formalaşmasına gətirib çıxarır.

Niderland da uzun illər təhsildə uğur qazanıb və bu sahədə köklü sistemə malikdir. Burada peşə təhsilinə xüsusi önəm verilir. Orta məktəbi bitirən məzunların peşə məktəblərinə qəbulu prioritet hesab olunur və onlara ən müasir texnoloji avadanlıqlardan istifadə olunaraq, peşələrin sirləri öyrədilir.

 Ölkədə yaxşı təhsil verən köklü universitetlər mövcuddur. Bu universitetlərdə təhsil alan tələbələr peşəkar kadr kimi hazırlanır. Gənclərin təhsilində biznes sahəsinə böyük üstünlük verilir.

Danimarkanın isə orta məktəb sinifləri ən müasir texnoloji avadanlıqlarla təmin olunub. Məktəb müəllimləri seçilərkən, xüsusi həssaslıq göstərilir. Daha peşəkar və savadlı müəllimlərin məktəblərə cəlb olunması, təhsilin səviyyəsini yüksəldir. Hazırda Danimarkada çalışan müəllimlər keyfiyyətli təhsil üçün tələb olunan keyfiyyətlərə malikdirlər.

Bundan başqa, liseylərdə verilən ixtisaslı təhsil sayəsində tələbələrin çoxu universitetə getmədən əvvəl hazırlıqlı vəziyyətdə olur. Kurikulumdakı fənlər bir çox sahələri əhatə edir.

Böyük Britaniya da güclü təhsil sisteminə malikdir, bu ölkənin təhsil müəssisələri savadlı kadrlar hazırlayır. Ümumilikdə götürdükdə İngiltərədə təhsilin keyfiyyəti siyahıda olan digər ölkələrdən daha yüksəkdir. Ölkədə şagirdlərin bilik səviyyəsi ölkə məktəblərində vaxtaşırı keçirilən ümumi qiymətləndirmə imtahanları ilə ölçülür. İmtahanlar nəticəsində təhsilin keyfiyyəti ölçülür, müsbət və mənfi məqamlar üzə çıxır. 

Azərbaycanda təhsil sisteminin yüksəlməsi üçün hansı proqramlara ehtiyac var?

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

Elmin Nuri

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri “Yeni Müsavat”a danışıb: “Azərbaycan təhsil sistemində irəliləyişin, yüksəlişin şahidi olmağını istəyiriksə, ilk öncə özümüzün milli təhsil brendimizi, modelimizi yaratmalıyıq. Bu illər ərzində nəinki öz təhsil brendimizi yaratmaq, heç o barədə düşünməmişik. Təhsil sistemimizi zəiflədən, onun inkişafına mane olan əsas səbəblərdən biri də xarici ölkələrin təhsil modelinin imitasiyasına cəhd etməyimizdir. Məsələn, peşə təhsilini inkişaf etdirmək istəyəndə Cənubi Koreya, ümumtəhsili inkişaf etdirmək istəyəndə isə Sinqapur təhsilinə müraciət etdik. Hesab edirəm ki, bunlar uğursuz yanaşmalardır. Çünki təhsil  hər bir cəmiyyətin düşüncə tərzini güzgüsü, əksidir. Sinqapur  gəncinin həyata yanaşması ilə azərbaycanlı yeniyetmənin  həyata yanaşması eyni ola bilməz. Təhsil də düşüncə tərzi üzərində qurula mexanizmdir. Biz xarici təhsil modelindən, sadəcə, müəyyən elementləri götürə bilərik. Yəni həmin elementləri götürüb, öz milli təhsil  modelimizdə nümunəvi detal kimi tətbiq etmək barəsində düşünməliydik. Lakin bunu etmədik. 

Beləliklə, bu gün Azərbaycana milli təhsil hava, su kimi lazımdır. Təhsil sistemində, beynəlxalq olmipiadalarda  yüksək nailiyyətlər əldə etmək istəyiriksə, milli təhsil modelini yaratmalıyıq. Milli təhsil modeli də milli ideloji istiqamətlərlə, milli özünüdərklə, tarixi koloritin qorunması, genetik yaddaşın mühafizəsi ilə seçilməlidir".

Yazını hazırlaıd: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR