Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün öncə müğənni Röya Ayxanın Kann Festivalında iştirak etməsi, qırmızı xalçaya çıxması cəmiyyətdə ciddi rezonans doğurdu. Xüsusilə kino camiyəsində bu məsələ ilə bağlı sərt tənqidlər səsləndirildi.
Qeyd edək ki, Xalq artisti Röya Ayxan “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub.
Xalq artisti Rasim Balayev müğənninin festivalında iştirakını təəccüblə qarşılayıb: “Röya hansı kinoda çəkilib? Kinomuzda hansı xidmətləri var? Ora neçə ildir kinoya lazım olmayan adamlar gedir, qoy biri də Röya olsun. Mən istəmirəm. Ora rejissor, operator, prodüser göndərilməlidir ki, baxsın, nəsə götürsün. Röya oradan nə təcrübə götürəcək?”
Əslində Rasim Balayevin ironik tonda dediyi “Azərbaycan kinosunu orada Röya təmsil edəcək” cümləsi ölkədə kino sahəsində prioritetlərin düzgün qurulmadığını və peşəkar kino işçilərinin kənarda qaldığını göstərir.
Eləcə də Əməkdar incəsənət xadimi kinorejissor Ayaz Salayev deyib ki, kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər, çətin bir şey deyil: “Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.
Bundan başqa, Ayaz Salayev bildirib ki, Röya Ayxanın təltif edildiyi “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatının Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur. Bu qalmaqal bir daha bu sualı gündəmə gətirmiş oldu - Azərbaycan kinosu niyə Kann Festivalında filmləri ilə təmsil oluna bilmir? Səbəb nədir? Azərbaycan kinosu uzun illər boyu beynəlxalq səviyyədə tanınmaq üçün mübarizə aparıb, amma nüfuzlu Kann Beynəlxalq Film Festivalında iştirak tarixi nisbətən məhduddur. Əsas proqramlarda Azərbaycan filmləri hələlik geniş yer tuta bilməsə də, bəzi məqamlar var.
Azərbaycan tarixində Kannın rəsmi qısa film müsabiqəsinə seçilən ilk Azərbaycan filmi “Sonuncu” (The Last One) filmidir. 2014-cü ildə Festivalın Qısametrajlı Bədii Filmlər Rəsmi Müsabiqəsində təmsil olunan film "Azərbaycanfilm" və Rusiyanın "Buta Films" şirkətinin birgə istehsalıdır, rejissoru və ssenari müəllifi Sergey Pikalov, prodüserləri Müşfiq Hətəmov və Nəsib Piriyevdir. Filmdə rolları İdris Rüstəmov, Corc Qafarov canlandırıb.
2020-ci ildə isə rejissor Teymur Hacıyevin “Axşama doğru” (Towards Evening) filmi festivalın Tənqid Həftəsində yer alıb. Film şəhərkənarına ailə ziyafətinə gedən cütlükdən bəhs edir. Gündəlik, məişət məsələləri ilə bağlı cütlük arasında yaranan ayrılığı gözlənilməz məqamlara səbəb olur. Bu səbəbdən qadın qəhrəman çətin, amma öncədən təxmin olunan vəziyyətə düşür.
Kann Festivalına gedən sonuncu filmimiz 2024-cü ildə rejissor Azər Quliyevin çəkdiyi “Sanki yoxsan” ekran işidir. Film festivalın qısa filmlər müsabiqəsinə seçilmişdi və ailə münaqişələrindən qaçan bir cütlüyün hekayəsini və baş verən sirli hadisələri təsvir edir.
Maraqlıdır ki, “Mən Kann festivalına yüz dəfə getmişəm” deyən Ayaz Salayevin filmləri Kannın əsas proqramlarında yer almayıb. Yalnız 2013-cü ildə Kann Festivalında Azərbaycan pavilyonunun nümayəndəsi kimi iştirak edib. Salayevin “Yarasa” (“The Bat”, 1995) filmi Berlin Beynəlxalq Film Festivalında “Forum” bölməsində göstərilib, Fransanın Anje festivalında Grand Prix qazanıb.
Azərbaycan kinosunun niyə Kann Festivalında filmləri ilə təmsil oluna bilməməsi məsələsi ilə bağlı Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a danışıb. Xalq artisti ilk öncə Röya Ayxanın Kann Festivalına getməsini sərt şəkildə tənqid edib və bunu Azərbaycanın milli kinosu üçün təhqir hesab etdiyini deyib: “Bu, milli kinomuz üçün ən böyük təhqirdir. Niyə "Şöhrət orden"li Şəfiqə Məmmədovanı, Rasim Balayevi deyil, Röyanı aparırlar? Hər halda, Oqtay Mirqasımovun nəfəsi gedib-gəlir, onu göndərə bilərdilər. Və yaxud Rasim Balayev Amerikaya gedə bilirsə, Kanna da gedə bilərdi. Eləcə də Ayaz Salayev, Elxan Cəfərov kimi sənətkarlar var, onları göndərə bilərdilər. Kinomuza gəldikdə, bu gün milli kinomuz çox ağır vəziyyətdədir. Əsas səbəblərdən biri budur ki, kinomuza ayrılan pulları “əjdahalar” yolda hop edib udur, gəlib kinoya, ünvanına çatmır. Bir adam da maraqlanmır ki, bu pullar hara gedir.
Daha bir məsələ, kinonun başına bu sahədən başı çıxmayan, tamamilə kənar adamları gətirib qoyurlar. Halbuki burada kino işini bilən, elmli, savadlı, ziyalı, vətənpərvər insanlar olmalıdır. Hesab edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı da ləğv edilməlidir, çünki heç bir işə yaramır. Beləliklə, kinomuzun hazırda taleyi çox acınacaqlıdır. Bu baxımdan hansısa nüfuzlu beynəlxalq film festivalında təmsil olunmağımız hələlik çox çətin görünür".
Hazırladı: Xalidə Gəray
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ