İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dünyanın iqtisadi xəritəsində müstəsna yeri bu cür əldə edib – Prezident möhtəşəm uğurların səbəbini açdı

“Azərbaycan dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında deyib.

Prezidentin səsləndirdiyi fikir tarixi reallıqdır. Bu gün Azərbaycan nefti onlarla ölkəyə satılır. Müstəqil Azərbaycanın həyata keçirdiyi uğurlu neft strategiyası 32 illik müstəqillik dövründə ölkəmizə yüz milyardlarla dollar gəlir gətirib. Məhz bu strategiyanın reallaşması istiqamətində mərhum Prezident Heydər Əliyev, daha sonra hazırkı Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Azərbaycan dövləti öz neft-qaz ehtiyatlarının işlənməsinə dair beynəlxalq şirkətlərlə imzaladığı müqavilələrə daim sadiq qalaraq, ona yaxın regional əhəmiyyətli neft-qaz layihəsinin uğurla icrasını təmin edib.

Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir: “Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir”.

Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir - ŞƏRH EDİLDİ

Azərbaycanın etibarlı tərəfdaş olduğunu Rusiyanın qaz şantajı ilə üzləşən Avropa İttifaqının rəsmiləri dəfələrlə vurğulayırlar. Bu, təsadüfi deyil. Azərbaycanın böyük maliyyə hesabına reallaşdırdığı Cənub Qaz Dəhlizi bu gün Avropanın ümid etdiyi alternativ qaz mənbələrindən biridir. Azərbaycan Cənub qaz Dəhlizi ilə artıq 7 Avropa ölkəsinə qaz çatdırır. Ölkəmizin Avropanın enerji təminatındakı rolunu 2022-ci ilin iyulunda Bakıya gələrək, enerji sahəsində anlaşma sazişi imzalayan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen xüsusi qeyd edərək, ölkəmizi dəfələrlə etibarlı tərəfdaş olaraq vurğulyıb.

Azərbaycan etibarlı tərəfdaşlığını həmin sazişə uyğun olaraq Avropaya qaz ixracını artırmaqla bir daha sübut edir. Energetika Naizrliyinin məlumatına əsasən bu ilin 8 ayı ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Avropada Azərbaycan Bolqarıstan, Yunanıstan, Rumıniya, İtaliya, Macarıstana qaz tədarük edir.

Ölkəmizdən Avropaya təbii qazla yanaşı, elektrik enerjisi və yaşıl enerjinin də ixracını nəzərdə tutan memorandumda nəzərdə tutulan müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Azərbaycanın ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.

Onu da bildirək ki, Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Bərpa və yenidənqurma işləri Qarabağa yeni nəfəs gətirəcək

Azərbaycan ötən il Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı şirkətləri ilə ümumi istehsal gücü 450 mVt olan külək və günəş elektrik stansiyalarının qurulmasına dair müqavilə imzalayıb, hər iki stansiyanın 2 ilə istifadəyə verilməsi nəzərdə tutulur. Bp şirkəti isə Cəbrayıl rayonunda 240 mVt-lıq günəş stansiyası qurur. Azərbaycanın ən böyük elektrik stansiyası olan “Azərbaycan” İES-də aparılan işlər burada da istehsal gücünün kəskin artımına gətirib çıxaracaq. Beləliklə, yaxın 2-3 il ərzində Azərbaycanın elektrik enerjisi ixracı potensialı kəskin artacaq. Bu isə Qara dənizin dibi ilə çəkiləcək kabellə ötürüləcək enerji gücünün təmin olunmasına imkan verəcək.

Cair ilin yayında Buxarest şəhərində Azərbaycandan Avropaya yaşı enerjinin ixracı istiqamətində daha bir addım atılıb. Belə ki, “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib. Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri də iştirak edib. İclasda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq.

İclasda layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib.

Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Ölkənin nəqliyyat infrastrukturu Asiyadan Avropaya yükdaşımaların ən səmərəli marşrutlarının tələbatını ödəyəcək həddə gətirilir. Bütün bunları öz hesabına həyata keçirir. Bu isə bir daha göstərir ki, Azərbaycanın uğurla həyata keçirdiyi regional layihələrdən əldə etdiyi gəlirlər dövlətin və xalqın mənafeyinə sərf olunur. Bu mənafe həm də torpaqlarımızda 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoyulmasını tələb edirdi. Azərbaycanın yaratdığı güclü ordu 2020-ci ildə 44 günlük Vətən Müharibəsi dövründə işğal altında olan torpaqlarımızın əksər hissəsini azad etdi. 2023-cü ilin sentyabrında Qarabağ bölgəsindəki silahlı qruplaşmalara qarşı keçirilən 24 saatlıq uğurlu antiterror əməliyyatı Azərbaycanda separatizmin tamamilə aradan qaldırılmasına imkan yaratdı.

Üç rübdə 62,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

Təbii sərvətlərdən əldə olunan gəlirlərin iqtisadiyyatın kompleks inkişafına yatırılması nəticəsində son 20 il ərzində Azərbaycanda ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borc ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcunu on dəfə üstələyir.

Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri yoxsulluq idi: ərazilərimizin işğalı nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkün axını ilə üzləşmişdik: “Nəticədə 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub”.

Bu gün Azərbaycan dövləti üçün əsas çağırış azad olunan ərazilərin bərpasıdır. Bu prosesi ölkəmiz cüzi istisnalarla öz hesabına həyata keçirir. Lakin 30 ilə yaxın bir dövrdə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntılar o qədər böyükdür ki, bərpa prosesinə xarici investorların cəlb olunması zərurəti yaranır. Azərbaycan azad olunan ərazilərdə çalışacaq investorlar üçün çoxsaylı güzəşt və imtiyazlar tətbiq edib. Son iki həftə ərzində ərazilərimizdəki millətçi separatizmin tam iflasa uğradılması azad olunan əraziləri investorlar üçün daha cəlbedici edəcək. Çünki Prezidentin də qeyd etdiyi kimi, siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır: “Çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR