Onlayn ictimai-siyasi qəzet
Yəqin sizlərin də rastına belələri çıxıb: nə yaxşılıq eləsən havaya gedir, elə bilirlər belə də olmalıdır və ya olmalı idi. Düzdür, el dilində həmin kəslərin daha maraqlı və kreativ təsviri (adı) var, amma nə təəssüf, onu burada söyləmək mümkün deyil.
Fransa da bax o yaxşılıq və xoş münasibət anlamayanların yekə masştabda başqa bir tayıdır. Halbuki, müstəqilliyimizin ilk illərindən üzü bəri heç bir dönəmdə onların ayağını (yarımca dəfə də olsun!) tapdalamadıq, hər mümkün fürsətdə hörmətlə yanaşdıq, Ulu Öndərin də, İlham Əliyevin də Prezident seçkilərindən sonra getdikləri ilk xarici səfərlərdən biri məhz Fransa oldu, “Heydər Əliyev Fondu” bu ölkədə nə qədər xeyirxah və böyük layihələrə imza atdı, işlər gördü. Fəqət, çifayda! Elə bil daşa dəyib qayıtdı. Anlamadılar. Qavramadılar. Qarşılıq verə, adekvatlıq göstərə bilmədilər.
Burunlarından gəlsin!
İndi isə səhərdən axşama qədər Ermənistan üçün sərhəd boyunca silah daşıyırlar. Və guya öz aləmlərində dost dəstəyi göstərirlər, qardaş təəssübkeşliyi çəkirlər. Amma paralel fonda bir məqamı unudurlar ki, belə təşviqlərlə, mərdimazarlıqla, katalizatorluqla, açıq riyakarlıqla hətta dost dediyinin özünü belə qoruya və həmin dostluğun obrazını yarada bilmərsən. Çünki, dost dalaşdırmır, barışdırır.
“Söyüş müxalifəti”ni davamlı və sabit şəkildə bəsləyən, Vidadilərə, Turallara 3 əlli qucaq açan, onları ən yüksək, hətta xüsusi xidmət orqanları səviyyəsində qoruyan, Bakıdakı tədbirlərinə, yığıncaqlarına yalnızca radikal müxalifət nümayəndələrini dəvət edən, viza mövzusunda sadə insanlar üçün min cür bürökratik əngəllər törətsə də həmin vizanı Leyla və Arif Yunus cütlüyünə (hələ də bilmirəm ki, onların hansı kişi, hansı arvaddır) 1 saatın içində peşkəşləyən Fransanın konkret olaraq bizdən istədiyi, umduğu, arzuladığı şey nədir, inanın, tam səmimi deyirəm: bu günə qədər anlamaqda çətinlik çəkirəm.
Bir dövlətin digərindən xoşu gəlməyə, onunla dost olmaya, fərqli dinlərə, irqlərə, dünyagörüşünə, mental dəyərlərə sahib ola bilər. Bu çox normaldır. Amma normal olmayan budur ki, sən yaxşılıqdan başqa heç nə etməyəsən, diplomatik protokolu, etiket qaydalarını daim gözləyəsən, düşmənçilik üçün heç bir zəmin yaratmayasan, amma qarşındakı belə hoqqalar çıxara, sənin əleyhinə bu qədər iş apara, həyasızlıqlar edə, biabırçı davranış sərgiləyə...
Hə, bizim də fransızlar üçün ürəyimiz getmir. Orası dəqiqdir. Adları da heç bir zaman xeyirə çəkilməyib. Xatırlayıram, bir vaxtlar 2 ölkə arasında yaşanan diplomatik problemlərdən dolayı Jak Şirakı çox ağır şəkildə hədəfə alan deputatımız belə olub. Hətta rəhmətlik Siyavuş Aslan da məşhur filmdə tərəf müqabilinə “Yalansa, səni fransuzki ilan vursun”- deyir. Və ya, kimsə mövzuya girə bilməyəndə “mən də söhbətə fransız qaldım”- xitabını edir. Nəhayət, bir qafiyə var, o da maraqlıdır: “Nə var-nə yox Fransa? Ağrayırmı haransa?”.
Əlqərəz, nümunələr çoxdur.
***
Qayıdaq silah məsələsinə. Tutaq ki, daşıdın və çatdırdın. Sonra? Unutdunmu 44 günü, 23 saatı? Sən elə bilirsən Azərbaycan Ermənistan-filandırmı? Yoxsa qanını axıtdığın Əlcəzairdi? Bəlkə əvvəldə min cür “tırka” verib, sonra arxasından qaçdığınız ölkə ilə səhv salmısız bizi? Ya da bir başqasıyla?
Qələbəmiz çoxlarını incidib, bilirik. Sadəcə bu qədər təxmin etmirdik. Bəli, başa düşürdük ki, maskalar yırtılacaq, hər cür buqələmun üzərimizə yürüyəcək, başımız üzərində vızıldayacaq. Amma bir daha təkrar edirəm: bu qədərini gözləmirdik...
Gedin, neynirsiz edin. Zamanı çatanda, qulağınızın dibində “dəmir yumruq” növbəti dəfə işıldayanda iməkləyə-iməkləyə, sürünə-sürünə, yalvara-yalvara gələcəksiz, sülh müqaviləsi üçün.
Və inanın, o gün uzaqda deyil...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ