Onlayn ictimai-siyasi qəzet
Çinin 2025-ci ilə qədər üstünlük təşkil edəcəyi əsas sahələr kimi 10 əsas texnologiya sənayesi seçilib. İlk üçlüyə elektrik nəqliyyat vasitələri də daxildir. Sıralamada süni intellekt, kvant hesablamaları, elektrik nəqliyyat vasitələri, bərpa olunan enerji və akkumulyator texnologiyaları qeyd olunub. Bir çox sahələrdə, xüsusilə elektromobil sahəsində Çin uğurla əsas oyunçuya çevrilib və bəzi sahələrdə hətta ən optimist hədəfləri də keçib. Çin əvvəlki avtomobil istehsalı mərkəzlərini (Almaniya, Yaponiya, ABŞ) üstələyib və BYD kimi elektromobil istehsalçılarının yüksəlişi sayəsində indi hər hansı digər ölkədən daha çox avtomobil satır. Elektrikli avtomobillərin uğurunun Çinin hazırda dünyanın ən böyük akkumulyator istehsalçısı olması ilə çox əlaqəsi var. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bərpa olunan enerji sektorunda Çin qlobal günəş paneli təchizat zəncirinin 80-95%-ni təşkil edir. Tədqiqatçılar Çinin əsas bərpa olunan enerji ölkəsi olduğunu və 2028-ci ildə dünya bərpa olunan enerjinin 60 faizinin Çindən gələcəyini proqnozlaşdırdılar.
Bəs ölkəmizdə elektromobillərlə bağlı vəziyyət necədir? Azərbaycanda da elektromobillər istehsal oluna bilərmi?
Azərbaycanın yaşıl inkişaf və rəqəmsallaşma ilə bağlı tutduğu yol Çinlə birgə fəaliyyət üçün imkanlar yarada bilər. Bu haqda ötən il Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin CGTN telekanalına müsahibəsində demişdi.
“Çin şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə qoyurlar, biz bunu minnətdarlıqla qəbul edirik, çünki bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu, xüsusən də Çin şirkətlərinin yaxşı təmsil olunduğu tikinti materialları və neft-kimya məhsullarının istehsalıdır”, - deyə şöbə müdiri bildirmişdi. Hikmət Hacıyev qeyd edib ki, yaşıl enerji sahəsində belə əməkdaşlığa misal olaraq “ACWApower” şirkətinin çinli tərəfdaşlarla birgə fəaliyyətini göstərmək olar: “Çin məhsulları və inşaatçıları günəş və külək enerjisi layihələrinin həyata keçirilməsində iştirak edirlər. Çin bu işdə milli və qlobal səviyyədə praktiki nəticələr nümayiş etdirir, həmçinin öz nailiyyətlərini başqaları ilə bölüşür”. Hikmət Hacıyev çinli tərəfdaşların köməyi ilə Azərbaycanda bərpa olunan enerji sektoru üçün istehsal müəssisələrinin, ölkədə elektromobillərin istehsalı xəttinin yaradılması planlarının olduğunu da açıqlamışdı. Hələlik bu istiqamətdə konkret addımlarla bağlı məlumat yoxdur. Azərbaycan qanunvericiliyinə əsasən, bu növ avtomobillərin idxalı və satışı, eləcə də enerjidoldurma alətlərinin idxalı ƏDV-dən azad olunub. “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda yer alan müddəalardan biri də ekoloji cəhətdən daha təhlükəsiz, ətraf mühitə az zərərli nəqliyyat vasitələrinin, xüsusilə də elektromobillərin Azərbaycanda stimullaşdırılması üçün tədbirlərin görülməsi ilə bağlı idi. Lakin yenə də inkişaf etmiş ölkələrlə müqayisədə elektormobillərə ölkəmizdə daha az rast gəlinir. Doğrudur, son illərdə bu sahədə artım var, amma istənilən səviyyədə deyil. Elektrik mühərrikli nəqliyyat vasitələrinə marağın az olması isə əsas səbəbləri kimi təbliğat və maarifləndirmə kampaniyasının istənilən səviyyədə olmaması, bazarda bu elektromobillərin azlığı səbəbindən ikinci əl elektromobillərin sayının azlığını göstərmək olar. Statistikaya görə, Azərbaycanda atmosferi 80 faizdə artıq çirkləndirən məhz nəqliyyat vasitələridir. Xüsusilə də, istehsal ili köhnə olan nəqliyyat vasitələrinin yollarımızda şütüməsi atmosferə vurulan zərərin miqdarını daha da artırır. Elektromobillər isə daxiliyanma mühərriki yoxdurvə müvafiq olaraq atmosferə zərərli qazlar buraxmırlar. Ekspertlərin hesablamalarına görə, ölkənin avtomobil parkının 30 faizi elektormobillərlə əvəzlənərsə, atmosferə atılan çirkləndiricilərin həcmini də qənaətbəxş səviyyəyə endirmək mümkün olacaq. Ekoloji cəhətdən təmiş olması ilə yanaşı elektromobillərin xərcləri də azdır. Elektromobilə sahib olan sürücülər daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə 4-5 dəfə daha az xərc çəkirlər. Bundan əlavə, daxiliyanma mühərriklərinin yağ dəyişimi, mühərrikə qulluq, əyləc, soyutma sistemlərinin təmirinə ayrılan xərclər elektromobillər üçün keçərli deyil. Elektromobillər ekologiyaya ziyan vurmur, nəqliyyat vasitəsinə ayrılan xərclərimizin də əhəmiyyətli azalmasına yol açır. Bu baxımdan Azərbaycanın nəqliyyat sektorunda radikal dəyişikliklərə ehtiyac var. Ölkədə elektromobil istehsalı vəziyyəti kökündən dəyişə bilər. Nəqliyyat xərclərinin azalması digər sahələrin də inkişafını stimullşadıra bilər. Son illər ölkəmizdə elektrik mühərriki ilə işləyən avtomobillərin sayı artır. Bu tendensiya 2024-cü ildə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il yanvar ayının 1-nə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd təşkil edib. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur. Xatırladaq ki, 2024-cü il yanvarın 1-nə ölkədə 3115 elektromobil olub. Yeri gəlmişkən, ötən il Azərbaycana, ümumilikdə, 91,8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun da 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ