Onlayn ictimai-siyasi qəzet
Azərbaycan qazının Bolqarıstana tədarükünün illik həcmi iki dəfə artıb və 2024-cü ildə 2 milyard kubmetr təşkil edib.
Musavat.com xəbər verir ki, bunu Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov Bolqarıstanın “Nova” nəşrinə bildirib.
Səfirin sözlərinə görə, Bolqarıstana qaz Avropa bazar qiymətindən ucuz satılır:
“Biz Azərbaycan qazının Bolqarıstana tədarükünü artırmışıq və qiymətlər də münasibdir - SOCAR qazının bazar qiymətindən nisbətən aşağıdır. Biz tədarükləri 1 milyard kubmetrdən 1,2 milyard kubmetrə, sonra isə 1,5 milyard kubmetrə çatdırdıq, ötən ilin sonunda isə Azərbaycan qazının həcmi 2 milyard kubmetrə çatıb. Bu o deməkdir ki, biz Bolqarıstanın təbii qaza olan ehtiyacının əsas hissəsini qarşılayırıq”.
Səfir xatırladıb ki, 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti “Bulgargaz” şirkəti ilə Bolqarıstana illik 1 milyard kubmetr qaz tədarükü üçün 25 illik müqavilə imzalayıb: "Lakin Bolqarıstanda baş verən enerji böhranından sonra və Sofiya hakimiyyətinin tələbi ilə biz qaz tədarükünü artırmağa başladıq, çünki sənayeniz təbii qazdan asılıdır".
O bildirib ki, 2022-ci ildə Azərbaycan Aİ ilə enerji sektorunda strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalayıb:
“Biz ilkin olaraq Trans-Adriatik Boru Kəməri ilə Aİ-yə 10 milyard kubmetr təbii qaz tədarük etməyi gözləyirdik, lakin sizin regionunuzda və bütövlükdə Avropada vəziyyəti nəzərə alaraq, biz Avropa bazarına qaz tədarükünü artırdıq. Nəticədə Ötən ilin sonuna qədər bu, təxminən 13 milyard kubmetr təşkil edib”.
Hüseyn Hüseynov qeyd edib ki, Azərbaycan hazırda “12 Avropa ölkəsinin ərazisinə” qaz ixrac edir:
“Bu baxımdan Bolqarıstan Azərbaycan tərəfindən qaz tranziti baxımından çox mühüm ölkə kimi qəbul edilir, çünki ölkəniz inkişaf etmiş daxili qaz nəqli şəbəkəsinə malikdir”.
Qeyd edək ki, 2023-cü ildə Bolqarıstan Azərbaycandan 1 milyard 250 milyon kubmetr qaz alıb.
Hazırda Azərbaycanın 10 Avropa ölkəsi ilə qaz təchizatı müqaviləsi var: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya və Şimali Makedoniya. Bu ölkələrdən üçü ilə - İtaliya, Yunanıstan və Bolqarıstanla sabit tədarük həcmi ilə uzunmüddətli müqavilələr, qalanları ilə isə dəqiq alış həcmi olmayan müqavilələr imzalanıb.
Musavat.com
28 Yanvar 2025
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ