Onlayn ictimai-siyasi qəzet
Yəqin ki, özünü din adamı hesab edən adamın İnternet resurslarında yayılmış videoda musiqisevərlər haqqında dediyi sözlərdən xəbəriniz var.
Yoxdursa, yazım, biin, həmin şəxsin söhbətinin qısa rezumesi belədir, deyir: “Mümkün deyil ki, musiqi dinləyən adam böyük fühuş əməllərə bulaşmasın. ... Musiqiyə qulaq asan adam zinakardır”.
Heç nə. Durduğumuz yerdə millət olaraq zinakar olduq və fühuşa bulaşdıq. Bu ölkədə yeddi aylığından 97 yaşlısına qədər musiqiyə qulaq asmayan insan varmı? Bir nəfər də tapa bilməzsiniz. Musiqini sevməyən, qanmayan ola bilər, amma musiqi məclisində olmayan, heç vaxt ona qulaq asmayan ola bilməz. Eşşək eşşəkdir, o da sümüyünə düşən musiqi eşidəndə yerində soncuqlayır.
Axtarsan, musiqiyə qarşı çıxan oğlan bir az gənc vaxtlarında toyda oynamaq üstündə dava salanlardan, güzgü qabağında saatlarla məşq edənlərdən olub. İndi elə dindən, imandan danışdığına baxmayın. İşinə gələndə fikir dəyişənləri çox görmüşük.
Məsələn, ötən əsrin 70-ci illərində kasetli maqnitofonlar dəb olanda və bütün İran xalqı, xüsusilə də gənclər Ququşun kasetini (“Man amadeam”) alıb dinləyəndə mollalar deyirmişlər, maqnitofon şeytan əməlidir, kafirlərin icadıdır, ay aman, qoymayın, din-iman əldən gedir. Üstündən 1-2 il keçib, həmin mollalar Fransadan sığınacaq almış ayətullah Xomeyninin çıxışları yazılmış, xalqı şaha qarşı üsyana çağıran kasetlərini bütün İrana yayıblar. Beləcə, islam inqilabı həmin o “kafir icadı, şeytan əməli” olan cihazın sayəsində baş tutub.
Danışanda gülümsəmə mimikasını kəskin şəkildə dəyişib ciddi sifətə düşən, sonra suratında yenidən fərqli qrimaslar əmələ gətirən dindar bir şeyi unudur ki, islam dininin ayrılmaz atributu olan azanın özü musiqi sədasıdır. O vaxt dini məhz peyğəmbərin yaxın dairəsinə daxil olan gözəl səsli Bilalın oxumasıyla yayıblar. Qılınc amili də öz yerində.
Bir çox islam ölkələrində ilahilər, mərsiyələr hələ də aparıcı roldadır.
Bu “Taliban” düşüncəsidir, insanları islamdan da əvvəlki dönəmlərə, hətta daş dövrünə qaytarmaq istəyirlər. Özləri “Ayfon” işlədir, pikap sürür, yayda kafir icadı olan kondisionerlərin altında mütəkkəyə dirsəklənirlər, camaata peyk antenasıyla televizora baxmağı yasaqlayırlar. Olmaz, gözəllik salonu, bərbərxana da olmaz, heç nə olmaz. Keçən il 7 dəlləyi bir gecədə başlarından güllələmişdilər. Üz qırxırmışlar. Yaxşı, üz qırxmaq olmaz, bəs camaatın uzanan saçını kim qırxacaq? Hələ hakimiyyətə yenidən qayıtdıqları günlərdə “taliblər” Baqlan vilayətinin Əndərab şəhərində məşhur musiqiçi Favadı evindən çıxarıb həyətində güllələmişdilər ki, musiqisi islama ziddir.
İndi belələrinə ha de ki, musiqi ruhun qidasıdır, insanı yeri gələndə duyğulandırır, bəzən qüssələndirir, düşündürür, çox vaxt kefini açır, dərd-qəmini qovur, deyəcəklər, yox, musiqi insanları yoldan çıxarır.
15-20 il öncədən ölkədə musiqi səslənən məclisə girməyənlər var. Qadınlı-kişili. Deyirlər, haramdır. Bu, həyati zövq imiş, əslində isə axirətə hazırlaşmaq lazımdır. O dünyada İnkir-Minkirə cavab vermək lazım gələcək. Təsəvvür edin, İnkir adamın dosyesini çıxarıb deyir: “Sən 1982-ci ildən etibarən toylarda 1234 dəfə Ağadadaşın “Könlüm qəmi neylər” mahnısına oynamısan, cavab ver”. Minkir o tərəfdən təklif verir: “Baltanı gətirim?” İnkir deyir, dayan hələ, qoy desin görüm, Aygün Kazımovanın “Tı i ya” mahnısına nə məqsədlə qulaq asıb, klipdəki o məşhur epizodu görəndə nə fikirləşib və niyə zinakarlıq edib?”
Di gəl, bunları başa sal ki, vallah, musiqinin adamı böyük fühuş əməllərinə bulaşdırdığı haqq-hesabını son vaxtlara qədər bilməmişik. Nə bilək, elə bilirdik, yaxşı şeydir. İnkir əsəbiləşir: “Necə bilməmisən? Bəs Arif Babayev “Yar bizə qonaq gələcək” oxuyanda düşünmürdün ki, yarın, yəni o naməhrəm qadının sizdə nə işi var? Gələcəyini bilirdin və ümid edirdin ki, ola bilər, sabah gələcək. Zinadır”.
İndi bunları yazıram, vahimə basır. Alla Puqaçovanın mahnılarına görə nə cavab verəcəyik? Hələ bunun çimərlik paltarında oxuyan Cenifer Lopesi, göbəyi açıq rəqs edə-edə “Vaka-vaka” deyən Şakirası var. Heç nə yox, müasir oxuyançıların bizi bulaşdırdığı fühuş əməllərə görə cavab vermək çətin olacaq. Namxuda, bir çoxunun reperturarı fühuşvaridir.
Beləcə, aydın olur ki, müsəmançılığın şərti çox ağırdır. Bir addım sağa, bir addım sola fühuş və zina sayılır, ilk fürsətdəcə cəzalandırılır. Stalinin dövründə həbs düşərgələrində kolonla aparılan dustaqlara elə deyirmişlər: “Bir addım sağa, bir addım sola qaçış sayılır və adam yerindəcə güllələnir”.
Xüləs, vəziyyət belədir. Gərək qara günümüzü qablayıb oturaq, səhərdən axşama qədər ölümdən danışıb, ağlaşaq. Yəqin ki, bərkdən və avazla ağlamaq da olmaz, hiss edilmədən musiqiyə keçər, günaha batarıq.
P.S. Ancaq, öz aramızdır, “İran təranələri”ndə nəsə bir az yoldan çıxarıcı elementlər var.
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ