Onlayn ictimai-siyasi qəzet
Moldovaya bağlı Qaqauziyada mitinq keçirən qaqauzlar Kişinyovu ölkənin cənubunda muxtariyyətin ləğvinə yönəlmiş hərəkətlərdə ittiham ediblər.
“Qaqauz xalqı” (“Qaqauz xalkı”) ictimai hərəkatının lideri İvan Burquci Rusiya mediasında deyib ki, Moldova hakimiyyəti “Qaqauziyanın səlahiyyət və hüquqlarını rayon səviyyəsinə endirməyə çalışır”.
O bildirib ki, qaqauzların yaşadığı kəndlərdə yerli şuralar səviyyəsində vəziyyətlə bağlı müzakirələrə başlanılıb və fevralda bütün səviyyəli deputatların qurultayı olacaq, orada müstəqil “Qaqauz respublikası” statusuna qayıtmaq məsələsi müzakirə oluna bilər.
Qaqauz muxtariyyətinin başqanı (rəhbəri) Yevgeniya Qutsul bir gün əvvəl keçirdiyi brifinqdə Moldova hakimiyyətini enerji böhranı zamanı, təkcə istilik xərclərinin pensiyaların həcmini aşdığı bir vaxtda Qaqauz xalqına yardımın göstərilməsinə mane olmaqda ittiham edib. Moldovada qadağan olunmuş “Şor” partiyasının lideri İlan Şor qazın bahalaşması ilə əlaqədar təqaüdçülərə və Qaqauziyanın aztəminatlı sakinlərinə 1000 ley təzminat vəd edib. Qutsul Moldova prezidenti Maya Sandunu “qarşıdan gələn elektrik kəsintiləri, əlçatmaz qaz tarifləri və zəruri mal və xidmətlər üçün yeni qiymət artımı”nda günahlandırıb.
Qutsul deyib: “Biz insanları dəstəksiz qoymuruq. İlkin hesablamalara görə, 22 mindən çox ailə yardım ala biləcək. Ehtiyacı olan hər bir ailənin vaxtında yardım ala bilməsi üçün müraciət prosesi mümkün qədər sadələşdiriləcək”.
Hələ Moldovada keçirilən prezident seçkilərindən əvvəl Qaqauziyada ictimai-siyasi durumun gərginləşəcəyi, daha dəqiqi, gərginləşdiriləcəyi təxmin edilirdi. Bu, Maya Sandunun prezident seçilməsi təqdirində olacaqdı. Onun rəqibi Aleksandr Stoyanoqlo seçilsəydi, ən azı Qaqauziyada hər hansı bir ictimai-siyasi gərginlik olmayacaqdı.
Çünki Maya Sandu Qərbyönlü, A.Stoyanoqlo isə Rusiyayönümlü siyasətçidir. Moldava xalqı bütövlükdə Avropaya inteqrasiyaya könül versə də, Qaqauziyadakı televizorların çanaq antenləri Moskvaya tuşlanıb.
Rusiyanın ən kiçik əyaləti boyda olan Moldovanın kiçik bir əyaləti olan Qaqauziyanın başqanı Yevgeniya Qutsul istədiyi zaman RF prezidenti Vladimir Putinlə görüşə bilir. Bu, Rusiyanın, Kremlin Qaqauziyaya xüsusi diqqətinin göstəricisidir. Məsələ heç də quru diqqətlə yekunlaşmır, Moskvanın bu muxtariyyatla bağlı planları da var.
Rusiya hələ 32 il öncədən Moldovanın bağrında paytaxtı Tiraspol olan separatçı qurum - “Dnestryanı bölgə” yaradaraq himayə edir. Amma belə görünür ki, Moldovanı yüyəndə saxlamaq üçün bir separatçı bölgə kifayət etmir, Kişinyovu Avropa istiqamətindən sapdırmaq üçün Qaqauziyanın da “müstəqil respublika” olması lazımdır.
Proses bu istiqamətdə gedir. Rusiyanın Moldovada təsir rıçaqları güclüdür. Sandudan əvvəlki iqtidarlar sırf Moskvayönümlü olublar. Ancaq Moldova prezidentləri və baş nazirləri nə qədər Moskvaya loyal olsalar və “Moskvanın adamı” kimi tanınsalar da, Kreml onların Tiraspolu yenidən Moldovanın yurisdiksiyasına almalarına imkan verməyib. İndi isə RF rəhbərliyi Moldovaya Qaqauziya problemi yaratmağa çalışır, uzun barmaqlarını uzadaraq bölgəni qurdalayır.
Bu məqsədlə özü ağır gündə olan Rusiya Kişinyovun başı üzərindən qaqauzlara maliyyə yardımı göstərməyə çalışır. Kişinyov bu yardımın qarşısını almağa çalışsa da, qaqauzlar yardımı Dnestryanı bölgədə fəaliyyət göstərən banklar vasitəsilə alırlar.
Qaqauziya parlamentinin sədri Dmitri Konstantinovun sözlərinə görə, Moldova Respublikası “Qaqauziyanın xüsusi hüquqi statusu haqqında” (“Qaqauz yeri”) qanunun müddəalarının siyasi muxtariyyət kimi həyata keçirilməsinə qəsdən maneə törədir.
Bu yaxınlarda Aİ-nin Moldovadakı nümayəndələri Moldova rəhbərliyinə muxtariyyətə səfər etməyi və sıravi qaqauzlarla ünsiyyət qurmağı tövsiyə ediblər. Ona görə ki, avropalılar bu bölgədə güclənən separatizm meyllərini hiss edir, onların arxasında duran gücün hansı dövlət olduğunu bilirlər və istəmirlər ki, Moldovanın içində yeni bir hərbi konflikt yaransın. Ancaq Kişinyov nəyə görəsə bu məsləhətə əməl etməyib. Ola bilər ki, Sandunun iqtidar komandası Rusiyanın qaqauzlarla necə fəal işlədiyinə, heç bir səfərin ümumi işə kömək etməyəcəyinə əmindirlər.
Budur, artıq Komrat şəhərində (Qaqauziyanın paytaxtı) mitinq keçirilib, sakinlər bütün deputatların qurultayını keçirməyi və bölgənin gələcəyinə dair qərar verməyi tələb ediblər. “Qaqauz xalqı” ictimai hərəkatının rəhbəri İvan Burquci izah edib ki, Moldova parlamentinin qanunları Qaqauziya ərazisində tətbiq olunmağa davam edə bilər, lakin Qaqauziya Xalq Assambleyasının qəbul etdiyi qanunlarla ziddiyyət yaranarsa, ikincisi üstünlük təşkil edəcək.
Burquci onu da deyib ki, son 30 ildə Moldovanın ali hakimiyyət orqanları və rəhbərliyi qaqauzların bu hüququna məhəl qoymurlar. Onun sözlərinə görə, Aİ ilə yaxınlaşma kursu elan edən və Moldovanın Avropa İttifaqının demokratik və hüquqi prinsiplərinə əməl edəcəyinə dair vəd verən ölkə rəhbərliyi sözünün üstündə durmur və Qaqauz muxtariyyətinin hüquqlarını pozur.
Eyni zamanda, Qaqauziya parlamentinin birinci rəhbəri, “Qaqauz respublikası”nın yaradıcılarından biri Mixail Kendigelyan Rusiya mediasına deyib ki, bir vaxtlar qaqauziyalılar sülhü qorumaq və müstəqil respublika əvəzinə muxtariyyət yaradılmasına razılaşıblar və o, Kişinyovun “Qaqauziyanın xüsusi hüquqi statusu haqqında” qanunu icra edcəyinə ümid bəsləyir.
Xatırladaq ki, 2014-cü ildə Qaqauziyada referendum keçirilib və seçicilərin 96%-dən çoxu Qaqauziyanın “öz müqəddəratını təyinetmə” hüququna səs verib. Kendigelyanın sözlərinə görə, qaqauzlar bütün deputatların qarşıdan gələn qurultayında bu barədə danışacaqlar.
Beləliklə, hər şey hazırdır. Qaqauzlar aşı dəmləyib, süfrəni açıblar, Moskvadan əmr gələn kimi toplaşacaq, “Kişinyovla yollarımız ayrıldı” bəyanatı verəcəklər.
Araz Altaylı, Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ