Onlayn ictimai-siyasi qəzet
149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JU 529 nömrə nişanlı avtobusdan şikayət var.
Musavat.com xəbər verir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi sakini bu barədə sosial mediada yazıb:
"Ötən gün 18:20-də Sahil metrostansiyasının yanından, Zərifə Əliyeva küçəsindən çıxan avtobus Sahil qəsəbəsinə 19:35-də çatdı. Hərəkətdə ikən sürücü avtobusu normal şəkildə idarə etmirdi. Qəfil qaz/"tormoz" verirdi. Tormoz etdiyi halların birində Azneftə çatmamış az qala qəzaya düşürdük. Muğam Mərkəzinin yanında da bir 60-70 yaşlı xanım soruşdu ki, "Bayıl Market"ə gedir, ya yox. Normal adam kimi hə, yaxud yox deməkdənsə kobud şəkildə "ancaq dayanacaqda saxlayıram" dedi. Halbuki "Bayıl Market" elə dayanacaqdır. Xanım yenə soruşdu, yenə reaksiya vermədi, qapını bağladı düz üzünə və sürdü. Növbəti dəfə pis idarəetmədən narahat olanda bir neçə xanım narazılıq bildirdi. Sürücü düz Sahil qəsəbəsinə qədər 20 km/s ilə sürdü. Bibiheybətdən qəsəbəyə qədər bu sürətlə gəldi".
Xatırladaq ki, ötən ilin aprel ayından 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilərək "Sahil" metrostansiyasından Sahil qəsəbəsinə müəyyən edilib.
Musavat.com hadisə ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərib. Sorğuya cavab olduğu təqdirdə dərc ediləcək.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ