Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda futbol mövsümü finiş xəttinə yaxınlaşmaqdadır.
Mayın 26-da Premyer Liqaya yekun vurulur. İyunun 2-də isə Azərbaycan kubokunun final matçı keçiriləcək.
Ümumi mövsümün bitməsinə 2 ay qalsa da, klublar indidən transfer çalışmaları ilə məşğuldur. Hazırda onların arasında ən çox diqqət mərkəzində olan isə "Qarabağ"dır.
Bu da səbəbsiz deyil. Ağdam təmsilçisi son 11 ilin 10-da Azərbaycan çempionu olub, Avropa kuboklarında uğurlu çıxış edib.
Komandanın bu mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləməsi, bu mərhələdə Almaniya nəhəngi "Bayer"lə inamlı oyunu ona nəinki Azərbaycanda, Avropada da marağı artırıb. O cümlədən "Qarabağ"ın bəzi futbolçuları xarici klubların "radarına düşüb"...
Hazırda adı ən çox hallanan futbolçulardan biri Juninyodur. Ötən yay Portuqaliya "Çaves"indən "Qarabağ"a transfer olunan 27 yaşlı hücumçu hazırkı klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Lakin uğurlu oyunu ilə "Qarabağ"ın bombardiri olan Juninyonun artıq bu yay Ağdam klubunu tərk etmək ehtimalı az deyil. Eləcə də müqaviləsi hələ növbəti illərdə başa çatacaq Marko Yankoviçə, onun həmyerlisi Marko Veşoviçə də maraq çoxdur. Lakin indi onların yeni mövsümdə də "Qarabağ"da qalıb-qalmayacağı yüz faiz deyil və tərəflər bununla bağlı qəti fikir bildirməyə tələsmirlər.
İndidən dəqiq olan isə budur ki, hazırkı mövsümün sonunda 5 futbolçunun "Qarabağ"la müqaviləsi başa çatır.
Uğurlu oyunu ilə "Qarabağ"ın liderlərindən birinə çevrilən Bəhlul Mustafazədənin də müqaviləsi bu yay başa çatır.
Bəhlula da xarici klublardan maraq var. Amma o, gedəcəkmi, qalacaqmı, bax bunu zaman göstərəcək.
Digər mərkəz müdafiəçisi, "Qarabağ"ın kapitanı və veteranı Maksim Medvedevin də müqaviləsi bu yay başa çatır.
35 yaşlı futbolçu ilə müqavilənin uzadılıb-uzadılmayacağı hələlik məlum deyil.
22 yaşlı müdafiəçi Nihad Quliyevin də müqaviləsi bu yay başa çatır.
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın da müqaviləsi bu yay yekunlaşır.
35 yaşlı futbolçu karyerasının son illərini keçirir. Onunla müqavilənin artırılması ehtimalı bu gün üçün çox az görünür.
"Qarabağ"ın liderlərindən və azarkeşlərin sevimlisindən olan Abdullah Zubirin də müqaviləsi 2024-ci ilin iyununda başa çatır.
32 yaşlı futbolçu bu mövsüm da əla oyunları ilə xarici klubların diqqət mərkəzinə düşüb. Onların arasında Səudiyyə Ərəbistanı və Fransa klublarının olduğuna dair xarici mətbuatda xəbərlər yayılıb. Bununla belə Zubirin yeni mövsümdə də "Qarabağ"da qalması ehtimalı var.
Andrey Lunyova gəlincə isə ötən yay onunla 1+1 illik müqavilə bağlanılıb. Yəni Lunyovun müqaviləsinin daha bir il artırılacağına dair müqaviləsində şərt var. Bu mənada, onun qalıb-qalmayacağında əsas söz sahibi "Qarabağ"dır. (qol.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ