Onlayn ictimai-siyasi qəzet
“Qərb və Avropa Ukraynanı Rusiyanın xeyrinə güzəştə məcbur edəcək”
Bu ilin martında Rusiyada da prezident seçkisi keçiriləcək. Budəfəki seçki isə Ukraynaya qarşı işğalçılıq müharibəsinin davam etdiyi, Qərblə, beynəlxalq təşkilatlarla böhran və ya problem yaşandığı dövrə təsadüf edəcək. Məlumdur ki, Rusiya Ukraynanın yeni ilhaq edilmiş ərazilərində də səsvermə təşkil etməyə hazırlaşır.
Bu arada məlum olub ki, Avropa Parlamenti Rusiyadakı mart seçkisinin nəticələrini tanımamaqla bağlı çağırışları qəbul etməyib. Seçkilərin tanınmaması təklifini qurumun 705 deputatından yalnız 29-u dəstəkləyib. Bu barədə Estoniyanın ERR televiziya və radio yayımı məlumat yayıb.
Rusiya ilə bağlı müraciəti yalnız 15 Avropa ölkəsindən olan deputat imzalayıb. Buna da səbəb seçkinin təkcə Rusiyada deyil, Krım, “DXR”, “LNR”, Xerson və Zaporojye vilayətlərində də keçirilməsidir. Eston deputat Riho Terras bunu demokratik prinsiplərin pozulması hesab edir.
Bu qərar o deməkdirmi ki, Avropa İttifaqı Ukrayna ərazilərinin ilhaqını artıq tanıyır? İkinci yandan, işğalçı Rusiyaya belə loyallıq göstərən Avropa Parlamenti nədən Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilmir?
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Avropanın əsl mahiyyətinin hər kəsə məlum olduğunu bildirdi: “Öncə onu qeyd edim ki, Rusiya ilə Avropa arasındakı münasibətlərin dinamikası hər zaman dəyişkən olub və şimal qonşumuzun elə ancaq 2014-cü ildən 2019-cu ilə qədər Avropa Şurasından 4 dəfə çıxıb, 4 dəfə geri qayıtmasını bu dediyimə açıq misal və sübut kimi göstərə bilərəm. Yəni Avropa budur. Marağı üst-üstə gələndə hər şey yaddan çıxır. Gəlməyəndə isə hətta ortalıqda heç bir mübahisə predmeti yoxdursa belə münasibətləri poza bilir. Ona görə də Rusiyada keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının hazırkı mövqeyi kimsəni təəccübləndirməməlidir. Eyni zamanda hamı gec də olsa anlamalıdır ki, Avropanın, avropalıların ipinin üzərinə odun yığılası deyil. Sadəcə, məsələ burasındadır və sual doğuran məqam da odur ki, yaxşı, əgər bunlar Rusiya ilə bağlı illər sonra məlum mövqeni sərgiləyəcəkdilərsə, o zaman Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, öz halal torpaqlarını geri qaytarması, görəsən, Avropanı niyə belə pəjmürdə edib, onda bizə qarşı qıcıq yaradıb?
Əslində sual ritorikdir və cavabı da bəllidir: Avropa təlimatla, tezislə işləyir. AŞ PA-da əleyhimizə qəbul edilən qərar da məqsədli şəkildə verilib. Eyni zamanda Qərb dairələrinin əlində oyuncaq olan Almaniya və Fransanın birbaşa təsiri ilə reallaşıb.
Dünyanın ədalət mizanı, ikili standart bax budur. Beynəlxalq hüququ, onun prinsiplərini özlərinə sərf edən zaman istədikləri yerə plastilin kimi əymək “bacarığı” bax budur.
Təbii ki, bizim üçün kimsənin sözü, davranışı önəmli deyil. Çünki Azərbaycanın öz müstəqil siyasəti var və həmin müstəqilliyə söykənən milli strategiyanı heç bir kənar qüvvə, dövlət dəyişə, dəyişdirə bilməz.
Ayrıca, Avropanın bizdən üzrxahlıq edəcəyi gün də uzaqda deyil. Buna hər kəs əmin olsun".
Fuad Əliyev
7 fevral seçkisində prezidentliyə namizəd olmuş, Müstəqil Həmkarlar İctimai Birliyinin sədri Fuad Əliyev isə qeyd etdi ki, bu, Avropa Parlamentinin riyakarlığıdır: “Burada təəccüblü heç nə yoxdur. Çünki avropalı deputatlar erməni lobbisinin əlinə baxırlar. Bir sözlə, rüşvətə bulaşmış bu parlamentarilər erməni diasporasının sifarişini yerinə yetirirlər. Həmin deputatların öz ölkələrində separatizm problemləri var. Amma Azərbaycana gələndə bizim ərazi bütövlüyünə qarşı çıxırlar. Nə edirlərsə etsinlər, sadəcə, öz imiclərinə zərər vururlar. Düşünürəm ki, onlara o qədər də diqqət ayırmaq lazım deyil. Güclü Azərbaycanı həzm edə bilmirlər. Biz öz yolumuza davam edirik. Bundan sonra da belə mövqelərin şahidi çox olacağıq. Burada əsas səbəblərdən biri də xristian təəssübkeşliyidir. Bir sözlə, buna artıq öyrənmişik. Bizim yolumuz bəlli, hədəfimiz ortadadır. Hər şey qalib Azərbaycan üçündür”.
Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Ukrayna üçün çox ağır günlərin getdiyini söylədi: “Avropa Parlamenti əsl sifətini o zaman göstərdi ki, Ukraynanın ərazisini işğal edən Rusiyaya qarşı sanksiya tətbiq etdi, ancaq Azərbaycanın ərazisini işğal edən Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədi, əksinə, işğalçıya böyük dəstək verdi. Necə ola bilər ki, işğalçının biri pis, digəri yaxşıdır. Bu baxımdan Avropa İttifaqının ikili standarlarını bütün dünya görür. Digər tərəfdən, həmin Avropa İttifaqında olan deputatların böyük əksəriyyətini Rusiya pulla ələ alıb, qarşısında başı aşağıdırlar. Putin tək deputatları deyil, Almaniyanın rəhbərliyində olan, Avropanın aparıcı dövlətlərinin rəhbərliyində olan şəxsləri ələ alıb. Rusiyanın əleyhinə səs verilməməsinin səbəbi budur. Rusiya-Ukrayna müharibəsi başlayan gündən demişdim, sonra Qərb və Avropa Ukraynanı Rusiyanın xeyrinə güzəştə məcbur edəcəklər. Təsadüfi deyil ki, Ukrayna Administrasiyasının rəhbəri açıq şəkildə bəyan etdi ki, NATO bizi Rusiyaya güzəşt etməyə məcbur edir. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsini tək Avropa İttifaqı deyil, AŞ PA və digər mərkəzlər də qəbul edə bilmir. Elə bu səbəbdən də Azərbaycana qarşı kampaniya aparır, təzyiqlər göstərməyə cəhd edirlər. Ancaq Azərbaycan hökuməti bütün bunlara əhəmiyyət verməməlidir. Məcburi köçkünlərimizi qısa müddət ərzində Xankəndinə, Hadruta, Şuşaya, Xocalıya və digər ərazilərimizə yerləşdirməlidir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ