Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Tətbiqi Siyasi Araşdırmalar İnstitutunun eksperti Benjamin Poqosyan xəbərdarlıq edib ki, Ukraynada atəşkəsə nail olunarsa, öz resurslarını Cənubi Qafqaza yönəldə və regionda öz mövqelərini möhkəmləndirmək üçün bir sıra hərbi-siyasi addımlar ata bilər.
Musavat.com xəbər verir ki, Poqosyan bu barədə ABŞ-dakı erməni diaspor nəşri olan “The Armenian Mirror Spectator”da dərc olunan məqaləsində yazıb(mənbə:haqqın.az). Ekspertin fikrincə, Ermənistan hakimiyyəti bu təhlükəyə cavab olaraq Rusiya ilə münasibətləri normallaşdırmaq yollarını axtarmalıdır.
O hesab edir ki, böyük ehtimalla yaxın gələcəkdə Rusiya yenə də Cənubi Qafqazda geosiyasi dinamikanın hərəkətverici qüvvəsi olaraq qalacaq:
“Ukraynada potensial atəşkəs Moskvaya resursları Cənubi Qafqaza qaytarmağa və bununla da öz mövqeyini gücləndirməyə imkan verə bilər”, - erməni analitik qeyd edir.
Məqalədə 1991-ci ildən Ermənistanın necə Rusiyanın Cənubi Qafqazdakı forpostuna çevrildiyi deyilir. Müəllif xatırladır ki, buna baxmayaraq, son dörd ildə Ermənistanla Rusiya arasında münasibətlər xeyli dəyişib. İndi hər iki tərəfin qarşılıqlı narazılıqlarının uzun siyahısı var. Bununla belə, Ukraynada atəşkəsin mümkün əldə olunması və potensial yeni səhifənin açılması iki ölkə arasında münasibətlərə yenidən baxmaq və yeni qarşılıqlı fəaliyyət formatı tapmaq imkanı yaradır.
Təhlilçi yazır ki, Ermənistan son illərdə Moskva ilə hərbi-texniki əməkdaşlığı məhdudlaşdırmaqla, Rusiyadan xeyli uzaqlaşıb və Qərbə yaxınlaşıb. Rusiyanın Ermənistana silah tədarükündəki payı on faizə enib, əsas təchizatçılar isə Hindistan və Fransa olub.
Lakin siyasi və diplomatik gərginliyə baxmayaraq, ikitərəfli iqtisadi əlaqələr inkişaf edir. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildəki 2 milyard 500 milyon ABŞ dolları ilə müqayisədə 12 milyard 400 milyon ABŞ dollarına çatıb. Rusiya Ermənistan ixracatının əhəmiyyətli hissəsinin əsas istiqaməti və bir sıra strateji əhəmiyyətli malların, o cümlədən buğdanın əsas mənbəyi olaraq qalır. Eyni zamanda, ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra başlayan proses bir çox malların Ermənistan vasitəsilə təkrar ixracından da Rusiya faydalanır.
Poqosyanın fikrincə, iqtisadi əlaqələrin artması, əgər Moskva bunu məqsədəuyğun hesab edərsə, Rusiyaya Ermənistan üzərində əlavə təsir rıçaqları verir.
Poqosyanın fikrincə, Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlarda əsas vasitəçi rolunu daha fəal davam etdirə bilər.
Müəllif qeyd edir ki, son hadisələr də Ermənistanda Rusiya haqqında ictimai təsəvvürə əhəmiyyətli dərəcədə təsir edib. Əgər 2018-ci ildə ermənilərin böyük əksəriyyəti Rusiyanı dost ölkə hesab edirdisə, indi bu rəqəm 2024-cü ilin sentyabrında Beynəlxalq Respublika İnstitutunun apardığı sorğudan da göründüyü kimi kəskin şəkildə azalıb: “Ermənistan-Rusiya münasibətlərindəki hazırkı qeyri-müəyyənlik Ermənistan üçün ciddi problemlər yarada bilər.Yaxın gələcəkdə Rusiya çox güman ki, Cənubi Qafqaz regionunda mühüm xarici təsir göstərən dövlətlərdən biri olaraq qalacaq. “Gürcü Arzusu” partiyası Gürcüstanın xarici siyasət kursunu dəyişdirərək onu daha qeyri-müəyyən hala gətirməsi tamamilə mümkündür”, - Poqosyan yazır.
Təhlilçi hesab edir ki, Trampın yeni administrasiyası dövründə Rusiya ilə ABŞ arasında hansısa “Ukrayna üzrə qarşılıqlı anlaşma” əldə olunarsa, Moskvanın regional geosiyasətə təsir imkanları daha çox olacaq, eyni zamanda ABŞ Cənubi Qafqaza Rusiya ilə başqa qarşıdurma meydanı kimi baxmaqdan əl çəkə və onun iştirakını azalda bilər. Bu kontekstdə Rusiya Ermənistan və Azərbaycan arasında danışıqlarda əsas vasitəçi rolunu bərpa edə və ya daha fəal şəkildə davam etdirə, Qərbin regionda mövcudluğunu məhdudlaşdırmaq üçün addımlar ata bilər, eyni zamanda Cənubi Qafqazda Türkiyə ilə rəqabəti idarə etməyə çalışa bilər.
Belə bir ssenaridə Ermənistan Moskvadan xarici siyasət kursuna yenidən baxmaq, xüsusən də Avropa İttifaqı, Avropa ölkələri və ABŞ ilə artan əməkdaşlığı məhdudlaşdırmaq tələbləri ilə üzləşə bilər.
"Bölgənin dəyişən geosiyasəti fonunda, Cənubi Qafqaz Qərbin təsirinin azalması və Rusiyanın mövqeyinin güclənməsi vəziyyətində qala biləcəyi bir şəraitdə Ermənistan Moskva ilə münasibətlərinin daha da pisləşməsindən çəkinməli və yeni qarşılıqlı fəaliyyət formatı axtarmalıdır. Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 9-da Rusiyaya səfəri ilə bağlı hərbi paraqdada iştirak etmək qərarı düzgün addım idi". vurğulayır.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ