Onlayn ictimai-siyasi qəzet
Qurum “Dağlıq Qarabağa hücum”u pisləyəcək qətnamə qəbul etməyə hazırlaşır; Mişelin sülh prosesinə avropalı deputatlar niyə badalaq gəlmək istəyir?
Faktiki Ermənistanın ikinci parlamentinə çevrilmiş Avropa Parlamenti Azərbaycana qarşı növbəti təxribata hazırlaşır. Qurumun yaydığı bəyanatda bildirilir ki, deputatlar oktyabrın 3-də keçiriləcək plenar iclasda “Dağlıq Qarabağdakı vəziyyəti” müzakirə edəcək.
Ölkəmizi pisləyən daha bir qətnamənin qəbulu planlaşdırılır. “Çərşənbə axşamı parlament Dağlıq Qarabağdakı mürəkkəb vəziyyəti müzakirə edəcək. Avropa Parlamentinin deputatları Azərbaycanın Dağlıq Qarabağa (?! - red.) hücumunu (?! - red.) pisləyəcək və bunu əsassız adlandıracaqlar”, - sənəddə qeyd edilir. Məlumata görə, oktyabrın 3-də, yəni bu gün Avropa Parlamenti Avropa Şurası, Avropa Komissiyası və İspaniyanın nümayəndələri ilə vəziyyətin müzakirəsini təşkil edəcək. Qətnamə üzrə səsvermə isə oktyabrın 5-nə nəzərdə tutulur. Maraqlıdır ki, məhz həmin gün - oktyabrın 5-də İspaniyanın Qranada şəhərində liderlərin (Əliyev-Paşinyan-Mişel-Makron-Şoltz) “beşli” sammiti keçiriləcək. İndi bunu necə başa düşəcək?
Görəsən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakı və İrəvan arasında sülh sənədinin imzalanmasına çalışarkən rəsmi Brüsselin prosesə bu şəkildə badalaq gəlməsinin adı nədir? Artıq cinayətkar rejim də özünü buraxıb. Bunun üstündən Brüssel Azərbaycandan nə istəyir? Hansı “Dağlıq Qarabağ”, hansı “Dağlıq Qarabağa hücum”dan söhbət gedir?
Bir ölkə öz ərazisinə hücum edə bilərmi? Avropa Parlamentinin deputatları nə vaxt bu axmaq ifadələrdən və qərəzli yanaşmalardan əl çəkəcəklər? Çox qəribədir, Aİ sülh prosesində iştirak edir, Bakının Qarabağ ermənilərinə hüquq və təhlükəsizliklərinə verdiyi zəmanətə görə təqdir edir, amma onun bir qanadı olan Avropa Parlamenti davamlı olaraq əleyhimizə bəyanatlarla çıxış etməkdədir. Təbii ki, növbəti sənəd də hüquqi qüvvəsi olmayan bir qətnamə kimi yadda qalacaq. Lakin oktyabrın 5-də Mişelin iştirakı ilə keçiriləcək görüş günü AP-nin belə bir sənəd qəbul etməsi başadüşülən deyil. Görünür ki, burada ermənipərəst, yaxud erməni lobbisinin təsiri altında olan avropalı deputatların rolu böyükdür. Daha əvvəl də AP qətnamə ilə çıxış etmişdi.
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropa Parlamenti birmənalı şəkildə ermənipərəst qurumdur. Partiya sədri onların nümayəndələrinin Azərbaycan Prezidenti ilə görüşünü yada salaraq dedi ki, açıq surətdə onlara irad bildirilib: “Deyilib ki, ermənidən betər ermənilik edirsiniz. İndiyə qədər müxtəlif sənədlər qəbul ediblər. Bu dəfə də yenə anti-Azərbaycan bəyanatı olacaq. Amma bizim üçün kağız parçası kimidir”. E.Musayev hesab edir ki, işləməliyik, diaspora, lobbi əməkdaşlığı gücləndirilməlidir: “Bizim İtaliya ilə yaxşı əlaqələrimiz var, amma italiyalı deputatlar da onlara qoşulublar. Halbuki avropalı deputatların korrupsiya əməlləri ifşa edilib. Bu qurum öz qərəzli mövqeyinə, korrupsiyaya bulaşmış deputatlarına nəzər yetirmək əvəzinə Azərbaycanı ittiham edir. Biz antiterror tədbirləri ilə bölgədə cinayətkar rejimi məhv etmişik, hansı hücumdan söhbət gedə bilər? Dinc əhali həmin zaman xəsarət belə almadı. BMT missiyası da regiondadır, monitorinq aparır. Biz onları qalmağa çağırırıq, əgər köçürlərsə, zorla saxlaya bilmərik. Avropa Parlamentinin üzvləri öz ölkələrində belə bir marionet xunta rejimi 30 il mövcud olsaydı, görəsən, necə davranardılar?”
Xəzər Teyyublu
Siyasi Hüquqların Müdafiə Mərkəzinin sədri Xəzər Teyyublu təklif edir ki, avropalı deputatlar da azad edilən ərazilərə, o cümlədən antiterror tədbirlərindən sonra suverenliyimizin təmin olunduğu bölgələrə səfər etsinlər: “BMT missiyası ərazidədir, onların rəyi Avropa Parlamenti üçün də istinad yeri olmalıdır. Biz beynəlxalq hüquq çərçivəsində, mülki əhalini qoruyaraq silahlı birləşmələri zərərsizləşdirmişik. Bu zaman yaşlı, körpə, xəstə, dinc insanlar üçün təhlükəsizlik təmin edilib. Bizim ərazilərə hücum olub, necə bizi hücumda günahlandırmaq olar? "Dağlıq Qarabağ" anlayışı yoxdur, Avropa Parlamenti BMT sənədlərini, ən son isə Paşinyanın təsdiqini necə təhrif edə bilər? Sadəcə, qərəz var. Lakin heç bir əhəmiyyəti olmayan qətnamə qəbul ediləcək". Hüquq müdafiəçisinin fikrincə, Avropa Parlamentinin sənədi Qranada zirvəsinə təsir etməyəcək: “Görüşdə Qarabağın müzakirəsi gözlənilmir. Artıq məsələ bitib. Azərbaycan ərazilərində yaşayan ermənilərin miqrasiya, qeydiyyat məsələləri başlanıb, mobil operator, internet, teleradio yayım xidmətləri bərpa edilib, əhalinin işıq, yanacaq təminatı çatdırılır. Yəni Avropa Parlamenti bizə nə irad tuta bilər? Qranada görüşündə də Qarabağı müzakirə etməyə ehtiyac yoxdur. Ən pis halda Makron humanitar məsələləri qaldıra bilər. Hazırda Azərbaycan və Rusiya sülhməramlıları birgə şəkildə çalışırlar, humanitar, sosial-iqtisadi problemlər həll edilir, baş nazirin müavini Şahin Mustafayev Xankəndidə sakinlərlə görüşəcək, onların nümayəndələri ilə də Yevlaxda iki, Xocalıda iki görüş olub. Ona görə Qranada görüşü Ermənistan-Azərbaycan sülh sənədinin imzalanması ilə bağlı təşkil ediləcək. Bu görüş ərəfəsində isə Avropa Parlamentinin belə bir siyasi qərəzə yol verməsi qurumun fəaliyyətinə şübhələri artıracaq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ