İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Rusiyaya diplomatik həmlə

Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq Almaniyadan 40, İspaniyadan 25 Rusiya diplomatı çıxarılıb. Bu prosesin savaş davam etdiyi sürəcdə davamlı olacağı açıq görünür.

Ümumilikdə Rusiyanın 250 diplomatı Avropa ölkələrindən çıxarılıb.

Bütün bunlar Rusiya üçün nə deməkdir? Başqa Avropa ölkələri də təşəbbüsə qoşulacaqmı? Bütövlükdə Avropa Birliyi Rusiya ilə diplomatik münasibətləri dondura bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə maraqlı statistika açıqladı: “Bu gün Ukraynada yaşanan hadisələr fonunda bir sıra Avropa və Amerika dövlətlərinin ölkələrindəki rus diplomatlarını persona-non-qrata, yəni arzu edilməyən şəxs elan edərək qovduqlarının şahidi olmaqdayıq. 24 fevraldan 2022 tarixindən sonra ABŞ-dan 13, Bolqarıstandan 13, Monteneqrodan 1, Estoniyadan 3, Latviyadan 3, Litvadan 4, Polşadan 45, Şimali Makedoniyadan 5, Bekçikadan 21, Niderlanddan 17, İrlandiyadan 4, Çexiyadan 1 Rusiya diplomatı qovulub. Xüsusilə 1 aprel tarixində Ukraynanın Buça şəhərindən bütün dünyaya yayılan görüntülərdən sonra Rusiyanın Ukraynada soyqırım törətdiyinə dair qaldırılan iddialar (Rusiya tərəfi bu iddiaları rədd etsə də) rus diplomatlarının Avropa və Amerika ölkələrindən qovulması prosesinə daha da geniş vüsət, yaxud fürsət verdi: məhz bu tarixdən sonra Slovakiyadan 35, Almaniyadan 40, Avropa İttifaqının özündən 19, Fransadan 35, İtaliyadan 30, Danimarkadan 15, Estoniyadan əlavə 14, Latviyadan əlavə 13, Rumıniyadan 10, Portuqaliyadan 10, İsveçdən 3 diplomat qovulub, İspaniya isə 25 Rusiya diplomatını ölkəsindən çıxaracağını bəyan edib. Ukraynadakı müharibə uzandıqca bu prosesin qarşıdakı müddətdə daha da genişlənəcəyini təxmin edə bilərik. Təbii ki, Rusiya da buna güzgü effekti ilə cavab verəcəyini bildirərək eyni formada, Latviya və Estoniyanın 3, Litvanın 4 diplomatını ölkədən çıxarıb, digər ölkələrlə bağlı da bənzər addımlar atacağını qeyd edib. Lakin bu bir ilkdirmi və Rusiya üçün təhdid xarakterinə malikdirmi? - Xeyr. Hələ 2013-cü ildə Ukraynada Maydan hərəkatı başlama ərəfəsində ABŞ-dan 49 Rusiya diplomatı başda olmaqla və ondan sonrakı illərdə bir sıra dövlətlər Rusiyanın aqressiv siyasəti və Krımı ilhaqı ilə əlaqədar olaraq rus diplomatlarını ölkələrindən çıxarmışdılar.

f0135bf1-2abd-4117-9574-a0b50abb.jpg (137 KB)

Şəhla Cəlilzadə

Lakin bu, məsələn, ABŞ-Rusiya arasında nəinki diplomatik münasibətləri kəsməmiş, əksinə, 2013-2016-cı illərdə azalan ticarət dövriyyəsi 2016-cı ildən sonra mütəmadi olaraq yüksəlməyə başlamışdır. Yəni 2013-cü ildə ABŞ-ın Rusiyadan 27 milyard dollar həcmində idxalı 2016-da azalaraq 14,5 milyard dollar həcminə düşmüşdüsə də, 2021-ci ildə bu rəqəm 29,7 milyard dollar idi - əvvəlkindən də çox. Eyni şəkildə 2014-cü ildə ABŞ-ın Rusiyaya ixracı 11,1 milyard dollar idisə, 2016-da bu rəqəm azalaraq 5,8 milyard dollar olmuş, 2021-ci ildə isə 6,4 milyard dollar həcmində gerçəkləşdirilib. Qeyri-rəsmi rəqəmlər bundan daha da yüksək ola bilər. Göründüyü kimi, burada maraqlı məqam, 2016-cı il - döngə nöqtəsidir. Bu il həm də ABŞ-da prezident seçkiləri ili olmaqla Respublikaçıların namizədi Trampın hakimiyyətə gəlməsi, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair söz-söhbətlərlə yadda qalmışdı. Demokratlar isə daha çox anti-rusiyaçıdır və Rusiyanın qarşısının alınması məqsədilə hətta İranla münasibətlərin bərpasına belə razı olacaq kimi görünürlər. Odur ki, Krımın işğalının ABŞ-Rusiya, yaxud Avropa ölkələri ilə Rusiya arasındakı münasibətləri birdəfəlik kəsmədiyi kimi (hətta 1933-cü ildən etibarən qurulan ABŞ-Rusiya diplomatik münasibətləri Soyuq müharibənin ən kəskin illərində belə davam edib), Ukraynanın parçalanmasının (Donbasın müstəqilliyinin Rusiya tərəfindən dəstəklənməsi, yaxud Krım nümunəsində daha sonra bu bölgənin Rusiyaya ilhaqı vs. ssenarilər) belə bu münasibətləri tamamilə kəsməyəcəyini ehtimal etmək olar. Lakin Rusiya üzərinə qoyulan və getdikcə ağırlaşdırılan sanksiyalar qarşıdakı illərdə Avropa və Amerikanın Rusiya ilə ticarət münasibətlərinin minimuma enəcəyini təxmin etməyə əsas verir”.

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı: “Diplomatik münasibətlərin tamamilə dondurulması inandırıcı deyil”

Siyasi analitik Asif Nərimanlı diplomatik münasibətlərin tamamilə kəsiləcəyini düşünmür: “Ukraynaya hücumdan sonra Qərb Rusiya ilə diplomatik münasibətləri tədricən azaltmağa başladı, Buça qətliamı isə bu məsələni bir az da körüklədi. İstisna deyil ki, digər ölkələr də bu prosesə qoşulsun. Artıq Avropa İttifaqı ölkələrinin ümumilikdə 200-dən çox rus diplomatı çıxarmaq istədiyi haqda məlumatlar var. Lakin diplomatik münasibətlərin tamamilə dondurulması inandırıcı deyil. Hətta ”soyuq müharibə" dövründə belə bu münasibətlər tamamilə kəsilməyib. İndi daha çox hadisələrin inkişafına uyğun atılan addımlar müşahidə olunur, çünki Buçadakı qətliamın yaratdığı effekt bir çox ölkəni istəməsə belə bu prosesə qoşulmağa vadar edə bilər. Sonrakı mərhələdə prosesin səngiyəcəyi ehtimalı daha böyükdür, çünki Qərb və Rusiya arasında nə qədər qarşıdurma olsa da, qarşılıqlı iqtisadi maraqlar var, xüsusilə rus qazı hələ də Avropada müəyyən paya sahibdir və bu vəziyyət münasibətlərin tamamilə dondurulmasının qarşısını alır. Fikrimcə, Ukrayna müharibəsinin başa çatmasından sonra da gərgin münasibətlər davam etsə də, diplomatik münasibətlər müəyyən mənada saxlanılacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR