Onlayn ictimai-siyasi qəzet
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında iyunun 19-da qrup mərhələsinin II turunun oyunları baş tutub.
Qəzet çapa gedərkən AVRO-2024-ün II turunun növbəti oyunları keçirilirdi. Sloveniya-Serbiya, Danimarka-İngiltərə və erkən final adlandırılan İspaniya-İtaliya qarşıdurması yaşanırdı. Nəticələr hələ tam məlum olmadığı üçün məlumat verə bilmədik...
Futbol mütəxəssislərinin builki çempionatın indiyə qədərki nəticələri barədə ən müxtəlif fikirlərinə rast gəlinir. Yarışın bundan sonrakı mərhələsi barədə də fərqli proqnozlar səslənməkdədir. Ümumilikdə götürdükdə, bu çempionatın gözlənildiyindən də qat-qat azarkeşlərdə maraq oyatdığı və əsl futbol bayram abı-havasında keçirildiyi sosial şəbəkələrdə paylaşılan statuslarda, eləcə də futbol həvəskarlarının, mütəxəssislərinin fikirlərində görünür.
Amma heç şübhəsiz ki, diqqətlər ən çox qardaş Türkiyə millisinə yönəlib. İlk oyunda Gürcüstan yığmasını çətinliklə də olsa, 3-1 hesabı ilə məğlub edən türk yığmasına ümidlər çox böyükdür.
Kənan Məstəliyev
Futbol mütəxəssisi Kənan Məstəliyev “Yeni Müsavat”a bildirdi ki, ümumi diqqət yetirəndə yarış iştirakçılarının hər birinin qələbəyə köklənməsi sezilir. Temp hər matçda yüksəkdir, intensiv futbol oynanılır, vaxt aparmaq, mübarizədən qaçaraq xal və ya xallar qazanma istəkləri çox deyil.
O, türklərin qarşıdakı iki oyunda çox diqqətli olmalarının vacibliyini vurğuladı: “Qardaş Türkiyənin qələbəsi də bizi sevindirdi. Ümumi oyunu götürəndə ay-ulduzlular çox da yaxşı oynamadılar, müdafiədə çox səhvlərə yol verdilər. Montellanın bəxti əlinin altında fərdi baxımdan güclü, istedadlı oyunçuların olması baxımından gətirmişdi. Arda Gülər kimi super, fenomenal oyunçu Türkiyəni istənilən rəqiblə qarşılaşmada bir addım önə çıxarır. Onun gürcülərə vurduğu qol isə hələ uzun müddət danışılacaq. Qrup çox güclüdür, nə portuqaliyalılar, nə də çexlər bu qədər epizodu boşa verməyəcək, müdafiədəki boşluqlardan maksimum yararlanacaqlar. Türkiyə daha diqqətli oynamalı, arxa xətdəki zəif nöqtələri öndə pressinq və yarımmüdafiə xəttindəki sıx və fəal oyunu ilə sığortalamalıdır. Ümumən düşünürəm ki, qardaş ölkənin qrupdan çıxmaqda problemi olmayacaq və biz onları pley-offda görə biləcəyik”.
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı bu çempionatda yer alan ölkə komandalarını iki hissəyə bölür: “Avro-2024-ün maraqlı keçdiyini ilk turun oyunlarına istinadən iddia etmək olar. Amma qrup mərhələsinin ilk turu həm də ikili fikir formalaşdırdı, nəticəyə oynayan komandalar və futbol oynayan komandalar.
Nəticəyə oynayan komandalar çempionatın aşkar favoritləri hesab olunanlardır - məsələn, İngiltərə, Fransa. Aşkar hiss olunur ki, bu komandalar qrup mərhələsini çox güc sərf etmədən adlamaq niyyətindədirlər. İlk turda bu yığmaların minimal hesablı qələbəsi, nəticəyə hesablanmış oyun göstərməsi bunun sübutudur.
Futbol oynayan komandalar isə favorit hesab edilməyənlərdir.
Məsələn, Albaniya yığmasının yaradıcı futbolu hər kəsə zövq verdi. Bu komanda ilk turda İtaliyanı futbol oynamağa məcbur etdi. Elə ikinci turda da Xorvatiyadan üstün təsir bağışladı. Sadəcə, albanların bu oyunlarda qalib gələ bilməməsi təcrübəsizliyi ilə bağlıdır. Albaniya Xorvatiyanın işini elə ilk hissədə bitirməliydi, amma yaradılan şanslardan yararlana bilmədilər.
Xorvatiya isə belə deyək, heç nədən iki qol vurdu. Böyük təcrübə budur. Amma bütün hallarda Xorvatiyanın “qatarı gedib” deyə bilərik. Bu yığma daha böyük turnirlərdə rəqabət aparmağa qadir deyil.
İspaniya çempionatın əsas favoritlərindən olduğunu elə Xorvatiya ilə qarşılaşmada sübut etdi. Baxımlı futbol və asan qələbə.
Baxımlı futbol sərgiləyən yığmalardan biri də Macarıstandır. Amma təkcə baxımlı futbolla nəticə əldə etmək olmur. Macarıstan həm İsveçrə, həm də Almaniya ilə oyunlarda “avtobus” qurmaqdan imtina etdi. Futbol oynadı, qol vəziyyətləri yaratdı. Amma onları reallaşdırmaq baxımından ciddi problemlə üzləşdilər. Məni ilk turda ən çox təəccübləndirən Rumıniya və Ukrayna oldu. Biri müsbət, digəri mənfi baxımdan.
Rumıniya olduqca ağıllı futbol sərgilədi. Bu komanda Hacinin dövründəki yığmanı xatırlatdı. Amma Ukrayna böyük potensialına rəğmən ilk turda bərbad təsir bağışladı. Hiss olunur ki, Ukrayna bu turnirə hazır deyil. Onların bundan sonra toparlanacağı da çətin görünür. Müsbət emosiya yaradan başqa bir yığma isə Slovakiya oldu. Bu yığma Belçikanı devirməklə, nəticəyə oynamağı bacardığını göstərdi. Slovakiya istənilən yığma üçün başağrısı ola bilər.
Türkiyə yığması ilk turda qələbə qazandı. Amma necə qələbə? Bu, komanda oyununun yox, ayrı-ayrı futbolçuların fərdi ustalığının qazandırdığı qələbə idi. Türkiyənin oyununda komanda intizamı çatışmır. Gürcüstan xeyli qol vəziyyəti yaratdı. O şanslardan istifadə etsəydilər, hesab fərqli ola bilərdi. Türkiyə yığması müdafiə xəttində xeyli boşluqlar verdi. Çexiya və Portuqaliya bu səhvləri Türkiyəyə bağışlayacaq? Güman etmirəm. Türkiyə yığmasında komanda oyunu ilə bağlı ciddi nizam-intizam işinə ehtiyac var.
Portuqaliya yığmasının Çexiya ilə oyunu göstərdi ki, bu komandanın Ronaldo problemi var. Komanda Ronaldo üçün oynamağa məcbur edilir. Ronaldo isə həmin Ronaldo deyil. Bu tendensiya dəyişməsə, Portuqaliya yığması heç yarımfinala da adlaya bilməyəcək".
N.Muxtarlı son proqnozlarını da bizimlə bölüşdü: “İlk turdan sonra əminliklə demək olar ki, turnirin əsas favoritləri Fransa, İspaniya, İngiltərə və Almaniyadır. Onlara kimlər "əlcək" ata bilər? İlk tur diktə edir ki, bu yığmalar Rumıniya, İsveçrə, Niderlanddır.
Böyük ehtimalla, 2 və 3-cü turlarda yığmalar kartları daha çox açacaqlar. Bu da qarşıda bizi daha cəlbedici oyunların gözlədiyini deməyə əsas verir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ