Onlayn ictimai-siyasi qəzet
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar olaraq “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminar keçirilib.
Musavat.com xəbər verir ki, Agentliyin icraçı direktoru Natiq Məmmədli mətbuatımızın tarixi, “Əkinçi” qəzetinin şriftlərinin İstanbuldan faytonla gətirilməsi, mövzu dairəsi, çapının dayandırılması və bunun səbəblərindən bəhs edib.
Həmçinin, 19-cu əsr fransız yazıçısının Həsən bəy Zərdabinin bu fəaliyyətini böyük iş kimi qiymətləndirərək Qafqazda mətbuata verilən dəyəri və dilə qoyulan hörməti vurğulayıb “Avropada bu fədakarlığı heç kəs etməzdi” fikrini səsləndirməsi qeyd olunub.
Həsən bəy Zərdabi ilə yanaşı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Sultan Məcid Qənizadə, Kamal, Cəlal Ünsizadə qardaşları, Cəlil Məmmədquluzadə və digər mətbuat xadimlərinin yaradıcılığı və töhfələrindən danışılıb.
Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan mətbuat mədəniyyətinin atası öldü” çıxışı ilə Həsən bəy Zərdabinin vəfatı, Çar Rusiyasının Azərbaycana tətbiq etdiyi sərt senzura kimi mətbuatın ağrılı tarixi məsələləri müzakirə olunub.
Senzuraya tuş gələn, arzu olaraq qalan qəzetlər…
Kuzminin “Çıraq” (1883/1891), Ünsizadə qardaşlarının “Azərbaycan” (1891), Əhməd bəy Ağaoğlunun “Məşriq” (1893), Məhəmmədağa Şahtaxtinskinin “Tiflis” (1896) və digər qəzetlərin yaranmasına imkan verilməməsi, Çar rejiminin mətbuatımıza vurduğu ən böyük ziyanlardan biri kimi seminar zamanı qeyd edildi. Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığı, qəzetlər haqqında dəyərli fikirləri və mətbuata verdiyi dəstək də vurğulanıb.
Seminarın ikinci hissəsində dünya mətbuatının inkişaf tarixindən danışılıb. Müharibələrin mətbuata təsiri, siyasətdə mətbuatın rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Fransa, Çin, Rusiya və Amerika Birləşmiş Ştatlarının mətbuatı haqqında Natiq Məmmədlinin hazırladığı təqdimatla geniş və müqayisəli seminar keçirilib.
İdeologiya, iqtisadiyyat və texnologiyanın — xüsusilə süni intellektin mətbuata təsiri iştirakçı jurnalistlər tərəfindən müzakirə olunub.
Natiq Məmmədli “Jurnalistikanın gələcəyini necə görürük?” mövzusunda sorğu keçirib, müxtəlif fikirlər səslənib.
“Etika qaydalarına təkcə jurnalistlər deyil, hər kəs əməl etməlidir”.
Tədbirin sonunda media etikasının aktual məsələləri mövzüsunda mühazirə və vörkşop keçirilib.
Mətbuat Şurasının rolu, “Media haqqında” Qanunun tələbləri, hüquqi, etik məsuliyyətin vacibliyi, özünənəzarət və fəaliyyət azadlığı arasında düzgün balansın qorunması mövzuları danışılıb.
Mənzər Novruzlu,
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ