Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı dəyişikliklərdən danışıb və bir sıra məsələlərə toxunub.
Mirzoyan eyni zamanda bəyan edib ki, guya Azərbaycan əlavə şərtlər irəli sürür: “Biz onu imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”.
Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü əlavə şərtlər haqda danışmayıb. Ermənistanın razı olmadığı bu şərtlər nədən ibarətdir? Maraqlıdır, erməni nazir bu haqda avqustun 8-dən sonra ilk dəfə niyə məhz indi danışır?
Züriyə Qarayeva
Dövlət İdarəçilik Akademiyasının müəllimi Züriyə Qarayevanın fikrincə, Mirzoyan Azərbaycanın konstitusiya dəyişikliyi tələbini “əlavə şərt” kimi nəzərdə tutur. Onun bildirdiyinə görə, baş nazir Paşinyan referendum olacağını təsdiqləyib və etiraf edib ki, əgər qanunvericilikdə başqa dövlətin ərazi bütövlüyünə şübhə yaradan müddəa varsa, buna Konstitusiya Məhkəməsi qərar verəcək. Politoloq hesab edir ki, bu bəyanatdan sonra erməni XİN rəhbərinin verdiyi açıqlama düzgün deyil və rəsmi İrəvanın siyasətində ziddiyyətləri ortaya çıxarır: “Ermənistan rəsmiləri hər platformada bir fikir söyləyir. Ona görə dedikləri uyğun gəlmir. Azərbaycan əlavə şərt irəli sürməyib. Bizim açıq şəkildə iki tələbimiz olub. Biri Minsk Qrupunun ləğvi idi və reallaşdı. İkincisi isə ərazi iddiasını konstitusiyadan çıxarmaqdır. Düşünürəm ki, Mirzoyanın nə deməyindən asılı olmayaraq son tapşırıq da yerinə yetiriləcək. Çünki Ermənistanın nicatı bu addımı atmaqdadır. O baxımdan, erməni diplomat müəyyən qədər manipulyasiya etməyə çalışıb”.
Təhlilçiyə görə, nazirin bu fikri Polşa mediasında söyləməsi həm xarici auditoriyanın diqqətini çəkməyə hesablanıb, həm də daxildə mövqe qazanmaq niyyəti güdür: “Yəni elə görünməsin ki, hakimiyyət Bakının hər sözünə əməl edir. Çünki müxalifət iqtidarı Azərbaycanın sözü ilə oturub-durmaqda ittiham edir”. Politoloq əlavə edib ki, bütün hallarda Ermənistan “ev tapşırığı”nı icra edəcək: “Hətta bunu parlament reallaşdıra bilər. SSRİ Ermənistanın Ali Soveti Qarabağın birləşdirilməsi qərarını qəbul edib. Bunu da indiki erməni parlamenti ləğv edə bilər. O zaman referenduma da ehtiyac qalmaz. Üstəlik, parlamentdə hakimiyyət Paşinyanın partiyasındadır. Bu da böyük üstünlük qazandırır. Sadəcə, iqtidar bu dəyişikliyi ayrıca etməkdən çəkinir və daxili təpkilərdən qorxur. Nəzərə alaq ki, erməni xalqında revanş hissi ölməyib və hələ də "artsax" ideyasına, Qarabağa qayıdışa inanırlar".
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə İrəvanın bu bəyanatlarla sülh prosesinə zərər vurduğunu düşünür. Onun sözlərinə görə, Ermənistan daha əvvəl də Azərbaycanı sülh sənədini imzalamamaqda ittiham edirdi: “8 avqustdan əvvəl deyilirdi ki, İrəvan sülhə hazırdır, guya Bakı razılaşmır. İndi də yekun sülh sənədi ilə bağlı bizi günahlandırmağa başlayıblar. Ermənistanın "əlavə şərt" dediyi tələbimiz qüvvədədir və burada gizli nüans yoxdur. Mirzoyan yaxşı bilir ki, ölkəsinin konstitusiyasında və müstəqillik aktında Qarabağın Ermənistana birləşdirilməsi ideyası var. Necə ola bilər ki, bu iddia saxlansın, həm də yekun sülh müqaviləsi bağlansın? Eyni iddia Azərbaycanın qanunvericilik sənədlərində yer alsaydı, İrəvanın mövqeyi nədən ibarət olardı?"
Partiya funksioneri sülh prosesini pozan bəyanatlara son qoyulmalı olduğunu hesab edir. Onun sözlərinə görə, olduqca kövrək bir dövrdür və Ermənistan rəsmiləri çıxışlarında ehtiyatlı olmalıdır: “Bundan kənar güclər istifadə edə bilər. Onsuz da sülh prosesinin pozulmasında maraqlı qüvvələr var. Biz onların əlinə bəhanə verməli deyilik. Xüsusən də erməni tərəfi bilməlidir ki, Cənubi Qafqaz həssas dönəm yaşayır. Azərbaycanı ittiham etməkdənsə, referenduma gedərək məlum tələbi icra etmək lazımdır. Bizim başqa şərtimiz yoxdur. Paraflanan sülh mətnində də hər şey aydın göstərilib. Bizim şərtimiz sülh mətninə aid deyil. Bu, tələbin haqlı olduğunu qarşı tərəf də, Tramp administrasiyası da bilir”.
E.Mehdiyevin ehtimalına görə, əks halda, 8 avqustda yekun sülh sazişinin imzalanmasına çağırış edilərdi: “Tramp yaxşı bilir ki, Ermənistan Konstitusiyasında zərərli məqamlar yer alıb deyə yekun sənəd olmadı. Azərbaycan Prezidenti də qeyd etdi ki, 8 avqustda sülh müqaviləsinin imzalanmasını istərdi, amma məlum iddia buna əngəl oldu. Ona görə də gedib o düzəlişi etsinlər. Eyni zamanda əlavə problemi yaradan tərəf elə İrəvandır. Əgər bu dəyişiklik çoxdan olsaydı, indi sülh müqaviləsi üçün problem qalmazdı. Ermənistanın araqarışdıranlığı sülh yolunda əngəl yaradır. Fikrimcə, Paşinyan prosesi sürətləndirməlidir. İlk növbədə özünə lazımdır”.
Xatırladaq ki, Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyası tərəfindən hazırlanan bəyanatda bu il 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır. Parlament bu bəyanatla Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır.
Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, 8 avqustda Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb. “Vətəndaş Müqaviləsi fraksiyası hesab edir ki, parlament bu faktı rəsmi şəkildə təsdiq etməli, bəyanat qəbul etməklə Ermənistan və Azərbaycan arasında bərpa olunmuş sülhü dəstəkləməli və bütün maraqlı tərəfləri bu sülhün möhkəmləndirilməsi və inkişafı üçün çağırmalıdır”, - o bildirib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ