İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentinin qərəzli qətnaməsini necə faş edək - rəy

Ekspert: “Təkcə bəyanatlarla kifayətlənməməliyik, sübutlar UNESKO-nun araşdırma missiyasının diqqətinə çatdırılmalıdır”

Avropa Birliyinin mühüm qurumu olan Avropa Parlamenti ötən həftə öz hesabatında “Dağlıq Qarabağ”da erməni mədəni irsinin məhv edilməsi ilə bağlı müzakirələr keçirdi, böyük səs çoxluğu ilə qətnamə qəbul etdi. Müharibə zamanı və müharibədən dərhal sonra Avropa Birliyi, ayrı-ayrı Avropa ölkələri Azərbaycana qarşı olduqca ədalətsiz mövqe tutub.

Sonuncu isə ədalətsizliyin və ermənipərəstliyin kulminasiyası oldu. Avropa Birliyi Azərbaycandan həm qaz istəyir, əməkdaşlığa can atır, həm də ermənipərəstliyindən əl çəkmir. Ukraynada separatizmə qarşı çıxan Qərb Qarabağda separatçıları himayə edir, bəsləyir. Siyasi və iqtisadi dəstəyini kəsmir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi Avropa Parlamentinin 2022-ci il 10 mart tarixli qətnaməsinə dair bəyanat yayıb.

Bəyanatda martın 10-da Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul etdiyi qeyd olunub. Bildirilib ki, Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanan, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən bu qətnamə, eyni zamanda özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin, dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır. Beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdən bu qətnaməni birmənalı şəkildə “Avropa demokratiyasının növbəti qürubu” adlandırmaq olar. Avropa xalqlarının ayrı-ayrı nümayəndələrinin toplaşdığı Avropa Parlamentinin ümumbəşəri dəyərlərə etinasızlığı və laqeyd münasibəti ciddi suallar doğurur.

Bəyanatda deyilir ki, Avropa Parlamentinin qətnaməsi Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. İşğal dövrü Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunub.

Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Dağıntıların miqyasını təsəvvür etmək belə çətindir. Çoxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Yalnız İslam dininə aid abidələrə qarşı vəhşilik edilməyib. Alban və xristian kilsələri də dağıdılıb, onların üzərində arxitektur dəyişikliklər aparılmaqla erməniləşdirilməsinə cəhd göstərilib. Ermənistan bütün bunları etməklə yalnız bir məqsəd güdürdü: Azərbaycan xalqının bu torpaqlardakı izinin tamamilə silinməsi: “Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan işğal dövründə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin qarşısını alıb. Beynəlxalq qurumların qətiyyətsizliyi Ermənistanı, əksinə, dağıntıların miqyasını daha da genişləndirməyə təşviq edib. Bütün bunlar isə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və onun Protokollarının kobud şəkildə pozulmasıdır. Öz qətnaməsində UNESCO-ya dəfələrlə istinad edən, lakin qeyd olunan faktları inkar edən və Azərbaycanı UNESCO-nun missiyasını əngəlləməkdə ittiham edən Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələri, mədəni irsinə qarşı törədilən vandallıqlara dair ötən illər ərzində bir dəfə də olsun məsələ qaldırmaması olduqca düşündürücüdür. Avropa Parlamentinin hazırkı qətnaməsi nəinki beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni zamanda, mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir.

Bir faktı da vurğulamaq lazımdır ki, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edib. Bu, Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqidir. Avropa Parlamenti isə nədənsə bu məsələyə, ümumiyyətlə, toxunmur".

Bəyanatın sonunda deyilir ki, Avropa Parlamenti ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin və bəşəriyyətin ümumi irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edən düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir: “Ümumiyyətlə, qətnamədə Azərbaycanın mədəni irsi ifadəsinə heç bir yerdə rast gəlmək mümkün deyil. Biz Avropa Parlamentinin qərəzli şəkildə yalan məlumatlar yaymaq cəhdini şiddətlə qınayır və regionda normallaşma prosesinə ziyan vuracaq təxribatlardan çəkinməyə çağırırıq”.

Bəs təkcə bəyanatla bu məsələni bitmiş saymaq olarmı? Azərbaycan AP-nin qətnaməsinə qarşı başqa hansı praktiki addımlar atmalıdır?

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Avropa Birliyinə üzv olan dövlətlər sırasında Azərbaycana qarşı qərəzli münasibət özünü açıq şəkildə göstərirdi. Avropa İttifaqına üzv dövlətlərin parlamentləri qərəzli qətnamələr və bəyanatlar qəbul edirdilər: “Bu sırada ilk növbədə Fransanın adını çəkmək olar. Avropa Parlamentinin Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qəbul edilmiş qətnamə isə artıq avroparlamentarilərin də ölkəmizə olan münasibətinin göstəricisi olmaqla yanaşı, həm də həmin deputatların ermənipərəstliyini nümayiş etdirir. Eyni zamanda təzadlı məqam ondan ibarətdir ki, Avropa Birliyi Rusiya-Ukrayna müharibəsi fonunda böyük maraq nümayiş etdirir. Avropa Birliyinin enerji üzrə komissarları Cənub Qaz Dəhlizinin məşvərət şurasında iştirak edir və Azərbaycanın enerji strategiyasını təqdir edir, Azərbaycanın enerji təhlükəsizliyində artan rolu barədə fikirlər söyləyirlər. Eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda daimi sülhün bərqərar olması istiqamətində də müsbət mesajlar verilir. Bununla yanaşı olaraq, Avropa Parlamentində islamafob mövqe açıq şəkildə özünü büruzə verir. Qərəzli və ikili standartlar mövqeyindən çıxış edən qətnamənin də şahidi oluruq. Avropa İttifaqı Kataloniyada keçirilmiş referendum sonrasında İspaniyanın ərazi bütövlüyünü müdafiə etsə də, Ukraynada separatizmə qarşı tutarlı və dayanıqlı mövqe nümayiş etdirsə də Azərbaycanla bağlı biz eyni mövqeni görmürük. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşan Avropa Birliyi parlament səviyyəsində Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Bu, qəbul olunan bir yanaşma deyil. Azərbaycanın Xarici İşlər Nazirliyi və Milli Məclisi bu qətnaməyə qarşı adekvat fəaliyyət həyata keçirməlidir. UNESKO-nun bölgəyə səfəri gözlənilir. 30 ilə yaxın müddətdə Azərbaycanın UNESKO-ya, ATƏT-ə, Avropa Parlamentinə, Avropa Şurasına müraciətləri olsa da bu müraciətlərə susqunluqla yanaşılırdı. Hazırda 44 günlük müharibədən sonra bu missiyanın həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın tutarlı faktları var ki, erməni terrorunu, bölgədə ermənilərin həyata keçirdiyi mədəni, ekoloji terror, vandallıq haqqında müfəssəl məlumatı UNESKO-ya təqdim eləsin. Azərbaycanın mədəni irsinin, dini abidələrinin, bu qəbildən mədəni irsimizə aid olan digər abidələrin ermənilər tərəfindən talan və məhv edildiyini sübuta yetirən çoxsaylı faktlar var. Bu sübutlar UNESKO-nun araşdırma missiyasının diqqətinə çatdırılmalıdır. Biz təkcə bəyanatlar verməklə kifayətlənməməliyik”.

Ekspert qeyd etdi ki, Azərbaycan diplomatiya maşını faktlar və sübutlarla çıxış edərək çox ciddi addımlar atmalıdır. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində, həmçinin tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin, məscidlərin, qəbiristanlıqların ermənilər tərəfindən məhv edildiyini, təhqir olunduğunu Azərbaycan tərəfi dünyanın müvafiq beynəlxalq təşkilatlarına, beynəlxalq missiyalara faktlarla təqdim etməlidir: “Biz bu yolla əsl reallıqların nədən ibarət olduğunu sübuta yetirə bilərik. Bununla biz erməni yalanları üzərində qurulan təbliğatın qarşısını ala, onu zərərsizləşdirə bilərik. Bu məsələdə həm XİN, həm səfirliklərimiz, həm Milli Məclis, həm də digər müvafiq qurumlarımız, eyni zamanda bütün vətəndaşlarımız səfərbər olmalıdırlar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR