Onlayn ictimai-siyasi qəzet
“Avropa Parlamentinin əleyhinə qəbul etdiyi növbəti kağız parçası mənə qədim Roma parlamentarisi, natiqi və filosofu Siseronun məşhur deyimini xatırladır. Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən Siseron “Heyf ki, kağız qızarmır” deyirdi və bildirirdi ki, əgər Roma parlamentarilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı. Görünür “Qoca Qitə”nin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çünki Avropa Parlamentində həyasızcasına uydurulmuş yalanlardan ibarət kağız parçalarına etiraz edə, həqiqəti söyləyə biləcək bircə nəfər belə yoxdur. Çirkli pullar müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla, ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkilliyini yerinə yetirən parlamentarilərin “meydan suladığı” Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur. Əgər belə olmasaydı, Avropa Parlamentariləri ləyaqət hissləri kimi Əsas Hüquqlar haqqında Avropa Xartiyasının tələblərini unutmaz və Ermənistan tərəfindən öz evlərindən qovulmuş 300 min azərbaycanlının hüquqlarının müdafiəsi, onların ləyaqətli geriyə qayıdışının təmin edilməsi ilə bağlı da qətnamə qəbul edərdilər”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Deputat qeyd edib ki, qayıdış hüququ insan hüquqlarının Ümumdünya Bəyannaməsində və Vətənə qayıtmaq hüququnu təmin edən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış beynəlxalq hüququn əsas prinsiplərindən biridir:
“Onu da deyim ki, beynəlxalq hüququn bu prinsipi, eləcə də insan hüquq və azadlıqları ilə bağlı digər beynəlxalq normalar Ermənistanda konstitusiya səviyyəsində kobud şəkildə pozulub. Belə ki, Ermənistan Respublikasının Konstitusiyasının 11.3-cü maddəsində, dolayısıyla və imperativ hüquqi formada yalnız erməni millətindən olan şəxslərə geriyə qayıdış hüququ verir. Bu, Ermənistanda konstitusion müstəvidə BMT Nizamnaməsinin, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasının, həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır və nə Avropa Parlamenti, nə də digər Qərb təsisatları bu günədək Ermənistanın təqdim etdiyim irqçi davranışlarına münasibətdə hər hansı bir mövqe sərgiləməyib. Azərbaycana qarşı sistemli və davamlı böhtan, qarayaxma və təzyiq kampaniyalarına gəldikdə isə, bu prosesin eyni mərkəzdən idarə olunduğu göz qabağındadır. Proses sinxron şəkildə, ABŞ Dövlət Departamenti, senatı və konqresi, həmçinin onların geosiyasi təzyiq elementi və “bəhanə generatorları” kimi ayrı-ayrı sahələr üzrə formalaşdırdıqları “beynəlxalq təşkilatlar”, eləcə də Avropa Parlamenti də daxil olmaqla bir sıra Avropa Təsisatlarının iştirakı ilə həyata keçirilir”.
E.Mirzəbəyli bildirib ki, əsas məqsəd Ermənistandan istifadə etmək üçün şərait yaratmaqdır:
“Əsas məqsəd, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan və Azərbaycan Ordusunun rüsvayçı məğlubiyyətə uğratdığı təcavüzkar, irqçi Ermənistanı sivilizasiyaların qarşıdurması konsepsiyasına uyğun olaraq, Qərbin (onların baxış bucağına görə “xristian sivilizasiyası”nın) forpostu kimi gücləndirməkdən və daim münaqişə yaratmaq, təxribat törətmək potensialına malik olmasını təmin etməkdən ibarətdir. Başqa bir amil, Ermənistanın öz fundamental öhdəliklərini təmin etmədən, onun istədiyi və gələcəkdə xarici müdaxilə, təzyiqlər üçün imkan yarada biləcək yarımçıq bir sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu həm də xarici siyasətdə rüsvayçı məğlubiyyətlərə imza atam demokratların seçki kampaniyasında “uğur” kimi təqdim edə biləcəkləri təbliğat elementi kimi onlara lazımdır. Başqa bir amil isə, şübhəsiz ki, Azərbaycanın COP29-un təşkilindən əldə edəcəyi yüksək dividendlərin üzərinə öncədən kölgə salmaq istəyi ilə bağlıdır. Bu proses, yeni dünya düzəni tam formalaşana və yeni formalaşmış, qlobal faktora çevrilmiş güc mərkəzinin öz alternativlərini təqdim etmək potensialının üzə çıxacağı zamana kimi davam edəcək. Yəni o zamana kimi davam edəcək ki, Avropa parlamentlərinin qəbul etdikləri kağız parçalarını ağız suyuna bulayıb geriyə qaytara biləcək, həmçinin qoca qitəni və onun geosiyasi dirijorunu beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə məcbur edə biləcək güc mərkəzinin formalaşması prosesi uğurla yekunlaşsın”.
Şəhanə Rəhimli,
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ