İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentində anti-Azərbaycan müzakirələri

Görünən budur ki, hazırda Azərbaycandan qaz istəyən Avropa Birliyinin parlamenti və onun ayrı-ayrı üzvləri ölkəmizə qarşı fəaliyyətlərini davam etdirirlər

Avropa Parlamentinin üzvü Peter Van Dalenin və “Hay Dat” Ofisinin təşəbbüsü ilə sentyabrın 8-də Avropa Parlamentində “Müharibə 2020 və Artsaxda insan haqları” mövzusunda müzakirələr keçirilib. Konfransın əsas məruzəçiləri “artsax ombudsmanı” Geqam Stepanyan və erməni hərbi əsirlərin Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Siranuş Saakyan olub.

Konfransda müxtəlif siyasi qruplardan çoxlu Avropa Parlamentinin deputatları, siyasətçilər, diplomatlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Avropa Parlamentinin deputatı Peter Van Dalen “artsax”a dəstək verməyə hazır olduğunu təsdiqləyərək bildirib: “Mən erməni xalqına yaxınam. Artsaxın yerli erməni xalqının həyatı və onların mədəni irsi təhlükə altındadır. Biz heç bir status-kvo ilə barışmamalıyıq və Dağlıq Qarabağın erməni əhalisinə öz tarixi torpaqlarında yaşamaq zəmanəti verməliyik”.

“Hay Dat” Avropa Ofisinin prezidenti Qaspar Karapetyan deyib ki, Azərbaycan 2020-ci ildə “artsax”da etnik təmizləmə aparıb. “Erməni xalqının öz vətənində azad və müstəqil yaşamaq hüququ əsas insan hüquqlarından biridir. Avropa Parlamenti öz təcili qətnaməsi ilə artıq Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ermənifobiya siyasətini pisləyib ki, bu da özlüyündə Artsax xalqının Azərbaycanın hakimiyyəti altında mövcudluğunun mümkünsüzlüyünün etirafıdır”.

Konfransın əsas məruzəçiləri müharibə zamanı və ondan sonrakı dövrlərdə “insan hüquqlarının və beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasından” danışıblar. Geqam Stepanyan deyib ki, “Azərbaycanın etnik təmizləmə siyasəti, təhdid və zorakılıq, əhaliyə psixoloji hücumlar siyasəti normal həyatı pozmağa, eləcə də Artsaxda yaşayan erməni xalqına inamsızlıq yaratmağa yönəlib. Xüsusilə, Avropa Birliyinin vasitəçiliyi ilə belə Artsaxın statusu məsələsi danışıqlar predmetinə çevrilməyəndə bu inamsızlıq artır”. Erməni məhbusların AİHM-dəki rəsmi nümayəndəsi Siranuş Saakyan Azərbaycanın guya erməni əsirlərlə pis rəftar etdiyini deyib.

Yada salaq ki, Prezident İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu qərəzli mövqe haqda da danışıb.

“Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi antiazərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən il yarım sonrakı vaxta təsadüf edir”, - deyə Prezident bildirib. Dövlət başçısı deyib ki, Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır: “Əfsuslar olsun, bu baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvləri həmin qətnamənin lehinə səs veriblər. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu o qədər böyük əhəmiyyət kəsb etmir”.

Prezident Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi olduğunu və xüsusilə hazırda əlaqələrin çox uğurla inkişaf etdiyini deyərək bu fikirləri işlətmişdi: “Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir”. Bu “müzakirələr”dən görünən budur ki, hazırda Azərbaycandan qaz istəyən Avropa Birliyinin parlamenti və onun ayrı-ayrı üzvləri Prezidentin dediklərindən nəticə çıxarmayıblar və anti-Azərbaycan fəaliyyətlərini davam etdirirlər.

a98b133d-c585-44d0-8d82-9a61703f051d.jpg (48 KB)

Mətləb Aslanov 

AĞ Partiya başqanının köməkçisi, politoloq Mətləb Aslanov burada təəccüblü heç nə görmür: “Hər zaman belə olub. Avropa xristian təəssübkeşliyindən daim çıxış edib və bundan sonra da belə olacaq. Biz qardaş Türkiyəmizlə əlaqələrimizi hazırda olan səviyyədə davam etdirməliyik, qorumalıyıq. Avropa ölkələri tarix boyu Türkiyəni sevməyiblər və bundan sonra da belə olacaq. Rəsmi Ankaranın Ərdoğan dönəmindəki inkişafını qəbullana bilmirlər, amma barışmağa da məcbur olurlar. Biz qardaş ölkənin bu nüfuzundan, inkişafından həm də yararlanmağı bacarmalıyıq.  Amma istənilən halda ən sərt formada rəsmi Bakı bu məsələdə öz mövqeyini ifadə etməlidir. İndi belə müzakirə keçirilir, sentyabrın 19-da qondarma rejimin ”xarici işlər naziri" David Babayan Amerikaya səfər edir. Nə baş verir? Biz nə qədər susqun qalacağıqsa, bu cür hallar artacaq. Etirazımızı görməlidirlər ki, bu cür yaramazlıq da etməsinlər".

Bağlıdır Avropa Birliyinin qapısı üzümüzə...”- Tiflisin suçu...

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə: “Aydındır ki, Avropa Parlamentində daima anti-Azərbaycan əhval-ruhiyyə mövcud olub və bu mənfi münasibət bu gün də davam edir, yaxud məqsədli şəkildə davam etdirilir. 1988-1994-cü illərdə Azərbaycan torpaqlarının işğalı, mədəni irsimizin dağıdılması, yerlə bir edilməsi, 250 min qaçqın azərbaycanlının Ermənistandan, 700 minədək məcburi köçkünün Qarabağ və ətraf rayonlardan qovulması, 1992-ci ilin 26 fevralında Xocalı Soyqırımının məhz ermənilər tərəfindən azərbaycanlıların başına gətirilməsi, ümumiyyətlə bölgədə etnik təmizləmə siyasətinin məhz Ermənistan və Qarabağ erməniləri tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirilməsinə baxmayaraq, Avropa Parlamentində hələ 1993-cü ilin yanvar ayında (Xocalı soyqırımının heç bir ili tamam olmamış) qəbul edilən qətnamədə Azərbaycanın guya ermənilərə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti pislənirdi. Bu qətnamədə 300 min erməninin Azərbaycandan qovulması və müvafiq uydurulmuş və şişirdilmiş faktlar qeyd olunmuşdu. Halbuki, etnik təmizləmə siyasətinə ilk məhz Ermənistan tərəfi başlamışdı. Eyni davranış hazırda da sərgilənməkdədir. Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq, dəfələrlə qurumun iclas və müzakirələrində açıq-aşkar saxta erməni məlumatları səsləndirilmiş, müvafiq çağırışlar hazırlanmışdır.

Bu qurum ölkəmizə qarşı ədalətsiz mövqeyini açıq şəkildə nümayiş etdirməkdən heç vaxt çəkinməmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və bu müharibədən sonra bu cür qərəzli mövqeyin davam etməsinə şahidik. Ümumiyyətlə, indiyədək Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı qərəzli qətnamələr çıxarıldıqdan sonra Milli Məclisin bu quruma ünvanladığı əks-qətnamələr hazırlanır və təqdim olunur. Belə bir siyasi ənənə mövcuddur. Görünür ki, Avropada bu qətnamələri qətiyyən oxumurlar, hadisələrə tarixi-hüquqi qiymət vermirlər. Çox güman ki, onlar sadəcə erməni lobbisinin maraqlarına xidmət edərək öz qiymətlərini müəyyən edirlər. Lakin burada əsas məsələ, sadəcə erməni lobbisinin pulları deyil, həm də ideoloji təsir mexanizmini yarada bilmələridir. Erməni lobbisi və təsir qrupları həqiqətən də öz propoqanda maşını ilə Avropa siyasətçilərinin beynini ”yuya bilir" və bu işi çox bacarıqlı şəkildə təşkil edirlər. Bir növ “özlərinə sərf edən məlumatları sızdırırlar”. Bu işin Azərbaycan tərəfindən ələ alınması, məsələyə sadə və primitiv deyil, ideoloji baxış ortaya qoyulması önəmlidir. Çünki avropalılar nəzəriyyə, ideya, ideologiya və ideallarla yaşayan cəmiyyətdir. Bu idealların Azərbaycanda da olduğu, Qarabağın sadəcə “ərazi/territorial” məsələ olmadığı və Aİ-nin (xüsusilə həmin qətnamələrə səs verən parlamentarilərin) Azərbaycana qarşı qərəzli mövqeyi və bundan imtina etməsinin lazım olduğuna dair müvafiq istiqamətli propoqanda doğru düzgün aparılmalıdır. Bunun üçün ilkin addım Avropa İttifaqının siyasi camiəsinin genişləndirilməsi üçün ortaya atılan ideya - Avropa Siyasi Cəmiyyətinin qarşıdan gələn sammitində azərbaycanlıların aktiv iştirakı ola bilər. Qeyd edim ki, bu cəmiyyətin ilk sammiti oktyabr ayında Praqada baş tutacaq və Azərbaycan da dəvətlidir. Azərbaycan öz davranışı ilə əbədi kimi təsir bağışlayan işğalı ortadan qaldıra bildisə, Avropa siyasətçilərinin qərəzli baxışlarına da işıq saça biləcəyinə ümid edirəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR