Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketini 16-cı paketin yekun təsdiqindən dərhal sonra müzakirəyə başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə “Yevropeyskaya Pravda” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 16-cı sanksiya paketi fevralın 24-də təsdiqlənəcək və bundan sonra Aİ ölkələrinin xarici işlər nazirləri yeni məhdudiyyətlər üzərində işləməyə başlayacaqlar. 17-ci paket 2025-ci ilin birinci yarısında, Polşanın Aİ-yə sədrliyi bitməzdən əvvəl qəbul ediləcək.
Avropa diplomatik dairələrinin nümayəndəsi vurğulayıb ki, Aİ Rusiyaya qarşı sanksiya siyasətini dayandırmaq niyyətində deyil:
“Biz sanksiyalar üzərində işi heç vaxt dayandırmırıq. Çərşənbə günü Aİ ölkələrinin səfirlərinin iclasında razılaşdıq ki, Rusiyaya qarşı təzyiqlər davam etməlidir. Daha çox iş görməliyik.”
Sanksiyaların təsdiqlənməsinə Macarıstanın mümkün maneəsi ilə bağlı suallara cavab verən mənbələr bloklamanın uğursuz olacağını və yekunda sanksiyaların qəbul ediləcəyini bildiriblər.
“Biz bu oyunu daha əvvəl də görmüşük. Gəlin yekun nəticəni gözləyək, çox güman ki, müsbət olacaq,” – deyə Avropa diplomatlarından biri vurğulayıb.
Qeyd edək ki, Aİ Rusiyaya qarşı artıq 16 sanksiya paketi tətbiq edib və bu məhdudiyyətlər əsasən enerji, maliyyə, hərbi sənaye və yüksək texnologiyalar sektorlarını əhatə edir. Yeni paketdə daha sərt tədbirlərin yer alacağı gözlənilir.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ