Onlayn ictimai-siyasi qəzet
Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı Bakının səfirə təqdim etdiyi etiraza Brüssel reaksiya verməyə tələsmir - analitiklər səbəbləri açıqladı
Oktyabrın 25-də Avropa Parlamenti (AP) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı növbəti dəfə qərəzli qətnamə qəbul etdi. Qətnamədə bir sıra absurd tələblər irəli sürülüb. Məsələn, qeyd olunub ki, COP29-un Bakıda keçirilməsi ləğv edilsin, Azərbaycanla Aİ arasında enerji sahəsində imzalanan Strateji Tərəfdaşlıq memorandumundan imtina edilsin, Azərbaycandan tələb edilib ki, “işğal olunmuş Ermənistan torpaqlarından çıxsın”.
Ədalətsiz qətnaməyə 453 deputatın səs verməsi bu qurumun Azərbaycana münasibətdə əvvəlki qərəzini nə dərəcədə saxladığını göstərir. AP-nin qərəzli qətnaməsinə etiraz olaraq Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-də səfirə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib. Lakin notaya indiyə qədər Brüsseldən reaksiya yoxdur.
Rəsmi Bakının mövqeyində Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd edən, onun daxili işlərinə müdaxilə edən bəyanat və addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb. Azərbaycanın Aİ ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb. “Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub”, - deyə məlumatda qeyd edilib.
Yada salaq ki, bir müddət əvvəl Ermənistan sərhədində Avropa İttifaqının müşahidə missiyasının Azərbaycana qarşı casusluqla məşğul olduğuna dair ittihamlarına Piter Mixalkonun narazılığından sonra da o, Azərbaycan XİN-ə çağırılmışdı. Mixalko iddia edib ki, Azərbaycanda bəzi KİV-lər Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc edib. O, mülki, silahsız bir missiyanın mandatının müşahidə aparmaq olduğunu vurğulayıb. Avqustda Mixalkonun Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə bəzi müxalifətçilərlə görüş keçirdiyi haqda da iddialar vardı. İddialara görə, hətta Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel yaranmış vəziyyətdən ciddi narazılığını onların diqqətinə çatdırıb. İndi də növbəti qətnaməyə görə Mixalkoya nota təqdim olunub, amma Aİ münasibət bildirmir. Görəsən, Avroparlamentin qərəzli qətnamələrinin Aİ ilə münasibətlərə hansı mənfi təsirləri var?
Onu da deyək ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl Belçikanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponin etimadnaməsini qəbul edərkən belə bir məqama da toxunmuşdu - Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır: “Əfsus ki, Brüsseldə, Avropa İttifaqının mənzil qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir”.
Qərb təsisatları ilə Bakının getdikcə daha da gərginləşən münasibətlərini “Yeni Müsavat”a şərh edən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin bildirdiyinə görə, Avropa Birliyi qlobal siyasətdə artıq müstəqil deyil və Birləşmiş Ştatların bir filialına çevrilməkdədir. Siyasi analitikin fikrincə, ABŞ-dan hansı təlimatlar gəlirsə, Brüsseldə dərhal icra olunur. “Xatırladıram ki, az əvvəl konqresmenlərin Blinkenə müraciəti olmuşdu və Bakıya qarşı tələblər səsləndirilmişdi. Bunun ardınca çox keçmədən Avropa Parlamenti məlum qətnaməni qəbul etdi. Yəni sifarişçi Vaşinqtondur, icraçı Avropa təsisatları...”, - deyə A.Məsiyev belə təhlil edir.
Ekspert hesab edir ki, bütün bunlar Azərbaycana olan təzyiq siyasətidir: “Avropa İttifaqı ABŞ-ın əlində alətə çevrilməməlidir. Çox təəssüf ki, Birləmiş Ştatlar "qoca qitə"nin nəhəng qurumunu istədikləri kimi idarə edirlər. Xüsusən də Ukrayna münaqişəsi Vaşinqtonun Brüsseldə siyasi təsirlərini gücləndirib. Bizə olan qərəzə gəldikdə isə təkcə məsələ Azərbaycan deyil, ABŞ-ın məqsədi Cənubi Qafqaz ölkələrinin hər üçünü təsir altına salmaqdır. Baxın, Gürcüstanda demokratik bir parlament seçkiləri keçirildi, 54 faiz səslə “Gürcü Arzusu” qalib gəldi, amma ATƏT, Avropa İttifaqı və ABŞ seçkilərlə bağlı mənfi rəylər açıqlayırlar. Niyə? Çünki seçki demokratik keçirilə bilər, amma nəticələri Qərbin maraqlarını ifadə etmir. Qərb hesab edir ki, ya bizimləsən, ya deyilsən. Azərbaycana qarşı qətnamələrin də alt qatında bu çağırışlar var. Lakin rəsmi Bakı çoxqütblü iqtisadi siyasətini həyata keçirir, hazırda Avropa Birliyinin təxminən 10 dövləti ilə bu müstəvidə, yəni enerji sahəsində əməkdaşlığını genişləndirir. Sadəcə, Azərbaycanın müstəqil siyasəti Vaşinqtonu qane etmir, sözəbaxan bir ölkə olmağımızı istəyir, ona görə Bakı ilə tez-tez belə toqquşmalar yaşanır".
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova Aİ-nin indiyə qədər heç bir qətnaməyə münasibət bildirmədiyini xatırladır. Onun sözlərinə görə, Brüssel AP-də qəbul edilmiş qərarları qanunverici orqanın öz işi kimi dəyərləndirir: “Avropa Parlamentinə seçkilərdən sonra çoxu gözləyirdi ki, yeni tərkibin Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq. Amma yanılırdılar və xüsusən də Fransanın, Almaniyanın Avroparlamentdə ciddi təsirləri mövcuddur. Burada erməni lobbisinin pulları da əla işləyir. Ona görə əsasən sağçı partiyalar qalib gəlsələr də, nəticə etibarı ilə dəyişən heç nə olmadı. Bu struktur konkret anti-Azərbaycan mövqedə formalaşıb. Siz oradakı deputatların çıxışlarını izləsəniz, daha qəddar münasibət görə bilərsiniz. Ölkəmizə qarşı bir nifrət püskürülür, olmazın ittihamlar səslənir, ağızdan eşidilən şayiələr tribunadan səsləndirilir. Bunu deyənlər avropalı deputatlardır və hiss olunur ki, sifariş yerinə yetirirlər. Onlara verilən kağızdakı böhtanları oxuyurlar”.
Təhlilçi Aİ-nin rəsmi Bakının notasına reaksiyasını gözləmir, ən yaxşı halda Brüssel ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu açıqlayacaq, əlavə şərh verməyəcək: “Avroparlament isə xain yuvasıdır. Biz oradan həmişə bu xəyanəti gözləməliyik. Onlara elə gəlir ki, dedikləri doğrudur. Ancaq bu yalanların avropalı deputatlara ötürülməsində iştirak edənlər var. Onların arasında Avropadakı bəzi azərbaycanlıların da rolu az deyil. Ümumiyyətlə, gedişatdan görünür ki, biz Qərb təsisatları ilə uzunmüddətli "soyuq müharibə"yə hazır olmalıyıq.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ