Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Qanun layihəsi barədə danışan Hüquq sitasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihə həm Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, həm də Milli Məclisdə geniş müzakirə olunub, deputatlar dəyişiklikləri təsdiqləyiblər.
Konstitusiya qanunu səsverməyə çıxarılıb və təsdiqlənib.
Qeyd edək ki, qanun layihəsində bir sıra mühüm dəyişikliklər var.
Belə ki, layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir. Mövcud preambulada bildirilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir. Qanun layihəsində yuxarıdakı hissələrin Konstitusiyadan çıxarılması, onların aşağıdakı müddəalarla əvəz olunması təklif edilir:
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.
Qanun layihəsinin müzakirəsi Naxçıvan Muxtar Respublikasını təmsil edən nümayəndələrin iştirakı ilə keçirilib.
E.Paşasoy,
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ