İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Bakıya yeni elçisi niyə gecikir... - səbəb

Xəstəliyinə görə postundan gedən Libbinin səfir yeri 6 aydır boş qalıb; siyasi əngəl varmı?

Vaşinqton ABŞ-ın Azərbaycanda səfirliyinə yeni müvəqqəti işlər vəkili təyin edib. Bu barədə ABŞ səfirliyinin sosial şəbəkələrdə dərc olunmuş bəyanatında deyilir. Məlumata görə, bu vəzifəyə Emi Karlon təyin edilib. Bundan əlavə, diplomatın tezliklə Azərbaycan paytaxtına gələcəyi qeyd edilir.

Yada salaq ki, sonuncu səfir Mark Libbi ağır xəstəliyi üzündən bu ilin yanvarında öz vəzifəsini vaxtından əvvəl tərk edib ABŞ-a qayıtmalı olmuşdu. Lakin 6 ay ötsə də hələ ki yeni səfirdən xəbər yoxdur. Səbəb nədir? Yeni elçinin gəlişi niyə gecikir? Yeni müvəqqəti işlər vəkilinin təyinatı nə deməkdir və o, maksimum nə qədər müddətə səfiri əvəzləyə bilər?

Qeyd edək ki, bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını uzun müddət gecikdirmişdi. 2009-cu ilin yanvar ayında ABŞ-ın Bakıdakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatmış, lakin onun yerinə təyin edilən Riçard Morninqstarın namizədliyi yalnız 2012-ci ildə, düz 3 il sonra təsdiqlənmişdi. Bu müddət ərzində ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinə müvəqqəti işlər vəkili rəhbərlik edirdi, yəni ölkədə səfir səviyyəsində siyasi təmsilçilik faktiki olaraq yox idi. Həmin dövrdə ABŞ mediası və ekspert dairələri bu təyinatın gecikməsində erməni lobbisinin Senatdakı təzyiqlərini əsas amillərdən biri kimi göstərmişdi. Xüsusilə Kaliforniya, Nyu-York və Massaçusets kimi ştatlardan olan erməni əsilli senatorlar və onların müttəfiqləri, Azərbaycana yeni səfir təyinatını müxtəlif bəhanələrlə əngəlləyirdilər. Onlar Qarabağ münaqişəsi, insan haqları, media azadlığı və demokratik institutların durumu kimi məsələləri əsas gətirərək, Azərbaycanla diplomatik yaxınlaşmanın sürətlənməsinə qarşı çıxırdılar.

Məhz bu səbəbdən, o dövrdə səfir təyinatı geopolitik deyil, daxili siyasi və lobbi maraqlarının toqquşması kontekstində gecikdirilmişdi. Bu təcrübə Azərbaycanın diplomatik dairələrində və cəmiyyətində ciddi narahatlıqla qarşılanmışdı. Əlavə olaraq, ABŞ Dövlət Departamentinin dəfələrlə diplomatik nümayəndəliyin tam heyətlə işləməsinin vacibliyini vurğulamasına baxmayaraq, Senat prosesi ləngitmişdi.

Beləliklə, həmin dövrdə səfir təyinatının gecikməsi ilə bağlı ABŞ Senatındakı erməni lobbisinin təzyiqləri əsas səbəb kimi göstərilmişdi. Eyni nüansın bu gün də aktual olub-olmaması barədə rəsmi açıqlama verilməsə də, bu ehtimal yenidən gündəmə gəlməkdədir.

Məsələ ilə bağlı fikirlər bildirən siyasi şərhçilər hesab edirlər ki, hazırda ABŞ-Azərbaycan münasibətləri əvvəlki illərlə müqayisədə daha fəal və praqmatik əsaslar üzərində qurulub. Xüsusilə Tramp administrasiyası dövründə Bakının Vaşinqtonla işgüzar və təhlükəsizlik yönümlü əlaqələri güclənmişdi. Bu baxımdan ekspertlər ABŞ-ın səfir təyinatının bu qədər gecikməsinin texniki və daxili prosedur məsələləri ilə əlaqəli olduğunu düşünürlər və bunun Azərbaycanla siyasi gərginliklə əlaqələndirilməsinə əsas görmürlər.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a deyib ki, müvəqqəti işlər vəkili məsələsi təmsil olunan ölkənin daxili məsələsidir: “Yəni texniki bir rəhbərlikdir, siyasi rəhbərlik deyil. Çünki siyasi rəhbərlik beynəlxalq qanunlara görə, səfir səviyyəsində təsdiqlənir və bu prosedur etimadnamənin təqdimatı ilə təsdiq olunur. Onun Azərbaycanda təmsilçiliyi adətən müşavirdən yuxarı deyil. Yəni biz onu müşavir kimi tanıyırıq, amma öz ölkəsinin Dövlət Departamentinin adından belə bir səlahiyyətə malikdir”.

T.Zülfüqarov yeni səfirin gəlişinin gecikməsi məsələsinə bu cür mövqe bildirib: “O ki qaldı səfirin olub-olmamasına, əslində bu, Azərbaycana deyil, Amerika Birləşmiş Ştatlarına lazımdır. Çünki səfir ilk növbədə təmsil etdiyi ölkənin maraqlarını icra və təmin edir. Təəssüf ki, keçmiş səfir səhhətində olan problemlərlə əlaqədar Azərbaycandan ayrılıb və onu vəzifədən çıxarıb yenisini təmin etmək bəlkə də etik baxımdan Dövlət Departamentində bəzi problemlər yaradır. Ona görə inanmıram ki, səfirin Azərbaycanda olmaması hansısa siyasi problemlərlə bağlıdır”.

Politoloq vurğulayıb ki, iki ölkə arasında əlaqələr davam edir: “Məlum olduğu kimi, müxtəlif səviyyələrdə həm ABŞ, həm də Azərbaycan tərəfindən münasibətlərin və aktiv dialoqun olması açıqlanıb. Azərbaycan tərəfi bəyan edib ki, müxtəlif administrasiya və Xarici İşlər Nazirliyinin nümayəndələri öz həmkarları ilə əlaqə saxlayıb, müxtəlif rəsmi mövzuları müzakirə edirlər. Təxminən buna bənzər bəyanat Amerika tərəfindən də olub. Bu da onu göstərir ki, səfir olmasa belə, münasibətlər lazımi səviyyədə davam edir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR