İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barıqanın evinə gedirsən?” – İki nəfəri bıçaqlayan şəxs hava limanında tutuldu

Küçədə baş verən mübahisə iki nəfərin bıçaqlanmasına səbəb olub. Bıçaqlanan şəxslər sərxoş imiş. İki nəfəri bıçaqlayan şəxs onlardan üzr istəyərək hadisə yerindən qaçıb. Ölkədən qaçmaq istəyən zaman isə hava limanında saxlanılıb.

Musavat.com xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

36 yaşlı Orxan küçədə mübahisə etdiyi Murad və Vüqarı bıçaqlayıb. Həmin gün Orxan Nizami rayonunda əvvəldən tanıdığı bir nəfərin evini axtarırmış.

Orxan ifadəsində bildirib ki, reabilitasiya mərkəzində işləyirmiş: “Mən reabilitasiya mərkəzində işləyirdim. Mərkəzdə narkomaniyadan müalicə alan bir şəxsin ödənişlə bağlı borcu var idi. Həmin pulu almaq üçün onun evinə gedirdim. Yolda tanışlardan biri ilə rastlaşdım. Hara getdiyimi soruşanda dedim ki, Xəyyamgilə gedirəm. Pulu alacağım şəxsin adı Xəyyam idi. Həmin zaman Murad söhbətə müdaxilə edib “barıqanın qapısına gedirsən” dedi. Buna görə mübahisə yarandı. Murad əli ilə üzümə vurdu. Üçü də fiziki olaraq məndən güclü idi. Məcbur qalıb bıçağı çıxardım. Muradı vurdum, amma Vüqarı vurmaq fikrim yox idi. Bıçaq ona səhvən dəyib”.

Orxanın ifadəsindən məlum olub ki, hadisədən sonra hava limanına gedərək ölkəni tərk etmək istəyib. Polis əməkdaşları onu Hava Limanında saxlayıblar.

Zərərçəkmiş Murada hadisə zamanı 6 bıçaq zərbəsi dəyib.

İfadəsinin sonunda Orxan deyib ki, hər iki şəxslə barışdığı üçün məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir.

Məhkəmədə zərərçəkmişlər ifadə verən zaman Orxanla barışdıqlarını, şikayətçi olmadıqlarını deyiblər.

Zərərçəkmiş Vüqar ifadəsində deyib ki, Orxan Muradı vuran zaman onları aralaşdırmaq üçün müdaxilə edib. Həmin zaman ona da bıçaq zərbələri dəyib: “Orxan və Muradı bir-birindən ayıraraq kənarlaşdırdıq. Orxan təxminən bir dəqiqə orada duraraq üzünü tanışı Namiqə çevirib “qardaş, mən neylədim, nə iş tutdum” deyirdi. Əli ilə başına-başına vuraraq qışqırıb “ə, bu qan itirir, təcili xəstəxanaya çatdırmaq lazımdır” söyləyirdi. Sonra da bıçaqladığı Murada “Allah şeytana lənət eləsin, sən Allah bağışla” deyərək qaçdı”.

Orxan qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə məlum olub ki, Orxan daha əvvəl də qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə məhkumluq həyatı yaşayıbmış.

İ. Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR