İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ikiüzlülüyü: Ukraynanın yanında olan Bakıya yox, rus bayrağını qaldıran separatçılara dəstək

Reallıqdan və yaxın-uzaq tarixin təcrübəsindən çıxış edib, Avropa və Amerikanın “ikili standartlar”ından, təcavüzə uğramış Ukrayna ilə Azərbaycana, üstəlik, hər iki ölkədəki separatçılara fərqli münasibət sərgiləməsindən bəhs edəndə bəzi Qərb aşiqləri üstümüzə hücuma keçirlər. Buyurun, bu da sizə Avropa ədaləti!

Bir gün əvvəl Ermənistanın və Qarabağdakı erməni separatçıların qaz şivənindən bəhs etmişdik və illər boyu separatçıları, Ermənistandakı revanşistlərə “qaz verən” onların terroçu əməllərini stimullaşdıranların sükuta qərq olduğunu vurğulamışdıq. Sükut pozuldu, erməni separatçıları Avropa İttifaqı səviyyəsində himayə olundu!!! Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano özünün Twitter mikrobloqunda separatçı-terrorçu ermənilərə elə ağı deyib ki, ermənilərin vanöysəsi yalan olub. “Zərərçəkmiş əhali”nin qaz təchizatını “təcili” (!) bərpa etməyə çağırıb.

Həmin bu Piter burnunu haraya soxduğunun fərqindədirmi görəsən? Qarabağ hardadır? Azərbaycanda! Ora qaz hardan gəlirdi? Ermənistandan. Niyə?! Hansı əsasla? Əvvəlcə oturub bu suala cavab tapsın, sonra ermənilərə “keşişlik” eləsin.

Ən uzağı Azərbaycandan xahiş edə bilərlər ki, humanistlik nümayiş olunsun, havalar isinənədək, Xankəndiyə Azərbaycanın digər ərazilərindən qaz kəməri çəkilənədək və dövlətlərarası razılaşmalara uyğun olaraq qaz verilməsi təmin olunsun. Xahiş, tələb yox!

Aİ sözçüsü Stanonun digər ciddi səhvi “Stepanakert”dir. Diqqət edin: “Biz Stepanakertə qazın verilməsinin dayandırılmasından narahatıq. Aİ vəziyyəti nəzarətdə saxlayan hakimiyyət orqanlarını, xüsusən də belə hava şəraitində buna imkan verməməyə çağırır”.

Bu adam “erməni diliylə” danışdığının fərqindədirmi? Azərbaycan ərazində Stepanın adına qəbir daşı da qalmayıb, bu adam nə sayıqlayır belə? Avropanın aparıcı təşkilatının təmsilçisi bu qədərmi qeyri-ciddidir? Birdəfəlik anlamalıdırlar ki, Stepanakert 30 ildən çoxdur cəhənnəmə-gora göndərilib, var Xankəndi! Azərbaycan qanunlarına hörmət etməyə borcludurlar!

Erməniləri sevindiriblər, nəhayət budəfəki şivənin də nəticə verdiyinə görə atılıb-düşürlər. Yəqin başları bir az da dumanlanacaq və növbəti təxribatlara başlayacaqlar. Hər dəfə belə olur, “ilana zəhər verən kərtənkələ”lərin təkcə kalantaryanlardan ibarət olmadığını, çoxluğun Qərbdə məskən saldığını dəfələrlə yazmışıq. Qarabağa Ermənistandan qanunsuz olaraq çəkilmiş kəmərdə qaz verilişi ilk dəfə martın 8-də dayandırılmışdı, qəza səbəbindən. Ermənilər iddia etdilər ki, Azərbaycan zədələnmiş qaz kəmərinin bərpasına imkan vermir. Martın 19-da məlum oldu ki, kəmər bərpa olunub, hətta qeyri-rəsmi şəkildə “Azəriqaz”ın humanistlik göstərərək təmiri həyata keçirdiyi bildirilirdi. İki gün sonra isə qaz təchizatında yenidən fasilə yarandı. Bu dəfə ermənilər hay-küy saldılar ki, qaz kəmərində aparılan təmir işləri zamanı Azərbaycan qaz kəmərinə klapan quraşdırıb. Əllərində hər hansı fakt yoxdur ha, sadəcə şivən salırlar, ittiham edirlər. Azərbaycan tərəfdən bu iddialar rədd edilir. Bəli, əgər Bakının erməniləri dondurmaq niyyəti olsaydı, heç Rusiyadan Ermənistana nəql olunan qazın hal-hazırda öz ərazisindən ötürülməsinə razı olmazdı. Necə ki, Ermənistan Zəngəzur dəhlizinə mane olur, necə ki, 30 ildən çoxdur Naxçıvan Muxtar Respublikasının yarım milyon əhalisini blokadada saxlayır, 43 km-lik məsafədən qaz, ya elektrik xətti çəkilməsinə imkan vermir. Amma kimə deyirsən, Avropadakı “dayı”ları ermənilərin sözünü deyir.

Azərbaycan-Avropa İttifaqı münasibətlərində Qarabağ qırmızı xəttdir, bunu qurumun rəhbərliyi yaxşı bilir. Hələ Qarabağ işğalda olduğu dönəmlərdə Azərbaycan Prezidenti Avropa İttifaqı ilə münasibətlər və əlaqələrdə ərazi bütövlüyümüzün tanınmasını əsas şərt olaraq irəli sürüb. Bütün bunlardan sonra yenə də Azərbaycanın ərazi bütövlüyünə çəpəki baxmaq cəhdi qəti şəkildə yolverilməzdir!

Avropa niyə Gürcüstan, Moldova və ya Ukrayna separatçılarına eyni qayğını göstərmir, Tiflis, Kişinyov və Kiyevə müraciətlə abxaz, osetin, Dnestryanı, Donbas, Luqans və ya Krım separatçılarına qarşı “haqsızlıqlar”dan “narahatlığını” ifadə etmir?!  

Avropa İttifaqının rəsmisi kimi müdafiə edir: iki həftə əvvəl Xankəndidə Rusiya bayrağını qaldırıb, “bizi xilas elə” deyən separatçılarımı? Necə olur dünyanın bütün irili-xırdalı təşkilatları, dövlərləri sözü bir yerə qoyub Ukraynanın ərazi bütövlüyünü qoruyur, işğalçı Rusiyanın pişiklərinə belə sanksiya tətbiq edir, amma Rusiyadan nicat gözləyən, separatçılara yardım göndərən Qarabağ ermənilərini himayə edir? Bu ikiüzlülüyə nə ad vermək olar?!

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, tədarük olunan qazın pulunun rublla ödənməsi imkanları Rusiya ilə müzakirə olunur. Diqqət edin, Rusiya rubl təzyiqini qeyri-dost ölkələrə edir, əsasən Avropaya. Ermənistan özünü “zərərçəkmiş” kimi göstərir, guya ki, o da Kremlin təzyiqlərinə məruz qalır. Oyunbazlıqdır. Neçə gündür Ermənistanda Rusiyaya dəstək aksiyaları keçirilir, Ukraynaya qarşı döyüşmək üçün “könüllülər” toplanır. Bilirik axı, Ermənistan Rusiyanın forpostudur. Sadəcə, “haça-paça siyasəti” yürüdür, Avropa ilə Rusiya arasında.

Azərbaycan dövləti və xalqı isə bütün təhlükələrə rəğmən, Ukrayna məsələsində ədalətin yanındadır, işğalı pisləyir, Ukraynaya davamlı şəkildə humanitar yardım göstərir. Amma Ukraynanın yanında olan Avropa İttifaqı Ukraynaya humanitar yardım göndərən Azərbaycanın yox, Ukraynanı işğal edən rus ordusuna 14 ton yardım göndərən Qarabağ separatçılarının yanındadır! Avropa Parlamenti bir neçə gün əvvəl “erməni irsinin dağıdıldığını” iddia edib, Azərbaycana qarşı qətnamə qəbul etdi, indi də Avropa Parlamenti erməni havasına oynayır. Səbəb nədir, bəlkə istəyirlər ki, Azərbaycan da Gürcüstan və Ukrayna kimi NATO-ya və Aİ-yə üzv olmaq üçün müraciət etsin, sonra da Qərb paytaxtları viran olan şəhərlərimizə baxıb, ləzzət alsınlar...Ermənini qaza gətirənlərə etibarımız yoxdur!

Elşad PAŞASOY

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR