İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Azərbaycan Məktəbində "Model BMT" adlı konfrans keçirilib - FOTO - VİDEO

Avropa Azərbaycan Məktəbində şagird şurası tərəfindən hazırlanan "Model BMT" adlı konfrans keçirilib.

APA xəbər verir ki, Avropa Azərbaycan Məktəbində ilk dəfə keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

 

Avropa Azərbaycan Məktəbinin orta təhsil binasının rəhbəri Linda Tompson bütün nümayəndələri və konfrans iştirakçılarını salamlayıb və onlara konfransdakı işlərində uğurlar arzu edib.

Konfransda Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Amanda Orpana da iştirak edib.

Amanda Orpana real BMT konfranslarının məqsədlərini iştirakçılara izah edərək konfransın ümumi konsepsiyası haqqında məlumat verib.

Ardından layihənin təşkilatçı və fəalları Sara Nabikoğlu və Aysu Sultanlı konfransın işi və sessiyalar barədə məlumat verib.

Bildirilib ki, EASMUN adlanan konfrans Azərbaycanda ingilis dilində təhsil alan 8 və 12-ci sinif şagirdlərinin iştirakı üçün açıq olub. Konfrans bütün namizəd tələbələri AAM-nin orta məktəb binasında keçirilən çoxsaylı komitə sessiyalarında iştirak etməyə təşviq edib.

Məktəbin 11-ci sinif şagirdi və konfransın təşkilatçılarından biri Sara Nabikoğlu sözügedən ideyanın ötən ildən yarandığını qeyd edib: "Model BMT-nin biz tərəfdən hazırlanan bu konfransını keçirmək şagird şuramızın keçən ildən planlaşdırdığı layihə idi. Onu da qeyd edim ki, bu bizim məktəbimizin tarixində ilk dəfədir və iki gün davam edəcək. Bu gün diskussiyalar, sabah isə bu diskussiyalardan çıxan nəticənin və problemin həlli yönündə müzakirələrimiz olacaq".

Məktəbin bir digər şagirdi Aysu Sultanlı isə layihədəki komanda işinə diqqət çəkib: "Bugünkü tədbir üçün, yəni Model BMT üçün may ayından çalışırıq və bu bir komanda işidir. Komanda olaraq, hər detalı incəliyinə qədər düşünüb və üzərində işləmişik. Ümid edirik ki, istədiyimizə nail olacağıq".

Model BMT-nin təşkilatçılarından biri Yusif Əliyev də layihə ilə bağlı təəssüratlarını bölüşüb: "Hər nə qədər ilk hazırladığımız model və konfrans olsa da, düşünürəm ki, kifayət qədər uğurlu ola bilmişik. Bizim model BMT hesab edirəm ki, beynəlxalq aləmdəki model BMT-dən aldığımız təcrübə ilə BMT-nin ən gerçəkçi model BMT-sinə bərabərdir".

Çıxışlar yekunlaşdıqdan sonra konfrans sessiyalarla öz işini davam etdirib. Sessiyalarda şagirdlər komanda halında müzakirələr aparıb və təkliflər irəli sürüb.

Qeyd edək ki, Model BMT konfransının əsas məqsədi şagirdlərə bir fərd olaraq özgüvən vermək və özünü ifadə eləmək üçün yardımçı olmaq, onların ünsiyyət bacarıqlarını artırmaqdır.

Konfransa Azərbaycanın bir sıra məktəblərindən 125 şagird qatılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR