Onlayn ictimai-siyasi qəzet
İndiyədək aviaqəzalarda, İran prezidenti İbrahim Rəisi də daxil olmaqla, 14 ölkənin prezidenti həlak olub.
Bunların arasında Paraqvay (1940), Filippin (1957), İraq (1966), Braziliya (1967), Boliviya (1969), Ekvador (1981), Mozambik (1986), Pakistan (1988), Ruanda (1994), Burundi (1994), Şimali Makedoniya (2004), Polşa (2010), Çili (eks-prezident - 2024) kimi ölkələr var.
Həlak olan prezidentlərdən üçü helikopterdə, 11-i isə təyyarədə qəzaya uğrayıb. Helikopter qəzaında ölənlər Boliviyanın, Çilinin və İranın prezidentləridir.
Pakistanın prezidenti general Məhəmməd Ziya-ül-Həqqin uğradığı qəzadan başqa, bunların heç biri sui-qəsd nəticəsi hesab edilmir.
Məhəmməd Ziya-ül-Həqq
Züya-ül-Həqqin aviaqəzada həlak olması isə qəsd nəticəsi hesab olunur. Hər halda onun yerinə keçən vitse-prezident Qulam Xan dövlət başçısı kimi ilk çıxışında generalın ölümündə günahkar olanların tapılıb cəzalandırılacağına dair vəd verib və təhqiqata ABŞ mütəxəssislərini cəlb edib.
Bu hadisə 1988-ci il avqustun 17-də olub. Həmin vaxt Ziya-ül-Həqq “M-1 Abrams” tankının nümayiş sınaqlarının keçirilməli olduğu Teypur Tamevali poliqonuna uçub. Sınaqlar başa çatdıqdan sonra onin mindiyi “Hercules” təyyarəsi İslamabada istiqamət götürüb. Prezidentin ardınca pakistanlı general Aslam Beqin təyyarəsi uçub. Lahor şəhəri yaxınlığında Ziya-ül-Həqqin təyyarəsi qəzaya uğrayıb.
“Hercules”in göyərtəsində olan 37 nəfərdən heç biri sağ qalmayıb. Ekspertlərin versiyaları fərqli olub: pakistanlılar təyyarənin göyərtəsində zəhərli qaz olan konteyner ola biləcəyini irəli sürüblər. Ehtimal olunur ki, detonator işə düşəndə konteyner açılıb, qaz pilotları zəhərləyib və təyyarə idarəetməni itirib. Amerikalı mütəxəssislər isə təyyarənin qalıqlarının üzərində partlayıcı maddə olan pentaeritritol tetranitrat izlərini aşkar ediblər, bu da qəzanın terror aktı olduğu qənaətini yaradıb.
Bununla belə, terror aktının təşkilatçıları və sifarişçiləri tapılmayıb. Pakistan kəşfiyyat xidmətləri bu hadisəni sovet DTK-sının üstünə atmaq təşəbbüsü göstəriblər, ancaq bu versiya SSRİ-nin özündə ictimailəşdirilməyib. Sovet mediası Ziya-ül-Həqqin təyyarə qəzasında öldüyünü bildirib.
Prezidentlərlə yanaşı daha bir yüksək vəzifəli şəxs təyyarə qəzasında həlak olub. Bu, BMT-nin baş katibi Dağ Hammarşelddir (bütöv adı – Dağ Yalmar Aqne Karl Hammarşald).
Dağ Hammarşeld
Dağ Hammarşeld 1905-ci ildə İsveçdə doğulub, ölkəsinin tanınmış diplomatı olub, 1953-cü ildə BMT-nin Baş Assambleyasının yekdil qərarı ilə təşkilatın baş katibi seçilib.
Dünyanın hər tərəfindəki silahlı münaqişələrin sülh yolu ilə tənzimlənməsinə çalışan Hammarşeld 1961-ci ilin sentyabr ayında indiki Zambiyanın ərazisindəki Ndola şəhəri yaxınlığında aviaqəzada həlak olub.
Bu, onun Konqoyo dördüncü səfəri imiş. 1961-ci ilin sentyabrında Katanqa ilə bağlı böhran kəskinləşib və separatçı qüvvələr bu əyalətdə yerləşdirilmiş BMT qoşunlarına fəal müqavimət göstərməyə başlayıblar. Hammarşeldin fikrincə, mövcud böhrandan çıxış yolu tapmaq üçün Konqo hökumətinin avqust ayında təyin edilmiş başçısı Siril Adula ilə əyalətin separatçı qüvvələrinin lideri arasında təcili birbaşa danışıqları təşkil etmək olub. Baş katib hadisə yerinin yaxınlığında olmağı, üsyançı lider Mois Çombe ilə şəxsən görüşməyi üstün tutub.
Sentyabrın 18-də onun üsyançı lider Çombe ilə o vaxt Rodeziya və Nyasaland (indiki Zambiya) Federasiyasının ərazisində yerləşən Ndola şəhərində görüşü planlaşdırılıb. Sentyabrın 17-də axşam baş katibin kiçik təyyarəsi Leopoldvildən havaya qalxıb. Ndolaya yaxınlaşarkən pilot hava dispetçerinə hava limanının işıqlarını gördüyünü bildirib, sonra əlaqə kəsilib. Təyyarənin qalıqları hava limanından 15 km aralıda tapılıb. Təyyarədə olan 16 nəfərin hamısı – Hammarseld də daxil olmaqla 10 sərnişin və 6 ekipaj üzvünün öldüyü məlum olub.
Bu qəzayla bağlı 6 rəsmi araşdırma aparılıb. İstintaq zamanı çoxsaylı versiyalar, o cümlədən texniki nasazlıqlar, təyyarədə təxribat, yanacaq çatışmazlığı nəzərdən keçirilib. Hətta təyyarənin Katanqa üsyançılarının əlində olan yeganə hərbi təyyarə tərəfindən vurulması kimi versiya da səslənib. Lakin onların heç birini təsdiq edəcək inandırıcı dəlil tapılmayıb. Ən çox ehtimal olunan səbəb isə belə göstərilib: Hammarşeldin təyyarəsi çox alçaq hündürlükdə yerə enib və ağaclara çırpılıb.
Qeyd edək ki, 2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin həlak olduğu aviaqəzaya dair rəsmi versiya da eynidir.
Lex Kaçinski
Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşı Mariya 2010-cu ilin aprel ayının 10-da səhər-səhər “Tu-154M” markalı hökumət təyyarəsi ilə Varşavadan Smolenskə uçub. Təyyarədə Polşanın siyasi, hərbi, ictimai və din xadimlərindən ibarət 88 nəfər sərnişin və 8 ekipaj üzvü olub. Səfərin məqsədi Katın qətliamının 70-ci ildönümü günü Smolensk yaxınlığındakı Katın memorialını ziyarət etmək olub.
Dumanda Smolensk-Severnı hava limanına enərkən təyyarə uçuş-enmə zolağından 1,5 km məsafədə pistə çatmamış ağaclarla toqquşub və yerə çırpılıb. Təyyarədə olan 96 nəfərin hamısı həlak olub.
Təyyarənin Rusiyanın təxribatı nəticəsində qəzaya uğradığına dair versiyalar yayılsa da, hətta bir ara bu versiya populyarlıq qazansa da, ortaya rəsmi dəlil-sübut və ittiham qoyulmayıb.
P.S. Şəkildə: Dağ Hammarşeld, Məhəmməd Züya-ül-Həqq və Lex Kaçinski.
Araz Altaylı, Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ