Onlayn ictimai-siyasi qəzet
Ekoloji problemlərdən narahat olmaq lazımdır, ancaq əxlaq və mənəviyyatın pozulmasından niyə narahat olmuruq? Son çağlar az qala hər gün hansısa qadını öldürür, başını kəsirlər. Əslində “son çağlar” mənasız söz idi yazdım, Azərbaycanda həmişə belə olub. Lakin hələ görməmişik ki, 3-4 nəfər balaca qız uşağından başqa kimsə etiraz piketinə çıxsın, plakat hazırlatsın, “Qadın qanı axıdılan göllər qurudulsun!” şüarıyla piket düzəltsin. O qız uşaqlarının da məhz bu cür piketlər üzündən ölkədə qara qəpiklik hörməti yoxdur. İt də söyür, qurd da. Millətin əlində imkan olsa birinci elə “ləçər, əxlaqsız, feminist” deyə damğaladıqları o qızları boğub öldürərlər. Çirkin işlərinə gələcəkdə mane olmasınlar deyə. Gör vəziyyət nə yerdədir ki, hətta ABŞ səfirliyi də bu yaxında ərazisində aksiya keçirən feministlərimizi tutub hökumətə təhvil vermişdi. Bir növ, işarə vururdular ki, kefinizdən qalmayın, bu məsələdə sizinlə həmrəyik.
Keçən ilin yayında Bərdədə bir qadını öldürüblər. Bugünlərdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun (necə deyərlər, xalq öz “qəhrəmanlarını” tanımalıdır) qərarıyla həmin tip 10 il azadlıqdan məhrum edildi. Qatil qadını uzun zaman izləyib, qətli planlaşdırıb, 18 bıçaq vurub, öldüyünə əmin olmaq üçün başını kəsib – lakin niyə ona cəmi 10 il cəza verilir? Qəsdən adam öldürmədə cəzanın yuxarı müddəti 14 ildir, aşağısı 9. Eyni hakimin cürbəcür siyasi işlərdə adı hallandırılanlara 8-9 il cəza verdiyini bilirik. Qətl daha yüngüldürmü? Cəza az verilir, tez çıxıb ortalıqda kişilənsin deyəmi?
Bu qətlin üzərində xüsusi dayanmağımın mənası var, çünki hadisə qadın qətlləri üzrə şablonlar, klişelərlə doludur. İlk növbədə, məhkəmənin mediada (teleqraf.com və daha sonra ona istinadla musavat.com) işıqlandırılmasına baxaq: “Ərinə xəyanət edən qadın qardaşı tərəfindən QƏTLƏ YETİRİLDİ. Bərdə rayonunda 1991-ci il təvəllüdlü Mehman yüngül həyat tərzi keçirən bacısı Səbinəni (adlar şərti verilib – red.) qətlə yetirib”. Sitatın sonu.
Yoldaşlar, axı bu biabırçı jurnalistikadır! Siz nəyə görə tanımadığınız insanı, üstəlik cinayət qurbanını “ərinə xəyanətdə”, “yüngül həyat tərzi keçirməkdə” suçlayırsınız? Bu ixtiyarı sizə Mətbuat Şurası verib, yoxsa KİV haqda qanun? Lap adlar şərti verilsə də, axı belə yanaşma tərzi başqa tipləri də oxşar cinayətlərə həvəsləndirir, cürbəcür axmaqlar özəlliklə kənd yerlərində “əxlaq keşikçisi”, “qeyrət dağarcığı”, “namus torbası” olmaq fikrinə düşürlər.
Bəs bu yazıq qadının “xəyanəti” nə imiş? Gəlin xəbərdən o hissəni oxuyaq. Dəhşətdir. 21-ci əsrdə ölkəmizin hara, hansı qaranlığa yuvarlandığını göstərir. “Səbinə evdə gizlicə mobil telefonda başqa bir kişi ilə danışarkən qəfildən əri otağa girib, onun əlində indiyədək görmədikləri telefonu tutublar. Səbinənin xəyanət etməsi, başqa kişilərlə telefonda danışması barədə məlumat verdi. Səbinə evli olduğu 9 il ərzində ona nə biz, nə da əri tərəfindən mobil telefon alınmayıb. Səbinənin istifadəsində mobil telefonun olmasından heç kimin xəbəri olmayıb”. Sitatın sonu.
Tfu sizin üzünüzə. Elə bil evdə kölə saxlayırmışlar. Kölə saxlamaq da cinayət sayılır, yeri gəlmişkən. Amma ərə qarşı heç bir maddə qaldırılmayıb. “Əlində telefon tutduq”. Telefon xəyanət alətidirsə, GSM-ləri bağlayın. Düzü, heç bilmirəm bu axmaqlığa nə münasibət bildirim. Boşanma deyə bir üsul var axı, ay heyvərələr!?
Hələ durun, bitməyib: “Səbinənin münasibətdə olduğu oğlanın yeznəmizin bacısının oğlu olduğunu, Kətəlparaq kəndində yaşadığını öyrənsəm də, həmin adamın adını öyrənə bilmədim. Yeznəm onların arasında münasibətin olduğuna şübhələnsə də, sübut edə bilmədi”.
Belə “qardaşı” olana düşmən lazım deyil ki? Və ən əsası, bu idiot hazırda türmədə lotu kimi, “kişi” kimi fırlanır, bəlkə böyük hörmət yiyəsidir. Yenə tfu...
Ümumiyyətlə, bir sürü kişi qırığı, başda “ər” və “qardaş” olmaqla uzun müddət iş-güclərini atıb qadını güdüblər, harda, necə öldürməyi planlaşdırıblar. İyul ayında isə qadını elə döyüblər ki, hətta atası polisə ifadə verməyə apara bilməyib – yerindən qalxa bilmirmiş. Ancaq maraqlıdır, Bərdə polisindən təhqiqatçı Orxan müəllim döyülmə hadisəsini çox “güclü” təhqiq edib – avqustda qadını nəhayət öldürüblər.
Sonda həmin Orxan müəllimi polis günü münasibətiylə təbrik edirəm. Başqa nə yazım?
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ