Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin sentyabrında Xankəndi ətrafında bir sutkalıq lokal antiterror əməliyyatının keçirilməsi qaçılmaz olanda Azərbaycan dövlətinin iki böyük uğuru oldu. Bunlardan biri 35 ildən sonra dövlətin öz ərazi bütövlüyünü təmin etməsi, digəri isə mülki əhali arasında heç bir qırğına, zorakılığa yol verilməməsi idi.
Gerçəkdən də tam əminliklə və cürətlə iddia etmək olar ki, son 100 ildə bənzər münaqişələrin həlli, üsyan-qiyam ocağının söndürülməsi zamanı belə bir davranışın analoqu olmayıb. Demək olar ki, oxşar konfliktlərin hamısında mülki əhali arasında böyük itkilər, dilə gətirilməsi xoş olmayan zorakılıqlar baş verib. Ən təriflli aparıcı dövlətlərin hərbçiləri belə hərbi cinayətlərə yol veriblər.
Xankəndidə isə belə şey olmadı. Müqavimət göstərən bir dəstə terrorçu zərərsizləşdirildi, yerdə qalanı silahı yerə qoyub təslim oldu və Azərbaycan dövlətindən aldıqları həyat təminatı sayəsində ölkədən çıxdılar. Mülki əhali isə indiyə qədər iki ölkə və xalq arasında baş vermiş qanlı qırğınların qisasının qorxusundan, dərinləşmiş düşmənçilik mühitində bölgədə, iç-içə yaşamağın asudə yaşamağın mümkünsüzlüyünə dair qəti qənaətə gəldiklərindən Qarabağı könüllü şəkildə tərk etdi.
Erməni əhalinin Qarabağı tərk etməsini əks etdirən yüzlərlə video var. Onların çoxu zorakılığa məruz qalmadıqlarına görə sevinə-sevinə Ermənistana gedən nəqliyyat vasitələrinə minirlər. Evlərini tərk etdiklərinə görə kədələnənlər var, amma onlar da rahatdır, çünki Azərbaycan hərbçilərindən gözlədikləri davranışı görmürlər.
O zaman hərbçilərimizin mədəni davranışını əks etdirən bu kimi videolar xalqımızın bir hissəsində mənfi qarşılanırdı. Onlar Xocalı qətliamının acılarını içlərindən keçirmiş şəxslər idilər və hesab edirdilər ki, bir qərinə ərzində Azərbaycan xalqına məşəqqət yaşatmış şəxslər bu cür ləyaqətli rəftara layiq deyillər.
Ancaq dünyanın gözü, videokameralarının obyektivi Azərbaycandaydı, ermənilərin və onların havadarlarının əlinə dəstəvuz və etnik təmizləməyə, zorakı deportasiyaya dair dəlil-sübut vermək olmazdı.
Əksinə, həmin günlərdə ermənilərə “getməyin, qalın, təhlükəsizliyiniz təmin olunacaq” vədi verilirdi, onlar isə videokamera qarşısında nəyə görə Qarabağı tərk etdiklərinə dair müsahibələr verirdilər.
Hazırda nə ermənilərdə, nə də onların pasibanlarında 2023-cü ilin sentyabrında Qarabağda yaşayan ermənilərə qarşı hər hansı vir zorakılığı, zorla köçürməni əks etdirən video, şəkil, sənəd yoxdur. Zorakılıqlara dair videolar olsaydı, indi başımızı yarardılar.
Ancaq müvafiq iddialar var. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən “Yerevan dialoqu–2025” adlı beynəlxalq forumda ətəyinə yığdığı daşları Azərbaycana tərəf atıb, “etnik təmizləmə”dən danışıb və deyib: “Etnik təmizləmələr bizdən o qədər də uzaqda deyil, onların şahidiyik. Biz bu faciələrlə sərhədlərimizdə rastlaşmışıq. Ukrayna və Qəzza əzabları tək hal deyil”.
Bu, boğazdanyuxarı açıqlamadır və sənəd bazasına malik deyil. Mirzoyanın Qarabağ ermənilərinin durumunu Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazisinin sakinlərinin və Qəzza əhalisinin vəziyyəti ilə müqayisə etməsi absurddur.
Gerçək budur ki, Ukraynada və Qəzzada mülki əhalinin qanı su yerinə axır, on minlərlə dinc insan ölüb. Ermənilər isə sağ-salamatdır və Qarabağdan köçmələri öz seçimləri olub, zorla köçürülməyiblər.
Düzdür, onlar hazırda Qarabağdan kənarda yaşamaq məcburiyyətindədirlər, amma geri dönmək niyyətlərini də gizlətmirlər. Bundan ötrü onlar Azərbaycanın qanunlarına tam tabe olmalı, vətəndaşlıq statusu almalıdırlar.
Ermənilər isə açıq-aşkar bu fikirdə deyillər. Onlar hətta “respublika” adlandırdıqları qanunsuz idarəetmə qurumlarını bərpa etmək təşəbbüsü göstərirlər. Bu isə əslində onların Qarabağa yollarını bağlayır. Əslində ermənilər geriyə qayıtmaq istəyirlərsə, “artsax” adı çəkməməlidirlər. Çünki heç bir dövlət başqa bir ölkədə yaradılmış “dövlət”i yenidən öz daxilinə alıb, özünə yeni başağrısı yaratmaz.
Əsl etnik təmizləmə isə 1988-ci ildə Ermənistanda həyata keçirilən siyasət və onun nəticəsində Qarabağ ermənilərinin 2-3 qatı qədər azərbaycanlının Göyçə, Vedi, Zəngəzur, İrəvan mahallarından Azərbaycana deportasiya edilməsiydi.
Ermənilər “etnik təmizləmə” iddiasını körüklədikcə qarşısında bu cür əks-iddialar görəcək. Bu, onların dilini gödək eləyən iki böyük cinayətlərindən biridir. Ermənilərin ikinci böyük cinayəti isə Xocalı genosididir. Onlar 1000 il sonra da bunun altından çıxa bilməyəcəklər.
Ona görə də Ararat və digər erməni siyasətçilər ətəklərindəki daşları yerə töksələr, yaxşıdır.
Araz Altaylı, Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ