İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik və Vardanyan “merala” - Xankəndidən Bakıya yeni danışıqlar formatı təklifi...

Qondarma rejim Azərbaycan hakimiyyəti ilə danışıqlara hazırdır, lakin beynəlxalq vasitəçiləri, Minsk Qrupunu prosesə cəlb etməkdən dəm vururlar; Prezident Əliyev isə üçüncü tərəf olmadan təmaslar qurulmasında israrlıdır

“Artsax” hakimiyyəti Azərbaycan hakimiyyəti ilə danışıqlara hazırdır, lakin mövzuların və beynəlxalq formatın əvvəlcədən müəyyənləşdirilməsi vacibdir". Erməni mediası xəbər verir ki, bu barədə qondarma qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan bildirib. Beqlaryan deyib ki, Bakı ilə danışıqlarda  nümayəndəsini yalnız bizim hakimiyyət orqanları təyin etməlidir.

“Biz bir-birimizlə ünsiyyət qururuq, ancaq qarşılıqlı humanitar ehtiyaclar əsasında”, - Artak Beqlaryan yazıb. Qarabağda qalan ermənilərin gələcəyini müəyyən edən yeganə tərəfin Azərbaycan olacağını Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən bir daha diqqətə çatdırıb. Amma kukla rejimin nümayəndələri xorla danışır, eyni fikirləri təkrarlayırlar.

Dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyinin bu məsələyə hansısa aidiyyəti yoxdur və onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur”.

Azərbaycan rəhbərinin bu açıqlaması artıq Qarabağda separatçı rejimin, o cümlədən də yeni təyin olunmuş “dövlət naziri” Ruben Vardanyanın kürkünə birə salıb. Özünü danışıqlarda Qarabağın elçisi kimi gördüyünü deyən Vardanyan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə dair mövqeyini açıqlayıb: “Mən bir neçə dəfə qeyd etmişəm ki, Qarabağda ermənilərin maraqlarından başqa kiminsə maraqlarını təmsil etməyimlə bağlı ittihamlardan qaçmaq üçün Rusiya vətəndaşlığından imtina etmişəm. Düşünürəm ki, cənab Əliyevin danışıqlarda elçi - "Qarabağda yaşayır və orada yaşamaq istəyir" kriteriyasına tam uyğun gəlirəm”.

Vardanyan sərsəmləyərək danışıqlarda Qarabağın bu prosesdə subyekt olmalı olduğunu, Fransanın da Rusiya və ABŞ-la birlikdə beynəlxalq vasitəçilər sırasında olmasını vacib saydığını qeyd edib. Amma elə Ermənistanda etiraf edirlər ki, Vardanyan çox yanılır. Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, Bakı münaqişənin həll olunduğunu hesab edir: “İlham Əliyev üçün Qarabağ münaqişəsi yoxdur, Qarabağ xalqı yoxdur. O deyir ki, erməni millətindən olan Azərbaycan vətəndaşları var. Vardanyan isə təbii ki, bunu yaxşı bilir. Onu da bilir ki, Əliyev artıq müvafiq sərəncam imzalayıb, ona əsasən "Qarabağ iqtisadi zonası" yaradılıb. Tərkibinə Xankəndi də  daxildir. Nəhayət, Vardanyan da Rusiyanın sülhməramlıları ilə bağlı Azərbaycanın mövqeyini bilir. Bakı onların bölgədə qalma müddətinin uzadılmayacağında israr edir. Və məhz 2025-ci ildə, yəni Rusiya sülhməramlıları gedən zaman Azərbaycan hökuməti Ağdamdan Xankəndinə qaz kəməri çəkməyi və onun üzərində qaz nəzarət məntəqələri qurmağı planlaşdırır. Çətin ki, kiminsə, hətta daha çox Ruben Vardanyanın Azərbaycanın bu planlarının mənasını başa düşməyə ehtiyacı olsun. Azərbaycan Xankəndini öz nəzarətinə qaytara biləcəyinə əmindir. Amma Vardanyan özünü elə göstərir ki, guya hər şey nəzarətdədir. Razılaşın ki, öz siyasi yolunuzu belə açıq-aşkar manipulyasiya ilə başlamaq tamamilə yanlışdır".

Xankəndidəki separatçı rejim artıq anlayır ki, Bakı barəsində cinayət işi qaldırmış Araik Arutyunyan və Ruben Vardanyanla danışıqlar masasına oturmaq niyyətində deyil. Necə deyərlər, o variantlar “merala” (ermənicə öldü deməkdir). Bu səbəbdən  Beqlaryan danışıqlara hazır olduqlarını deməklə yanaşı, yeni format da təklif edirlər. “Bakı ilə danışıqlarda  nümayəndəni yalnız bizim hakimiyyət orqanları təyin etməlidir” deyir. Bu həm də o anlama gəlir ki, Qarabağ erməniləri ilə danışıqlar hansısa “liderin” rəhbərliyi ilə deyil, nümayəndə heyətləri  arasında ola bilər. Amma bu təklifdə də ermənilərin yenə pozucuq etmək niyyətləri görünür. Çünki hansısa “beynəlxalq formatın əvvəlcədən müəyyənləşdirilməsi” təklifi də ortaya atılır. Aydındır ki, bu beynəlxalq formatın tərəflərindən biri kimi ermənilər ATƏT-in Minsk Qrupunu görürlər. Bəs Prezident Əliyevin Vardanyanla bağlı açıqlamasından sonra onun Qarabağdakı taleyi necə olacaq?

Sərkisyanın sayıqlaması: ermənilər hücuma hazırlaşır - Qabil Hüseynli canlı  yayında...

 Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, beynəlxalq vasitəçilərin nə olduğunu öz təcrübəmizdə dadmışıq: “Hazırda status-kvonun elə vəziyyətidir ki, hər hansı vasitəçiyə ehtiyac yoxdur. Üstəlik, Qarabağa müxtəlif yerlərdən sırınmış şəxslərlə danışmaq fikrində deyilik. Vardanyanın rus vassalı olduğunu Prezident Əliyev aydın şəkildə ifadə etdi. Araik isə axtarışa verilmiş, əli Gəncə, Bərdə qətliamlarına batmış cinayətkardır. Ona görə bu şəxslərlə danışmaq mümkün deyil. Azərbaycanın son danışıqlar prosesində təmas qurduğu bir sıra Qarabağ ermənilərinin nümayəndələri var, onlar qondarma rejimdə təmsil olunmasa da, ictimaiyyət üzvləridirlər, azsaylı ermənilərin fikirlərini ifadə edə bilən şəxslərdir”. Politoloqun sözlərinə görə, Azərbaycan onlarla qeyri-rəsmi danışıqlar aparır, müəyyən mərhələdə bu təmaslar rəsmi səviyyəyə qalxa bilər: “Ona görə Azərbaycan elə səviyyəli danışıqlar aparmaq fikrindədir ki, müxtəlif impertrasiyalara yol verilməsin, xalqlararası dialoq ab-havası yaratsın, yuxarı Qarabağdakı ermənilərin inteqrasiyası, vətəndaşlıq hüquqları ən yüksək standartlar səviyyəsində həyata keçirilsin. Məncə, bu danışıqların təməli qoyulub və yaxın vaxtlarda rəsmi məzmunu bəlli olacaq. Beləliklə, Azərbaycan öz suveren ərazisində yaşayan ermənilərlə əlaqələri qurmağa nail olacaq, separatçılara gəlincə, ya bölgədən getməlidirlər, ya da könüllü surətdə Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olmalıdırlar. Bu, yeni tarixdir və prosesi uğurla aparmaq niyyətindəyik”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Vardanyan hiyləgər gediş etmək istəyir: “İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər. Yəni özü görüşlərə qatıla bilməsə də, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək heyətə nəzarət etməyə çalışacaq. Həmin ermənilər müstəqil olmayacaq, Araik Arutyunyan və Ruben Vardanyanın təlimatlarını yerinə yetirəcəklər. Demək, belələri ilə də görüş istisnadır. Bütün hallarda Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir. İlham Əliyev Qarabağ erməniləri ilə dialoqun başlandığını deyib. Bu, mürəkkəb proses olacaq. Çünki Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilərə silahlı separatçılar, Ruben Vardanyan və Qarabağdakı rusiyalı hərbçilər mane olmağa çalışacaqlar. Qarabağın tamamının Azərbaycan qanunlarına tabe olmaması məsələsində bu qüvvələrin marağı eynidir. Bunun həll yolu Rusiya hərbçilərinin bölgədən çıxarılmasından və separatçıların tərk-silah edilməsindən keçir”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Qarabağda erməni silahlı dəstələrinin qalıqları son günlər aktivləşib: “Ağdam və Xocalıda səngər qazmağa cəhd etdilər, buna paralel olaraq, müxtəlif ərazilərdə Azərbaycan Ordusunu atəşə tuturlar. Təxribatların intensivləşməsində məqsəd aydındır: Bakının Qarabağda yaşayan ermənilərlə təmas qurmaq perspektivini arxa plana keçirir, qarşıdurmalarla həm erməni əhalisinin düşüncəsindən Azərbaycan cəmiyyətinə inteqrasiya etmək fikrini çıxarır, həm də dünyaya "dövlətcik" performansı sərgiləyirlər. Və şübhəsiz ki, tətiyi çəkən separatçılar olsa da, silah Rusiyanındır. Hərçənd Fərrux və “Qisas” əməliyyatından öncə də eyni şeyi edirdilər, nəticəsi bəllidir. Bu təxribatların da bir cavabı olacaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR