İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar istehsalçılara daha 2 illik güzəşt - kimlər bəhrələnəcək?

Azərbaycanda dincə qoyulmuş torpağa görə də subsidiya veriləcək

Azərbaycanda aqrar istehsalçılara dövlət tərəfindən daha bir güzəştin müddəti uzadılıb. Belə ki, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda Prezident İlham Əliyevin imzaladığı Fərmanla edilən dəyişikliyə əsasən fermerlərin bitkiçilik sahəsi üzrə subsidiya almaq üçün torpaqdan istifadə hüququnu təsdiq edən sənəd kimi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə (SİS) daxil etmələrinə dair tələbin tətbiq müddəti uzadılıb.

İndiyədək bu müddət olaraq 2025-ci il yanvarın 1-i müəyyən edilmişdi. Qaydaya olunan dəyişikliyə əsasən müddət 2027-ci ilin 1 yanvarına qədər uzadılıb.

Qeyd edək ki, müddətin uzadılması minlərlə fermerin dövlət subsidiyalarından bəhrələnməyə davam etməsini təmin edəcək. Çünki regionlarda torpaq üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması prosesi obyektiv və subyektiv səbəblərdən ləng gedir. Burada obyektiv səbəblərdən biri torpaq islahatı nəticəsində əldə edilən pay torpaqlarının rəsmiləşmədən satılıb-alınmasıdır: bir neçə dəfə əl dəyişən torpaqların əsas mülkiyyətçisini tapıb, rəsmiləşdirmə aparmaq uzun müddət tələb edir. Bu, həm son mülkiyyətçinin torpağı öz adına rəsmiləşdirməsini çətinləşdirir, həm də icarəyə verilən torpaqla bağlı rəsmi icarə müqaviləsinin bağlanmasını. Kənd təsərrüfatı torpaqlarının mülkiyyət hüququnun qeydiyyatını çətinləşdirən subyektiv səbəb dövlət qurumlarında torpaqlara dair sənədlərin dağınıqlığı, vaxtında vahid koordinasıyanın təmin olunmamasıdır.

Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına əkin və məhsul subsidiyası verilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən 2025-ci ildən aqrar subsidiya sahəsində bir sıra yeniliklər edilib. Belə ki, ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin, habelə 2024-cü ilin noyabrında Bakı şəhərində keçirilən BMT-nin İqlim dəyişiklikləri üzrə 29-cu Tərəflər konfransının (COP29) çağırışları nəzərə alınaraq iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli istifadənin və ətraf mühitin qorunmasının dəstəklənməsi məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan 1 hektara minimum 1500 tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat məbləğində əkin subsidiyası veriləcək.

Azad olunan bölgələrdə müasir suvarma sistemi ilə təmin olunmuş dənli bitkilərin, o cümlədən buğdanın hər hektarına 400 manat, təmin olunmayanlara 140 manat, digər ərazilərdə isə müavfiq olaraq 290 və 230 manat əkin subsidiyası, əldə edilən hər ton buğdaya görə 100 manat, qarğıdalı və günəbaxana görə isə 50 manat məhsul subsidiyası veriləcək.

Təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil ediləcək. Bundan əlavə, 2024-2025-ci il təsərrüfat ilində dəstəklənən bitkilər siyahısına nar, zeytun, fındıq, şabalıd, portağal, limon, kinkan, narıngi, şaftalı (nektarin), ərik, kivi, üzüm, çay, moruq bitkiləri ilə yanaşı, yeni bitkilər (qoz, alma, armud, gilas, püstə, xurma (xirnik), badam, qarağat, böyürtkən, qaragilə (mavigilə) də əlavə edilib.

Pambıq, şəkər çuğunduru, soya və tütün bitkiləri üzrə 2025-ci ildə yalnız məhsul subsidiyası veriləcək. Belə ki, bu ildə soya üzrə əkin subsidiyası da ləğv edilərək məhsul subsidiyasına keçilir, qarğıdalı və günəbaxan üzrə isə həm əkin, həm də məhsul subsidiyası veriləcək. 2025-ci ildən pambıq, şəkər çuğunduru, tütün və soya üzrə məhsul subsidiyaları müasir suvarma sistemlərinin tətbiqi baxımından fərqləndirilib.

2025-ci il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadəsində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib. 2025-ci ildən alma, armud, gilas, nar, fındıq, üzüm, çay, badam, püstə, şaftalı, nektarin, ərik, xurma (xirnik), zeytun tingləri ilə yanaşı, limon, kinkan, naringi, portağal, qoz və şabalıd tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcək.

Ötən ilin dekabrında “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişikliyə əsasən Azərbaycanda dincə qoyulmuş torpağa görə də subsidiya veriləcək. Dincə qoyulmuş torpaq subsidiyası əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Şuranın müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya olacaq.

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən, 2024-cü il ərzində aqrar sektor üzrə subsidiyaların ödənilməsi üçün 362,5 milyon manat vəsait sərf olunub. Bu, 2023-cü ilin müvafiq göstəricisini 2,9 faiz və ya 10,1 milyon manat üstələyir. Hesabat ilində əkin subsidiyası üzrə 268,8 milyon manat, pambıq satışına görə 57,7 milyon manat, ərzaqlıq buğda satışına görə 11 milyon manat, süni mayalanma yolu ilə alınmış hər buzova görə 10,3 milyon manat, sertifikatlı toxum və tinglərin satışına görə 5,6 milyon manat, təkrar əkinlərə görə 5,1 milyon manat, tütün satışına görə 1,46 milyon manat, barama satışına görə 1,37 milyon manat, şəkər çuğunduru satışına görə isə 918,4 min manat vəsait ödənilib.

 Yazını hazırladı: Dünya SAKİT

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR